Modern.az

“Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ

“Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ

20 Aprel 2019, 13:59

Aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci mərhələsi baş tutacaq. Seçkilərdə Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko və daha çox şoumen kimi tanınan Vladimir Zelenski üz-üzə gələcəklər. Ukrayna əhalisi arasında aparılan sorğuların nəticələrinə görə isə V. Zelenskinin mövqeyi daha möhkəm görünür.

 

Bəs maraqlıdır, namizədlərdən hansının prezident olması Ukrayna-Azərbaycan münasibətlərinə müsbət təsir edə bilər?

 

Bu barədə Modern.az-a danışan deputat Asim Mollazadə düşünür ki, Azərbaycan Ukrayna əməkdaşlığı təbii davam edən məsələdir:

“Bunun hər iki xalq, hər iki ölkə üçün əhəmiyyəti böyükdür. Ukraynanın sabah seçiləcək rəhbərinin kim olmasından asılı olmayaraq, ölkələrimizin əməkdaşlığı dostluğu davam edəcək. Rəy sorğuları Ukrayna xalqının istəyi hələlik V.Zelenskidən yanadır. Yenə də izləyək, vəziyyət dəyişə bilər”.

 

Deputat Rasim Musabəyov P.Poroşenkonun Azərbaycan üçün məlum siyasi rəhbər olduğunu xatırladıb:

“Onun dövründə münasibətlərimizin yüksək səviyyədə yaxşılaşdığını, istiləşdiyini deyə bilmərəm. Hər halda əvvəlki partnyorluq münasibətlərimiz qorunub saxlanırdı. İndi isə müəyyən olunmuş xətlə davam etdirilir. Azərbaycan Ukrayna bir çox beynəlxalq meydanlarda yaxın, üst-üstə düşən mövqedən çıxış edirdilər.

V.Zelenski isə məlum deyil, nə edəcək. Bu baxımdan suala cavab vermək çətindir. Zəif Ukrayna rəhbərliyi təbii ki, bizə əlverişli deyil. Vacibdir ki, Ukrayna rəhbərliyi möhkəm, vahid olsun. Mən deyə bilmərəm, V. Zelenski seçilərsə, pis olacaq, yoxsa yaxşı. Çünki onun siyasi bioqrafiyası yoxdur”.

 

Politoloq Qabil Hüseynli də məsələyə münasibət bildirib. Q. Hüsenlinin fikrincə, Ukraynada keçirilən sosioloji sorğular bütün ölkə əhalisini, xüsusilə regionlarda yaşayan insanları əhatə etmir:

“V.Zelenski siyasi təcrübəsi olmayan şoumendir. Qərb onu müdafiə etmir. P.Poroşenko isə daha təcrübəli siyasətçidir, vətənini də sevir və Rusiyaya qarşı barışmaz mövqe tutur. Korrupsiya və rüşvəti aradan qaldıra bilmədiyinə görə Qərbin ona iradları olsa da, yenə də dəstəkləyir. Ona görə, Poroşenkonun seçilməsi Ukrayna üçün daha əhəmiyyətlidir.

P.Poroşenko həm Azərbacanla, həm də Türkiyə ilə münasibətləri yüksəltməkdə maraqlıdır. Onun Azərbaycana qarşı yaxşı münasibəti var. Güman edirəm ki, Azərbaycan siyasi rəhbərliyinin də P.Poroşenko ilə yaxın dostluq əlaqələri var. Ona görə, indiki prezidentin yenidən seçilməsi həm Ukrayna üçün, həm də Azərbaycan üçün əhəmiyyətli olar.

Bir müddət öncə V.Zelenskinin həyat yoldaşının müsahibəsini oxumuşdum o deyirdi ki, Zelenski çox huşsuz adamdır. Hətta indiyə qədər ona evin açarlarını belə əmanət etməyiblər ki, onu mütləq itirəcək. Bu cür şəxsin Ukraynanı ixtiyarına götürə biləcəyinə inanmıram”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?