05Oktyabr | Ana Səhifə - Yazılar - Müəllimə məktub!
Müəllimə məktub!

Məhsəti Şərif


Sevimli müəllimim, sizi uzun zamandı görmürəm. Sonuncu dəfə parta arxasından ayrılmağımdan tam 25 il keçib. Sizi çox sevirəm, hətta o qədər çox sevirəm ki, sizə bunu necə hiss etdirə bilərəm deyə, düşündüm... Bu həyatda olan və olmayan bütün müəllimlərimə, üzərimdə əməyi olan əməkdar insanlara, eləcə də şərəfli pedaqoqlara sevgimi və minnətdarlığımı bildirmək üçün məktub yazmaq qərarına gəldim...

Məktəbə getmirdim, anam və çevrəmdəkilər məndən "Böyüyncə nə olacaqsan" deyə soruşardılar.  Mən də jurnalist, həkim, hətta kolxozçu olacağımı demişdim. O zamanlar məktəb və müəllim fikrini tam dərk etmirdim. 
 

Elə ki, oxumağa başladım və  şagird oldum, bütün fikirlərim dəyişdi. Müəllimliyin bütün peşələrdən fərqli və üstün olduğunu, dünyanın ən gözəl, ən müqəddəs və ən qürurverici peşəsi olduğunu anladım. Çünki sinfimizə günəş kimi daxil oldunuz. Bizi bilgilərinizlə aydınlatdınız. Ailəmdən sonrakı ikinci təhsilimi sizdən aldım. Sizdən həm də güclü olmağı öyrəndim. Hələ də təbaşiri löhvəyə necə basığınız ağlımdadı. Dərs verərkən üzərinizdə və üzünüzdəki təbaşir tozlarını belə, hiss etmirdiniz... Siz çox fərqliydiniz, bizi qoruyan mələkdiniz. Evinizə cağırıb 25 şagirdə süfrə açıb, yemək yedirdiyiniz günləri xatırlayıram. İndi varmı sizin kimi müəllim?

Müəllim demək, müqəddəslik deməkdi...

Bilirsinizmi,  çətin olduğunu bilə-bilə öz istəyinizlə bu peşəni seçmənizi sevirəm. Uzun iş saatları, nadinc şagirdlər, narahat valdeyinlər, təhsil sisteminin  günü-gündən agırlaşması,  gündəlik qayğılar və yüksəlməyən maaslar... Bütün bunlara rəğmən siz peşənizi sevirsiniz. Mən çox yaxşı bilirəm sizin problemlərinizi. Çünkü mən ömrünün 45 ilini müəllim işləmiş bir ananın övladıyam. Müəllim övladı olmanın maddi çətinliyini də bilirəm, mənəvi yüksəkliyini də..

Amma bu peşəni hələ seçəcəksiniz. Buradasınız, çünki tədris, uşaqlar və gələcək sizin üçün  müqəddəsdir. Bilirəm, son zamanlar sizi çox müzakirə edirik, təhsildəki problemlərin, sistemdəki boşluqların, dərs kitablarındakı ciddi yanlışların acısını sizdən çıxarmağa çalışırıq. Amma bütün zorluqlara baxmayaraq, siz öyrətməkdən əl çəkmirsiniz, bizi, gələcəyi düşünürsünüz. Mən sizin düşünən beyninizi sevirəm! Enerjinizi, həyəcanınızı sevirəm. Şagirdləriniz yaxşı oxuyanda, ali məktəbə daxil olanda gözlərinizdə parlayan işığı sevirəm!

Bilirəm çox çətindi. Aldığınız maasla yaşamaq, ay sonunu düşünmədən şagirdlərlə ilgilənmək... Çünkü mən müəllim anamın axşam evdə çırpınışlarını, sabah oyanıb gülərüzlə şagird önünə çıxdığını görmüşəm. Çətindi iş saatından sonra əlavə iş görmək, valdeyinin minnətlə uzatdığı pula utana-utana əl uzatmaq...
 

Amma sizin həyatla savaşınız müqəddəsdir. Ona görə əsla vaz kecməyin! Çünkü sizi qınasaq da, bəzən həddimiz olmadan tənqid etsək də sizi sevirik! Sizə ehtiyacımız var. Siz bizi və təhsilimizi buraxmayın. İki əlinizlə tutun yaxamızdan, bizi öytətməyə davam edin. Bəlkə bizdən alim, həkim, müəllim, mühəndis və s. məslək sahibi çıxmayacaq. Amma sizdən həyat dərsi alarsaq içimizdə mütləq sevgi, sayğı, insanlıq olacaq.


Canım, müəllimim mənə öytətdikləriniz və çəkdiyiniz bütün zəhmətlər üçün minnətdaram.. 

Sevimli müəllimim, əsində yazacaq cox sey var. Amma bu günü sizi üzəcək, duyğulandıracaq heç nə yazmıram. Sadəcə,mən sizinlə  dərs aldığım, işğal olunmuş  yurdumda görüşmək istəyirəm. Sag olun! Təbaşirli əllərinzi öpmək üçün, sadəcə özəl bir günə gərək yoxdu. Mən sizin əllərinizi 365 gün bütün qəlbimlə öpürəm....


Sevgili Sədaqət müəllimim... Sevgili müəllim  anam... Sevgili müəllimlər gününüz uğurla dolsun! 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv