Modern.az

Şadlıq evləri və restoranlar bakılıların sakit həyatına haram qatır

Şadlıq evləri və restoranlar bakılıların sakit həyatına haram qatır

19 Sentyabr 2009, 12:34

İnsan psixikasına, onun normal yaşayışına mənfi təsir göstərən normadan artıq səs-küy son illər Bakı şəhəri üçün də xarakterik hala çevrilib. Paytaxtda səs-küy çirklənməsi yaradan obyektlər sırasına şadlıq evləri və restoranlar da daxildir. Belə obyektlərin bir çoxunun yaşayış binalarına yaxın yerləşməsi sakinlərin nomal sakit həyatını pozur. Təsadüfi deyil ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə əhalidən daxil olan şikayətlərin bir qismi məhz şadlıq sarayları və restoranlardan ətrafa yayılan səs-küylə bağlıdır.   
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) əhalinin şikayətləri əsasında araşdırma aparıb və məlum olub ki, paytaxtda yerləşən bir çox şadlıq evlərində keçirilən toy mərasimləri zamanı ətraf mühit güclü səs-küylə çirkləndirilir. Bir sözlə, həmin obyektlərdə səsə görə sanitar normalara əməl olunmur.
RGEM-in yoxlamaları göstərib ki, toy və digər şənlik mərasimlərinin keçirildiyi əksər şadlıq evləri və restoranlarda akustika düzgün qurulmayıb. Nəticədə akustikası normalara cavab verməyən şadlıq saraylarında ətrafa yayılan səs çirklənməsi həm toya çağırılan qonaqlara mənfi təsir edir, həm də bu restoranların yaxınlığında yaşayan sakinlərin sakitliyini pozur.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları göstərib ki, normadan yüksək səs alkoqolizm, siqaretçəkmə, keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanma kimi zərərli amillərlə bir sırada dayanır. Mütəxəssislərin rəyinə görə, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt risqini 20% artırır, 85 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlar verir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, vibrasiya və səs-küy çirklənmələrinin normadan artıqlığını sübut edən faktlar təkcə restoran və şadlıq evlərinin fəaliyyətilə bağlı deyil, inşaat obyektlərində düzgün qurulmayan iş, avtomobillərın çoxluğu da belə problemlər yaradır. Z.Kazımov deyib ki, normadan artıq səsin insan orqanizminə mənfi təsiri üç cürdür-daimi, müvəqqəti və qarışıq. Onun sözlərinə görə, əhalinin yüksək səs-küydən müdafiəsi ciddi əhəmiyyət daşıyır. Qeyd edək ki, RGEM araşdırmalarından sonra normadan artıq səs-küy çirklənməsi yaradan şadlıq evləri və restoranlara sadəcə xəbərdarlıq olunub. Bu restoran və şadlıq evlərinin sahiblərinin əlləri elə ətəkdədir ki, onlar nə cərimələrin tətbiqindən ehtiyatlanırlar, nə də onu ödəmək istəyirlər. Mütəxəssislər isə akustikası düzgün qurulmayan şadlıq evləri və restoranların fəaliyyətinin birdəfəlik dayandırılmasının tərəfdarıdırlar. Amma bir çox hallarda cərimələri ödəməkdən yayınan, hətta yoxlamalara gələn RGEM əməkdaşlarını yaxına buraxmayan həmin obyektlərin bağlanması inandırıcı deyil.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da sözügedən problemin aktual olduğunu qeyd edib. Onun sözlərinə görə, əksər restoranlarda musiqinin səsi dözülməyəcək dərəcədə yüksək olur ki, bu da akustikanın düzgün qurulmaması ilə bağlıdır. Bu səbəbdən də bəzi insanlar toydan başağrısı, qan təzyiqi ilə yarımçıq çıxıb gedir. T.Əmiraslanovun deyib ki, toylarda səslənən hədsiz yüksək musiqi səsi beyinə, sinir sisteminə mənfi təsir etdiyi kimi həzm prosesini də pozur. Çünki sinir sistemilə həzm orqanları əlaqəlidir.
Yeri gəlmişkən, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin araşdırmalarına görə, bəzi şadlıq evləri və restoranlarda keçirilən toy mərasimlərində canlı musiqi əvəzinə fonoqramlar səsləndirilir ki, bu da ora gələnlərin aldadılmasıdır.
Hazırda ölkədə 500-ə yaxın şadlıq evi fəaliyyət göstərir ki, onların da 250-dən çoxu Bakı şəhərində yerləşir.

«Modern.az»

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi