Modern.az

Deputat tələbəyə Prezident təqaüdündən az, dövlət təqaüdündən çox təqaüd verəcək

Deputat tələbəyə Prezident təqaüdündən az, dövlət təqaüdündən çox təqaüd verəcək

15 Sentyabr 2009, 17:35

Millət vəkili Nazim Məmmədov Səbayel rayonundakı 7 saylı məktəbdə II ixtisas qrupu üzrə ən yüksək bal toplayaraq universitetə daxil olan tələbə Sənəm Aslanovaya yeni model notebook bağışlayıb. Deputat həmçinin tələbəyə təhsil aldığı müddətdə aylıq təqaüd də ayırıb.

Modern.az-a açıqlamasında N.Məmmədov bildirib ki, millət vəkili seçilməzdən əvvəl də o, yüksək balla ali məktəblərə daxil olan tələbələrə təqaüd verib: “Əvvəllər Gədəbəydən yüksək balla ali məktəblərə daxil olan gənclərə stimul vermək üçün belə addım atırdım və bunu bir vətəndaş olaraq özümə borc bilirdim.  Prezident İlham Əliyevin  20003-cü ildə imzaladığı “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramından sonra bu məsələyə xüsusi önəm verməyə başladım”.

Sənəm Aslanovaya təqaüdün verilməsinə gəlincə, deputat bildirib ki, bir müddət öncə Bakıdakı 7 saylı məktəbdə olub: “O zaman Gənc Liderlər Uşaq Təşkilatının rəhbərliyinə bildirdim ki, iqtisadiyyatla bağlı ən yüksək bal toplayan gənci müəyyənləşdirib mənə məlumat versinlər. Bilirsiniz, indi iqtisadiyyatla bağlı mütəxəssilər çox azdır. Ona görə də qərara aldım ki, həmin gəncə həm təqaüd ayırım, həm də notebook hədiyyə edim. Bu gənc məcburi köçkün Sənəm Aslanova oldu”.

Deputat bildirib ki, onun tələbəyə ayırdığı təqaüdün məbləği dövlət təqaüdündən çox, Prezident təqaüdündən azdır: “Gənclərimizin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı var. İndi biz “Təhsil haqqında” Qanun qəbul etmişik. Dövlət təhsilə böyük vəsait ayırır. Amma təhsilin vəziyyəti bizi qane etmir. Ona görə hər birimiz bu sahənin inkişafına çalışmalıyıq”.

Sonda deputat  imkanlı adamlara çağırış da edib: “Qoy, onlar bu sahəyə diqqət yetirsinlər. Bununla Azərbaycanın gələcəyinə töhfə vermiş olarlar. Dövlət başçısının siyasətini dəstəkləyən hər bir imkanı olan şəxs bu məsələyə xüsusi önəm verməlıdir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir