Modern.az

"Aysu" sularının satışına qadağa qoyuldu

"Aysu" sularının satışına qadağa qoyuldu

14 Sentyabr 2009, 16:54

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ticarət şəbəkəsində növbəti monitorinqlər keçirib. Modern.az xəbər verir ki, monitorinq zamanı Bakının Binəqədi rayonunda  yerləşən “Yeganə market”də, Rəhimə Qasımovaya məxsus supermarketdə, Xaçmaz şəhərində Əlfəddin Səbzəliyevə məxsus pərakəndə ticarət mağazasında, Sumqayıt şəhərində Natəvan Məmmədovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 140 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı həmçinin, Gəncə şəhərində “Aksessuar inşaat” və “Aqil inşaat” inşaat materialları mağazalarında 19,9 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı “Aysu Qida Sənaye LTD” MMC tərəfindən istehsal edilən limonadların və qazlı suların etiketlərində onların eyni normativ sənədə əsasən istehsal olunduğunun göstərildiyi müəyyən edilib.
Bununla əlaqədar, istehlakçıların çaşdırılmasının və digər haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə Abşeron rayonunda “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilərin istehsalını həyata keçirən “Aysu Qida Sənaye LTD” MMC-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən araşdırma aparılıb.
Araşdırmanın ilkin nəticələrinə əsasən, müəssisənin su və alkoqolsuz sərinləşdirici içkilərin istehsalı üçün uyğunluq sertifikatlarının qüvvədə olma müddətinin bitdiyi, məhsul istehsalı üçün xammal kimi istifadə olunan suyun mənşəyinin bəlli olmadığı, xammalın və hazır məhsulun laborator müayinələrinin aparılmadığı, hazır məhsulların qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatı olmayan qəlib və qapaqlardan istifadə edildiyi, markalanma zamanı normativ texniki sənədlərin tələblərinin pozulduğu, “Qarağat”, “Şaftalı”, “Portağal”, “Albalı” və qarışıq meyvəli sərinləşdirici içkilərin saxlama müddətinin texniki şərtlərdə 180 gün olmasına baxmayaraq, hazır məhsulun üzərində 1 il göstərildiyi və məhsulun istehlak xassələri barədə digər düzgün olmayan məlumatların verilməsi kimi pozuntular aşkarlanıb.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar “Aysu Qida Sənaye LTD” MMC-yə bu məhsulların istehsalının və satışının dayandırılması barədə Antiinhisar Dövlət Xidməti tərəfindən göstəriş verilib.
Hazırda bu malların ticarət şəbəkəsində satışdan çıxarılması ilə bağlı əlavə tədbirlər görülür.
Araşdırma zamanı həmçinin, müəssisəyə məxsus su çənindən, istehsal sexində qablaşdırmaya hazır sudan və müəssisənin anbarında olan hazır məhsullardan nümunə götürülərək, müayinə üçün laboratoriyaya təqdim edilib.
Bu istiqamətdə araşdırmalar davam etdirilir.
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir