Modern.az

Azərbaycandan kənarda yaşayan bəzi soydaşlarımız hələ də sovet pasportu daşıyırlar

Azərbaycandan kənarda yaşayan bəzi soydaşlarımız hələ də sovet pasportu daşıyırlar

24 Sentyabr 2009, 15:31

Azərbaycan vətəndaşları arasında elə şəxslər var ki, hələ də keçmiş SSRİ-nin qırmızı pasportunu daşıyırlar. Onlar sovet pasportlarını şəxsiyyət vəsiqəsilə əvəz etməyə niyə bu qədər gecikiblər?

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmisi Sima Səfərova Modern.az-a bildirib ki, 16 yaşına çatmış vətəndaşlar qırmızı pasportlarını şəxsiyyət vəsiqələrilə çoxdan dəyişib. S.Səfərova sovet pasportları daşıyan şəxslərin müxtəlif səbəblərə görə şəxsiyyət vəsiqləri almadıqlarını söyləyib: «Artıq Azərbaycanda sovet pasportları öz etibarlılığını itirib. Bununla bağlı məsələ hələ 2005-ci ildə Milli Məclisdə də müzakirə edilmişdi. Qanunla həmin pasportlar artıq heç bir qüvvəyə malik deyil. Bununla yanaşı, az sayda olsa belə sovet pasportları daşıyan vətəndaşlar var. Həmin şəxslər ölkə sərhədlərindən kənarda yaşayan soydaşlarımızdı. Uzun müddətdən bəri Rusiyada yaşayan soydaşlarımız şəxsiyyət vəsiqləri almayıb». S.Səfərova son prezident seçkisi ərəfəsində Azərbaycanda 16 yaşına çatmış bütün vətəndaşların şəxsiyyət vəsiqəsi aldığını qeyd edib. 

Qeyd edək ki, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli qanunu ilə təsdiq edilib. Azərbaycanda şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində islahatlara isə 2001-ci ilin sentyabrından start verilib.  Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmisi Sima Səfərova deyib ki, şəxsiyyət vəsiqəsinin gec alınmasına görə heç bir cərimə nəzərdə tutulmayıb: «Vətəndaş sovet pasportunu müxtəlif səbəblər üzündən şəxsiyyət vəsiqəsilə dəyişdirməyibsə, buna görə cərimə nəzərdə tutulmasa da, belə hallar qanunsuzluqdur. Yalnız şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə, onun dəyişdirilməsinə görə 3 manat rüsum ödənməlidir. Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə 15 manatdan 25 manatadək miqdarda cərimə ödənməlidir». Daxili İşlər Nazirliyinin məlumatına görə, 2008-ci ildə 776 min nəfərə şəxsiyyət vəsiqəsi verilib. Ümumilikdə isə 16 yaşı tamam olmuş 6 milyon 500 mindən çox vətəndaş şəxsiyyət vəsiqəsi alıb.  

Aqil LƏTİFOV      

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı