30Dekabr | Ana Səhifə - Yazılar - 2016-cı ildə yaşadıqmı?
2016-cı ildə yaşadıqmı?

Bir ilin sonuna gəldik. 2 gün sonra yeni ilə təmtəraqlı təbrik mesajları alaraq, mübarək qədəmlərimizlə girəcəyik. Qədəmimiz nə qədər mübarəkdi, o mübahisəli məsələdi. Amma inanıram ki, çoxumuz boylanıb arxaya baxanda, 2016-cı ili yaşadıqmı - deyə düşünürük.
İlin agırlıgını üstümüzdən atmaq 2017-ci ildə olacaq hadisələrə bağlıdı. Bədbin il yerini pozitivliyə verməzsə, işimiz bir az müşküldü. Amma yeni ilə yeni ümidlərlə deyib göndərəcəyimiz ilə boylanaq.


Yaddaşıma həkk olunan cəbhə xəttindəki aprel döyüşləri və şəhidləri...


Bu döyüşlərdə verdiyimiz şəhid sayıyla uğurumuz eynilik təşkil etməsə belə, bir qarış torpaq üçün ölməyə dəyər dedik. Anaların ürəyinə düşən atəşi söndürə bilmədik. Bəzən laqeyid məmurlar sayəsində daha da alovlandırdıq...


2015-dən 2016-cı ilə üzərək keçən dollar üzgüçülük çempionu oldu. Milli manatımız sizlərə ömür. Ərzağın, dava-dərmanın, işığın, qazın qiyməti qalxdı. Kasıbın boöazı düyümləndikcə, zənginin iştahı daha da artdı. Banklarla vətəndaş arasında kredit dostluğu yarandı. Kredtini ala bilməyən bank vətəndaşdan, ödəyə bilməyən vətəndaş devalvasiyadan şikayətləndi.
Bir an öncə bitməsini istədiyimiz 2016 neftçilərə son “sürpriz” etdi. Yenə qara nefti üzümüzə-gözümüzə bulaşdırdıq. Qara qızılın həyatımızda bir qəpiklik hörməti qalmadı.


Bu il deputatlar da fəal oldu. İşdə yox, dildə. Müxtəlif vaxtlarda xalqa verdikləri səmərəli məsləhətlərlə gündəmə gəldilər.


2016 son damğanı da vurdu. Dünən cəbhə xəttindəki gərginlik və ilin son şəhidləri...


Qarın üstündə şəhid bədəniylə yatan əsgər... Biz bu acıyla gedirik yeni ilə.


2016-cı ildən çiyinlərimizdə işgal olmuş torpaq yükü, şəhid analarının naləsini götürürük...


...İndi biz bayram edək ya etməyək? Mən bayramları çox sevirəm. İstər milli bayram olsun, istərsə də təqvim dəyişmə bayramını. Bəzən Yeni ilin bizim bayramın olmadığı deyilir. Bunu dini milli aspektlərlə baglayırlar. Amma mən yeni ilə hər zaman uşaqlığımın bayramı kimi baxmışam.


Anam şam agacını bəzəmiş, altına şaxa baba, qar qız atributlarını qoymuş, onun bizə hədiyyə gətirəcəyinə inandırmış... O üzdən mən nağıl qəhrəmanı saydığım bu atributları uşaqlığımda mənə sevinc bəxş etdikləri üçün sevirəm. Uşaqlar bundan sevinəcəklərsə o zaman şaxta babanı  terrorçu adlandırmağa gərək yoxdu. Buraxın uşaqlar sevinsin.


Amma ipin ucun qaçırtmadan. Bayram təmtarağını yaşayarkən şəhidlərimizi, suda qərq olan neftçilərimizi unutmayaq. O üzdən borc-xərclə acdığımız süfrənin dörd tərəfdən rəsmini çəkib bir-birimizlə göstər yarışına çıxmayaq.


Unutmayaq 2016-cı illə 2017-ci ili sadəcə bir gecə ayırır. 31 dekabr 2016 24.01 artıq yeni ildi.


O 1 dəqiqədə nə dollar ucuzlaşacaq, nə bank borclarımız silinəcək. Nə itirdiyimiz şəhidlər, nə torpaqlarımız geri gələcək. İşsizlər 1 dəiqədə işlə təmin olunmayacaq, deputatlarımız (istisnalar var) millətdən olmayacaq, məmurlar yığdıqlarını bizimlə paylaşmayacaq və s. və ilaxır. Ona görə yeni ilə pozitiv keçin, amma xəyallarınızı real tutun... Yeni təqvim iliniz uğurlu olsun

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU Yeni parlamentdə kimlər olsun?