Modern.az

Papaq atmaq - Novruz adəti niyə lağa qoyulur? - Papağı qeyrət, namus simvolu sayanların ETİRAZI

Papaq atmaq - Novruz adəti niyə lağa qoyulur? - Papağı qeyrət, namus simvolu sayanların ETİRAZI

18 Mart 2019, 08:38

Bu günlərdə - Novruz bayramı ərəfəsində orta və yaşlı nəslin nümayəndələrindən keçmişdə folklorumuzda yer alan maraqlı adətləri, inancları öyrənirik. Xüsusilə, uşaqlığı Azərbaycanın hansısa rayonunda, kəndində keçən, sonralar Bakıda məskunlaşan insanlar tez-tez deyirlər: biz papaq atmağı şəhərdə görmüşük. Onların dediklərinə görə, son zamanlar geniş yayılan papaqatdı adəti 20-30 il əvvələ qədər mövcud olmayıb. Bunun əvəzində rayon və kəndlərimizdə Novruz bayramı üçün xüsusi tikilən torbaları qonşuların pəncərəsindən, qapısından, bacasından uzadıb, bayram payı istəyiblər. Buna görədir ki, papağı qeyrət, namus simvolu kimi qəbul edən insanlar Novruzda qonşunun evinə papaq atmağı yaxşı qarşılamırlar.

Son günlər sosial şəbəkələrdə bu adət-ənənəni lağa qoyanların, ələ salanların sayı artmaqdadır. Papaqatdı adəti ilə bağlı müzakirələrin qızışdığını nəzərə alan Modern.az-ın əməkdaşı aşağıdakı suala cavab axtarıb:

Novruzda papaq atılmalıdırmı?

Bu barədə Modern.az-a danışan AMEA Folklor institutunun Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoyun fikrincə, papaqatdı yanlış addım deyil:

“Düzdür, həqiqətən də əvvəllər Novruz bayramında xüsusi torbalar tikilər, uşaqlar, cavanlar qonum-qonşunun evinə torba sallayardılar. Amma tək torba deyil, qurşaq da keçmişdə bayram payı yığmaq üçün vasitə olub. O zamanlar gənclər belinə qurşaq bağlayıblar. Ona görə, Novruzda həmin qurşağı uzun bir ağacın ucuna torba şəklində bağlayıb, pəncərələrdən, qapılardan evlərə uzadıblar.

Kənd və rayonlarda yayılan bu adətlər şəhərlərdə fərqli formada təzahür edib. Şəhərdə evlər əsasən çoxmərtəbəli binalar olduğuna görə, evlərə ağaca bağlanmış qurşaq sallamaq çətin olub. Evlərin bacalarından torba atmaq adətləri mümkün olmayıb. Ona görə, cavanlar papaqatdı formasında bu adətləri yerinə yetiriblər. Amma düşünürəm ki, necə formada olur-olsun, keçmişdən qalan adətlərimizin yaşadılması təqdirəlayiq haldır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı