Sakit Ocaqlı,
Telejurnalist, qarabağ müharibəsi veteranı
Bu gün dövlət başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, mediada da peşəkarlara yüksək dəyər verir. Və sözsüz ki, peşəkarların iş başında olması o sahənin daha da inkişafı, tərəqqisi deməkdir.
Bu günlərdə həmkarım, tanınmış jurnalist Telli Pənahqızı dövlət başçısnın sərəncamı ilə Milli Televiziya və Radio Şurasına üzv seçilib. Bu çox məsuliyyətli və mühüm bir vəzifədir. Atalar yaxşı deyib, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”.
Gərək hər kəs öz peşəsinin ustası olsun. Mən 33 il əvvəl AztTV-yə “Günün ekranı” Xəbərlər redaksiyasına gələndə Telli Pənahqızı bu redaksiyada Mədəniyyət şöbəsinin müdiri idi. O illərdə “Xəbərlər” redaksiyasında xanım jurnalistlər çox az idi. Mən də Telli xanımın şöbəsinə redaktor təyin olunmuşdum.
Düzünü deyim ki, vaxtilə ad-san qazanmış, televizya sahəsində təcrübəsi olan insanlarla bir cərgədə olmaq nə qədər qürurverici idisə, məsuliyyəti də bir o qədər agır idi. O dövrdə, yəni 1987-ci ildə ölkədə yalnız bir televiziya fəaliyyət göstərirdi və ölkə əhalisi yalnız bu televiziyanın tamaşaçısı idi. Bir sözlə, ölkənin sanki bütün baxışları bu televizyaya yönəlmişdi. Və məhz elə o dövrdə dövlət televiziyasının müxbiri olmaq çox şərəfli və məsuliyyətli bir vəzifə idi.
Mən hələ tələbə olanda Telli xanımın imzasına qəzet səhifələrinə də tez-tez rast gəlirdim. Əlbəttə, Alı Mustafayev, Telli Pənahqızı kimi jurnalistlərlə bir cərgədə olmaq şərəfli idi, öyrənəcəyimiz çox şeylər var idi. Yadımdadır, Telli xanımın mənə ilk yaradıcılıq tapşırığı geyim rəssamı Bədurə Əfqanlı haqqında reportaj hazırlamaq oldu. İlk müsahibim də xalq rəssamı Mürsəl Nəcəfov idi. Bu fikirlərimi və düşüncələrimi niyə bölüşürəm sizinlə? Cavabı çox sadədir: Telli xanım televiziyanın anatomiyasına bələd olan bir jurnalistdir.
Telli xanım həmişə tamaşaçını düşündürən, narahat edən məsələlər, problemlərlə bağlı reportajlara daha çox üstünlük verirdi. O illərdə bu cür reportajlar hazırlamaq çətin idi, çünki rəsmilərdən cavab almaq müşkülə çevrilirdi və çoxlu sayda maneələr yaradılırdı. O dövrkü “fırtınaları” ötən ilin 90-cı illərinin əvvəllərində hələm-hələm jurnalist qələmə ala bilməzdi. Telli xanımda bu cür cəsarət olduğu üçün çoxlarından fərqli düşüncədə idi. Dəyər verdiyi insanlarla da əsl dost olmagı bacarırdı. Hazırladığı reportaj və süjetlərdə əxlaqi dəyərləri ,milli-mənəvi saflığı hər şeydən uca tuturdu. Elə 20 yanvar faciəsində, Qarabağ uğurunda geən döyüşlərdə mərdliklə vuruşan əsgərlərimizə, xalqımıza mənəvi dayaq duranlardan biri də Telli Pənahqızı idi.
Amma Azərbaycanın bu tanınmış jurnalisti üçün həyat heç də hamar olmayıb. Televiziyada çalışdığı illər ərzində manelərlə, qadağalarla, haqsızlıqlarla çox rastlaşıb. Qələmini, sözünü qısqananlar az olmayıb. Amma həmişə də səbri, dəyanəti və təmkini ilə haqsızlıqlara sinə gərib.
Uzun illərin təcrübəsi, neçə-neçə illər ərzində hazırladığı veriliş və layihələrin zənginliyi mənə əsas verir deyəm ki, Telli Pənahqızı ona göstərilən bu etimadı dogruldacaq. Milli Televiziya və Radio Şurasının üzvü kimi televizyalarımızda yaranan bir sıra nöqsanların, problemlərin həllində öz dəstəyini əsirgəməyəcək. Bir sözlə, cəmiyyətimizdə Telli Pənahqızı kimi peşəkarlara həmişə ehtiyac olub və bu gün də ehtiyac var.