25İyun | Ana Səhifə - Yazılar - Beyin ölümü keçirən SƏHİYYƏ
Beyin ölümü keçirən SƏHİYYƏ

Məhsəti Şərif

Səhiyyə haqqında bir neçə dəfə tənqidi yazılar yazmışam. Məsələn, dayım qızı Pərvinə Hüseynova doğuş zamanı həkim savadsızlığı üzündən dünyasını dəyişəndə, başqa bir qohumumun böyrəyi əvəzinə, kor bağırsağı əməliyyat ediləndə. Xərçəng diaqnozu qoyulan tanışıma başqa ölkədə sağlamsan diaqnozu qoyulanda. Çox belə faktlar sadalaya bilərəm. İstəyənlərə ünvan da deyərəm. Sonra "qərəzlisən" tipli eyhamları eşitdim və susdum.

Amma susmaq da hara qədər davam edər? Sinirlərin də bir tarıma çəkilən zamanı var. Bu qədəri də yox artıq, deyirsən. Bu yaxınlarda Bakıda olanda ailə üzvlərimdən birinin əməliyyatı zamanı səhiyyənin acınacaqlı durumunu bir daha gördüm. Tibb bacılarının "çörəkpulu" itəməsinin nə qədər adiləşdiyinin şahidi oldum.  Düşündüm əcəba səhiyyənin adını dəyişib "pulhiyyə" qoysalar, daha doğru olmazmı? 

Bitmir! Hər gün xəstəxanalardan komedi şouları ilə bağlı yeni bir xəbər... Bir gün işıqları sönür və körpələr dünyasını dəyişir. Xəstəxanada "generator" sistemi yoxdu. Düşünmək belə, istəmirəm... əməliyyat zamanı xəstəxananın işığı sönür və xəstə əməliyyat masasında əlində şam “Azərişıq”ı arayır. Olsa belə, artıq təəccüblənmərəm. Ağlamaqla gülmək arasında vargəl edirəm.

Sonra yeni bir xəbər. 82 yaşlı Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın  Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Əməliyyatdan sonra qadının yaxınları şok keçiriblər. Xəstənin xəstə ayağı yerinə sağlam ayağı kəsilib. Həkim əməliyyata girərkən at gözlüyümü taxıb? Bu nə rəzalət? Ginnesin Rekordlar kitabında belə, bu cür görünməmiş hadisə yoxdu. Həkimin açıqlaması isə qulaqlardan ıraq. Üzürü qəbahətindən böyük. Məncə bizim komediya ustaları, ya da müdrüklərimiz səhiyyəmizin məcaraları ilə bağlı lətifə kitabı yazsınlar.

Bu səhiyyəsizlik və səhiyyənin səviyəsizliyi nə qədər davam edəcək? Xəstəxanalarda  salam verəndən salam alana hər kəs pul istəyir. Sığorta sisteminə keçdikdən sonra yaqin ürək yerinə cinsəl orqanları əməliyyat edərlər. Çünki loğmanlarımızın bir neçəsi istisna olmaqla,  başları ancaq aşağı nahiyyələri görür. Yanlış anlamayın, cibləri nəzərdə tuturam. İndi o sağ ayaqla sol ayağın yerini dəyişik salan həkimi məncə yenidən əsgər göndərsinlər. Ona orda “Sag, sol!”, “Sağ, sol!” deyə məşq etdirsinlər.

Əminəm bu həkim də bir töhmətlə canını qurtaracaq. Ya da Səhiyyə Nazirliyindən çıxıb "araşdırırıq" deyəcəklər. Hətta bir az sonra ümumiyyətlə “Tərlan xanım xəstəxanaya ayaqsız gəlmişdi” də deyə bilərlər. Biz də bir az danışıb, çənəmizi şaqqıldadıb susacağız.

Amma bilmirik ki, o xəstəxana da , həkim də məhkəməyə verilməlidir və böyük bir təzminatla yanaşı, cəza almalıdırlar. İnanmıram! Çünkü başdakı əmilər, dayılar dövrəyə girəcək. Tərlan ananın da ayağının dəyəri qalmayacaq.

Ayaqdan danışdıq, amma  hər şey başdan başlayır. Maləsəf baş da problemə çevrilib. Səhiyyənin nə başında baş var, nə ayağında başbilən. Məncə, ümumilikdə səhiyyənin başın əməliyyat etmək lazımdı. Çünkü səhiyyənin başında böyük xərçəng sişi var. Əməliyyatın uğurlu keçəcəyinə də inanmıram. Üzülərək deyirəm,  sağlık nazirliyimiz beyin ölümü keçirib. Allah şəfa versin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv