16Dekabr | Ana Səhifə - Yazılar - Üz qarası!
Üz qarası!

Məhsəti Şərif


Mən neftçi deyilem! Neft buruqlarında işləməyin texniki qaydalarında bilmirəm. Amma bildiyim tək bir şey var. Qarda, çovğunda təhlükəsizlik tədbirləri almadan işçiləri o buruqlara çıxarmaq olmaz. Hətta qış, qar olmasa belə, Xəzərin küləyi, dəliliyi bəllidir. Azərbaycan neftçiləri nəyin qurbanı olur: məsuliyyətsizliyin, yoxsa qasırğanın? Qasırğaya dayanı1sız estakadaların uçması sualın cavabıdır.

Neftdən qazanılan milyonlarla pula estakadanı dəyişmək olardımı? Olardı! Niyə dəyişmirlər? Çünkü maraqlı deyillər! Çünkü ölən can onlardan deyil! Bir il əvvəl bu vaxtlarda Xəzərə qurban vermədikmi neftçiləri? Niyə dərs olmadı? Estakada niyə uçmaldır? Sizin səfasını sürdüyünüz neftin cəfasını çəkən fəhlə-neftçilərin bədənləri niyə buz kimi dənizdə donmalıdır? Siz də heç üzünüz qaralmadan çıxıb açıqlama verirsiniz? Açıqlamanızda bir tutarlı dəlil görmədim. Qara qızılın gəlirini bankınıza siz axıdın, ağ kəfənə fəhlələr girsin? Ədalətiniz nə qədər kiçilmiş…

Ramiz Rövşənin bir şerindəydi. Deyir ki, “Qara neftin qurtaranda ağ günə çıxacaqsan...”.  Neftin qarası üzünə çıxmış fəhlələrin hayatı bu qədər ucuzdu? Evinizin, ofisinizin, itinizin, pişiyinizin yuvasına xərclədiyiniz o pullardan bir az da estakadaların möhkəmləndirilməsinə xərcləsəydiniz, bu il neftçilərin ailəsinə qara gəlməzdi. Bundan sonra nə olacaq?


Bir neçə gün axtarışdan sonra neftçilərin cansız bədənləri Xəzərin müxtəlif yerlərindən çıxacaq. Başımız sağ olsun deyib, üç gün sonra hayatımıza davam edəcəyik. Açıqlama veriləcək ki, araşdırma aparılır. Əslində cavabdeh şəxslər bəlliykən, dəxli olmayan onuncu şəxs cəzalanacaq...
Sonra yeni il şənlikləri şousu və milli parkda atəşfaşanlıq. Sosial şəbəkələrdə ədalət deyə, bağıran insanların yeni il atributlarl ilə şəkilləri... Vəssalam.


Bir il sonra yenə xatırlayacağıq. Yeni faciələrdə işi statistikaya tökəcəyik. Bu qədər bəsitləşmiş proses…
Ramiz Rövşən nə qədər dogru deyib...

Üstündə neft ləkəsi, kim yuyacaq ləkəni?
Milyonçular ölkəsi, dilənçilər Vətəni…

İndi üzərinizə hopmuş neftçilərin qan ləkəsiylə yaşayın! Amma bir il sonra yenidən eyni faciəni yaşamamaq üçün düşünün...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU Yeni parlamentdə kimlər olsun?