14mart | Ana Səhifə - Yazılar - Ey, keçmiş insanlar!
Ey, keçmiş insanlar!

Əslində indi bayramların dadı-duzu qalmayıb. Biz köhnə illərdəki bayram sevgisini, sevincini, səmimiyyətini yaşamırıq. Sadəcə, bayramdı, süfrəmiz boş qalmasın, adət yerinə yetirilsin deyə, qeyd edirik. Əslində bayramlar yenə eynidi, dəyişən sadəcə insanlardı.


Əvvəllər qohum-əqraba bayramlarda bir araya gəlirdi, bayramlaşırdı. Sonra sosial problemlər insanları bir addım daha geri saldı. Bir süfrənin arxasında toplaşıb, etdiyimiz söhbətlər bitdi. Telefonlar dövrəyə girdi. Bir “alo” ilə bayramları ötüşdürdük. Öz aləmimizdə modelləşdik bir az da. İndi “alo” belə, demədən sosial şəbəkələrdən hazır kopyaladığımız mesajlar, çicəklərlə işi bitiririk.


Hər sey bir tuşa bağlı. Şablonlaşdıq, soyuduq, robotlaşdıq. Artıq köhnə bayramları xatirələrə tökürük. Sonra da “ehh harda o keçmiş bayramlar” deyirik.


Sən də qatıl, qatqı qoy, bu adətə sən də sahib çıx. Hər nə qədər gözdən uzaq olan, könüldən də iraq olur, deyilsə də, bir məktub, bir kart, iki cümlə birləşdirir bizlər…


Əslinda hamımız ailəcə bayramları sevdiklərimiz ilə birlikdə keçirmək üçün gözlərdik, bəs indi…İndi bayram bizə sadəcə tətil sevincini gətirir. Evdə qalacağımız üç-dörd günü bayram edirik. O zamanlar süfrəmizə qoyulan təamların çeşidləri daha azdı, amma bölüşürdük, müsafirsiz bayram olardımı? Bayramın dadı qalmazdı. İndi hətta çətinliklə olsa belə, müxtəlif çeşidlərlə dodurduğumuz süfrəmizin başına kiçik ailəmizlə toplaşar, sonra da 1 həftə yeyib-bitirməyə çalışarıq. Bir az maddi durumu olanlarsa, tətilə gedər, bol-bol rəsm çəkdirib, hava atar.


Bayramlar böyüklərdən çox uşaqlarındı əslində. Novruz hər zaman mənim üçün fərqli bayram olub. Rəngli, işıqlı. Əlimizdə kiçik torbalar qonşuların qapısını çalar, qaçardıq. Torbamıza qoyulan kiçik şəkər belə, bizi sevindirərdi. İndi uşaqlara bunu da qadağan etmişik.


Məsələni, yoxluğa, ya da acgözlüyə bağlayırıq. Özümüzlə bərabər, onların da bayramı dadmasına izn vermirik. Qapımız çalınanda bəzən duymazlıqdan gəlirik. Hazır mesajlara dönən bayramların ləzzəti qalmayıb. Bəzən bizdən asılı olan səbəbləri belə, sosiallaşdırırıq. Sevincimiz, gülüşümüz də smayliklərə tökülüb. Eh. Bayramların nə suçu?.. Harda o əski insanlar. İndi deyin dəyişən insanlarmı, bayramlarmı?

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv