Modern.az

Bakıdakı məktəblərə işə yeni götürülən müəllimlər məlum oldu

Bakıdakı məktəblərə işə yeni götürülən müəllimlər məlum oldu

15 Sentyabr 2009, 11:51

Təhsil Nazirliyi Bakının orta məktəblərdəki vakant müəllim yerlərini tutmaq üçün sənəd vermiş pedaqoji kadrların bir hissəsinin müsabiqəsini başa çatdırıb.

Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən Modern.az-a verilən məlumata görə, işəgötürülmə ilə bağlı müsabiqənin sentyabrın 10-11-də keçirilən II mərhələsində müvəffəqiyyət qazanaraq orta məktəblərə təyinat alan bir qrup müəllimin adı artıq məlumdur. Həmin müəllimlər bu gün işləyəcəkləri məktəblərə göndəriliblər. Nazirlikdən saytımıza bildirilib ki, müsabiqədən müvəffəqiyyətlə keçən pedaqoqlar orta məktəblərdəki informatika, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət və rəsmxət ixtisasları üzrə vakant yerləri tutan müəllimlərdir.

Beləliklə, bu il Bakıdakı orta məktəblərə informatika ixtisası üzrə 56, coğrafiya ixtisası üzrə 15, fiziki tərbiyə ixtisası üzrə 45, gənclərin çağırışaqədərki hazırlığı ixtisası üzrə 11, əmək hazırlığı ixtisası üzrə 4, musiqi və nəğmə ixtisası üzrə 8, təsviri incəsənət və rəsmxət ixtisası üzrə isə 4 yeni müəllim işə götürülüb.

Nazirlikdən verilən məlumata görə, sentyabrın 16-da müsabiqənin II mərhələsinə buraxılmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, tarix,

sentyabrın 18-də ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya ixtisasları üzrə vakant yerləri tutmaq istəyən müəllimlər sınağa çəkiləcəklər.

Xatırladaq ki, müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçirilir. Daha sonra I və II mərhələnin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi həyata keçirilir. Sonda isə keçid balı toplamış müəllimin ərizədə göstərdiyi konket məktəbdə iş yerinə qəbulu barədə müvafiq qərar qəbul ediləcək. Bir yerə bir neçə namizəd müsabiqədən keçdiyi halda, daha yüksək nəticə göstərmiş müəllim vakant yerə təyin olunur, digərlərinin adı isə ehtiyat kadrlar siyahısına daxil ediləcək. Adı ehtiyat kadrlar siyahısına daxil edilmiş kadrlara ixtisaslarına uyğun tutulmamış vakant yerlər təklif ediləcək. Təhsil Nazirliyinin məktubuna əsasən məktəb direktorunun əmri ilə müəllimlə əmək müqaviləsi bağlanılacaq.

Gələn ildən ölkənin digər bölgələrinin məktəblərində də müəllimlərin işə qəbulu yeni qayda ilə, elektron ərizə forması tətbiq edilməklə aparılacaq.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən verilən məlumata görə, 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslardan olan 357 müəllim yeri müsabiqəyə çıxarılıb. Onlardan 29-u ibtidai sinif, 18-i Azərbaycan dili və ədəbiyyatı, 22-si riyaziyyat, 76-sı informatika, 10-u fizika, 10-u kimya, 11-i biologiya, 20-si tarix, 16-sı coğrafiya, 2-si rus dili və ədəbiyyatı, 33-ü ingilis dili, 1-i fransız dili, 65-i fiziki tərbiyə, 20-si hərbi hazırlıq, 19-u əmək, 8-i təsviri incəsənət və rəsmxət müəllimi yerləridir.

 

“Modern.az”

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir