Modern.az

Deputat Asim Mollazadənin köməkçisi İlkin Həsənov: “Biz rəsmi maaşla kifayətlənməli oluruq”

Deputat Asim Mollazadənin köməkçisi İlkin Həsənov: “Biz rəsmi maaşla kifayətlənməli oluruq”

25 Sentyabr 2009, 19:24

 “DEPUTAT KÖMƏKÇİSİ” RUBRİKASININ BU DƏFƏKİ QONAĞI MİLLƏT VƏKİLİ ASİM MOLLAZADƏNİN KÖMƏKÇİSİ İLKİN HƏSƏNOVDUR

- İlkin müəllım, sizcə, iqtidaryönlü, müxalifyönlü, yoxsa müstəqil deputatın köməkçisi olmaq asandır?

- Məncə fərq etməz. Əgər deputat üzərinə düşən vəzifələrin yerinə yetirilməsilə məşğuldursa və köməkçisindən də bunu tələb edirsə, deməli, burada işin asanlığından və ya çətinliyindən söhbət getməməlidir. Bizdə deputat köməkçisi institutu hələ yeni yaranır. Bu səbəbdən də müəyyən çətinliklər var. 

- Deputat köməkçisi olaraq Asim Mollazadəyə partiya məsələlərində də yardımçı olursunuzmu və ADİP-in üzvüsünüzmü?

- Demokratik İslahatlar Partiyası 2005-ci ilin mayında təsis olunub. Mən o vaxtdan partiyanın üzvü olmuşam və partiya işlərində Asim müəllimə kömək etmişəm. Bu istiqamətdə fəaliyyətim indi də davam edir. 

- Deputat köməkçisi olaraq dolanışığınızdan razısınızmı?

- Biz rəsmi maaşla dolanırıq. Hər halda maaşı dövlət büdcəsindən asılı olan digər insanlarla müqayisədə deputat köməkçisinin məvacibini qənaətbəxş saymaq olar. Digər tərəfdən, təbii ki, bu maaş bütün ehtiyacları ödəmək üçün yetərli deyil və gündəlik xərcləri ancaq ödəyir.

- Maaşdan əlavə, başqa gəlir mənbəyiniz varmı? Asim Mollazadənin sizə köməyi dəyirmi?

- Kifayət qədər gərgin iş rejimimiz var və bu rejim bizə əlavə işlərlə məşğul olmaq imkanı vermir. Yuxarıda da qeyd etdiyim kimi, biz rəsmi maaşla kifayətlənməli oluruq. Asim Mollazadənin köməyinə gəlincə, burada maddi yox, daha çox mənəvi köməkdən söhbət gedə bilər. Onun iş və həyat təcrübəsi mənim üçün yaxşı nümunədir və gələcək həyatımın planlaşdırılmasına öz təsirini göstərir. 

- Seçicilərin problemlərinin həllində deputat köməkçisi olaraq hansı işləri görürsünüz?

- Bizə demək olar ki, hər gün bir və ya bir neçə seçici ərizəsi daxil olur. Seçicilər ən müxtəlif problemlərinin həllini istəyirlər. Bu ev, iş yeri, kommunal problemlərin həllindən tutmuş təhsil, səhiyyə ilə bağlı problemlərədək gedib çıxır. Təbii ki, onların bütün arzularını yerinə yetirmək bir deputatın imkanları xaricindədir. Amma biz çalışırıq ki, heç bir seçicinin müraciətini diqqətdən kənarda qoymayaq. Biz seçicinin probleminin həlli naminə kommunal xidmət idarələrindən tutmuş təhsil müəssisələrinə qədər hər kəsin qapısını döyürük.  

- Hansı ölkənin deputat köməkçisi institutundan xəbəriniz var?

- Azərbaycanda deputat köməkçisi institutu yarandığı gündən mən xarici ölkələrdəki təcrübələri öyrənməyə cəhd etmişəm. Həm şəxsi əlaqələrimin, həm də online sisteminin verdiyi imkanlardan istifadə edərək xarici ölkələrdə deputat köməkçilərinin vəzifələrini, iş prinsiplərini öyrənmişəm. Eyni zamanda, ötən il Milli Məclislə USAİD-in birgə layihəsi çərçivəsində ABŞ-da bir aya yaxın təcrübə keçmişəm. Bu zaman ABŞ-dakı 6 ştatın qanunvericilik orqanlarında çalışan köməkçilərin iş təcrübəsini mənimsəməyə çalışmışam.  

- Adətən deputat köməkçiləri yerli icra hakimiyyəti nümayəndələri ilə problemlər yaşayırlar, bu mənada sizdə vəziyyət necədir?

- Bizim yerli icra hakimiyyəti ilə heç bir problemimiz yoxdur. Seçicilərin problemlərinin həlli naminə onlarla sıx əməkdaşlıq edirik. Yerli icra hakimiyyəti imkan daxilində seçicilərin problemlərinin həllində bizə yardımçı olur. Bəzənsə, onların imkanları xaricində olan problemlər açıq qalır.

- Asim Mollazadənin köməkçisinin ürəyindən deputatlıq keçirmi?

- Belə bir deyim var: pis əsgər odur ki, general olmaq istəmir. Bizim keçdiyimiz məktəb bizə özümüzü daim inkişaf etdirməyi və uğura doğru fokuslaşmağı öyrədib. Millət vəkili postu şərəfli bir postdur və ictimai həyatda öz xalqının xidmətində durmaq istəməyən insanı təsəvvür etmək çətindir.

- Sonuncu dəfə seçicilərlə nə vaxt görüşmüsüz? Onların şikayəti nə ilə bağlı olub?

- Elə bu günlərdə Nəsimi rayonunun bir qrup sakini bizə yaşadıqları ərazinin asfaltlaşması ilə bağlı müraciət edib. Biz onlarla görüşmüşük və asfaltlaşdırma ilə bağlı müvafiq instansiyaya müraciət etmişik. Bir qrup seçici ilə bir həftə əvvəl görüşüb problemlərini dinləmişik. Bu gün isə onların su problemi həllini tapıb. 

- Ən fəal deputatlar sırasında kimin adını çəkərdiniz?

- Elə deputatlar var ki, onların fəallığı daha çox Milli Məclisin iclaslarında hiss olunur. Elələri də var ki, Məclisdə ya çıxış eləmir, ya da nadir hallarda çıxış eləyir, amma seçicilərlə iş sahəsində kifayət qədər fəaldır. Odur ki, deputatın fəallıq göstəricisini hansı kriteriya müəyyən edir, mən bunu özüm üçün aydınlaşdırmaqda çətinlik çəkirəm. Əgər kiminsə adını çəkib, başqasının adını çəkməsəm, hardasa haqsızlıq etmiş olaram. Kimin fəal, kimin passiv olmasını mən deyil, xalq, seçicilər özləri daha yaxşı bilir. Həm də ki, bütün deputatların fəaliyyətini davamlı olaraq izləmək və qərar vermək mənim imkanlarım xaricindədir. 

   

Günay MUSAYEVA   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi