Fransada erməni təşkilatları Koordinasiya Şurası bütün erməni əsilli fransızlara müraciət edərək onları mayın 18-də Senat qarşısında toplaşmağa çağırıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni diasporu Senatdan Osmanlı Türkiyəsində “ermənilərin soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanun layihəsinin qəbul olunmasını tələb edir. Fransada nəşr olunan erməni “Les Nouvelles d’Arménie” qəzetinin yazdığına görə, Fransa Milli Assambleyası 2006-cı ilin oktyabrında belə bir qanunu qəbul etməklə ilk addım atıb. O, vaxtdan bu günə kimi proses Senatda dondurulub. Erməni mətbuatının iddiasına görə, güya parlamentdə təmsil olunan partiyalar sənədin qanunverici orqanın yuxarı palatasında müzakirəsini dəstəkləyir. “Lakin heç kim yerindən tərpənmir. Məsələnin Senatın gündəliyinə salınması üçün heç kimdə cəsarət yoxdur”,-deyə adı çəkilən qəzet narazılıqla bildirir.