24Yanvar | Ana Səhifə - Yazılar - Hamımız Çingiz olaq!
Hamımız Çingiz olaq!

Məhsəti Şərif


Qarabağda döyüş bölgəsində şəhid olan Azərbagcan Milli Ordusunun əsgəri Çingiz Qurbanovun nəşi işgalçı Ermənistan tərəfindən 25 gündür ki, qaytarılmir. Əminəm ki, Müdafiə Nazirliyi və bu məsələylə ilgilənməli olan rəsmi qrumlar nəşi almaq üçün çalışırlar. Bu məsələnin rəsmiyyətə tökülən tərəfidir. Bəs biz? Sıradan və sıradan olmayan vətəndaşlar? Nə edirik? Az qala ən adi bir məsələ üçün gündəmi alt-üst edən həmkarlarım? Başa düşürəm, daha ehtiyatlı davranmaq istəyirsiz. Çünkü bəzi məslələrdə işsiz qalma qorxusu var. Məsələn, Lavrova artıq sual verməyin. Bunu artıq anlamaq olar. Amma bir əsgər nəşini almaq üçün sosial şəbəkələrdə hay-küy salmaq  çox asandı axı. Əmin olun buna görə cəza olmaz.


İctimai hay-küy rəsmi gedişdən daha effektli olur. Biz ki, bir gündə komediya artisti Şahan Gökbakarın “Rəcəb İvedik” filminin dizini yerə qoyduq. Biz ki, Türkiyədə, Suriyada, hətta Monqolustanda baş verən ən kiçik hadisəyə belə, təlaşlı statuslar açırıq. Xəbər saytlarında məsələyə münasibət bildirmək üçün sıraya dururuq. O zaman niyə bizə aid olan məsələdə susuruq?


Əmin olun ermənilərin əsgəri Azərbaycan tərəfində qalsaydı, indi erməni ictimaiyyəti Twitter, Facebook və digər sosial şəbəkələrdə dünyanı ayağa qaldırmışdılar. Biz nə Çingiz ola bilərik, nə onun ürəyi parçalanmış ailəsi. Sadəcə, bir gün xəbər yazıb keçdik. Çünkü bu məsələ məsxərəlik deyil. Elə olsa, indi durmadan şit-şit yazırdıq.


Azərbaycan Milli Ordusunun gənc əsgəri şəhid olub və nəşi ermənilərin əlində! Əsgərin cansız bədəninin ermənilərin əlində nə əzab çəkdiyini söyləməmə gərək varmı? Ermənilərin bizim həm dirilərimiz, həm də ölülərimiz üzərində etdikləri vəhşilikləri unutdunuzmu? Biz nə zaman bu qədər duyarsız olduq? Əslində bizim bir ölüdən fərqimiz yoxdu. Olsaydı, Qarabağ kimi cənnət vətəni erməniyə verib, rahat yatmazdıq. Əgər biz diri olsaydıq, Şahbazla Dilqəmi onlardan çoxdan almışdıq. Əmin olun, almanın min cür yolu var. Ürəkli, qəhrəman ogullarımız yoxdumu? Var!... Niyə səsizdirlər? Çünkü nəyin dogru, nəyin yanlış olduğunu bilmirlər, ya da bilir, amma susmağa məcburdular.


Amma biz susmamalıyıq. Öz çapmızda, kiçik alanımızda savaşmalıyıq. Çingiz tək ermənilərin əlində qalan şəhid əsgər deyil. Eyni zamanda, şəhidlərimizin və bundan sonra torpaq uğrunda şəhid olacaq oğul və qızlarımızın nümunəsidir.

Bu gün biz ictimai təsiri sıfır olan bir məsləni böyüdüb, saqqız kimi çeynəyib çürütməyi bacarırıqsa, səsimizi qısmamalıyıq. Yüz Lavrovsevər gəlsin, hara qədər susduracaq? Qarabağ sevgimiz, istəyimiz azalacaqmı? Mənim yox! Çoxunuzun yox!


Ona görə hamımız Çingiz olaq!


Çingizin əzab çəkən soyuq bədəni olaq. Bir az üşüyək, bir az göyərək, hətta üzümüz tanınmaz hala gəlsin, bədənimizin rəngi dəyişsin. Çingiz adına bütün şəhidləri hiss edək. Hiss etməsək də,  ölək! Bəzən ölərək yaşamaq, yaşayaraq ölməkdən yaxşıdı. Bir gün Çingiz Qurbanov olaq! Bir gün xəyalən şəhid olaq!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv