Modern.az

Bakıda "adam oğurluğu"nun yalançı qurbanı həbs olunub

Bakıda "adam oğurluğu"nun yalançı qurbanı həbs olunub

22 Sentyabr 2009, 14:36

Sentyabrın 18-də barəsində adam oğruları tərərfindən qaçırıldığı bildirilən şəxs tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlum olub ki, oğurlanması haqda polisə məlumat verilən İlqar Ağayev əslində öz ailəsini dolandırmaq istəyirmiş.
Respublikanın Baş Prokurorluğunun məlumatına görə, Bakı şəhər sakini Səlim Ağayev bir neçə gün öncə şikayət ərizəsi ilə Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək paytaxtdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olan oğlu, 1973-cü il təvəllüdlü İlqarın naməlum şəxslər tərəfindən oğurlandığını, onun buraxılması müqabilində ailə üzvlərindən 36.000 ABŞ dolları istənildiyini məlumat vermişdi.
Müraciətdən sonra faktla bağlı dərhal Xətai rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq və əməliyyat-axtarış qrupu yaradılıb. İstintaq araşdırmaları nəticəsində müəyyən edilib ki, İ.Ağayev dələduzluq yolu ilə valideynlərindən külli miqdarda pul vəsaiti ələ keçirmək məqsədilə, sentyabrın 17-də özünə məxsus mobil telefondan bacısı Mehriban Ağayevanın telefonuna mesaj göndərərək guya naməlum şəxslər tərəfindən oğurlandığını və azadlığa buraxılması üçün ondan 36.000 ABŞ dolları tələb edildiyini bildirib.
Bundan sonra o, sentyabrın 17-dən 20-dək olan müddətdə bacısı Mehriban Ağayevanın mobil telefonuna bir neçə mesaj göndərməklə pulun hazır olub-olmaması ilə maraqlanıb. Bacısı isə sentyabrın 20-də İlqara pulun hazır olduğunu və birlikdə lazım olan yerə çatdırıla biləcəyi barədə mesaj göndərib. Lakin, İlqar birlikdə gedəcəkləri halda oğurlandığı şəxslər tərəfindən öldürüləcəyini bəhanə gətirərək bacısının bu barədə təklifini rədd edib və ona yenidən mesaj göndərərək Bakıxanov qəsəbəsi ərazisində - 235 saylı marşrut mikroavtobuslarının sonuncu dayanacağında görüşmələrini və onlardan pulu alıb həmin şəxslərə verdikdən sonra evə buraxılacağını deyib.
Həmin gün saat 15.00 radələrində İlqar, bacısı və atası ilə əvvəlcədən müəyyənləşdirdiyi yerdə görüşərək onlardan 30.000 ABŞ dollarını onlardan qəbul edib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanıb. Nömrələri qabaqcadan qeyd edilmiş 30.000 ABŞ dolları məbləğində əskinaslar onun üzərindən götürülüb.
Cinayət işi 20 sentyabr 2009-cu il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə) maddələrinə tövsif olunmaqla İlqar Ağayev həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək tutulub.
İstintaq zamanı İlqar Ağayev ifadəsində guya ayrı-ayrı şəxslərə olan borclarını qaytarmaq məqsədi ilə belə bir addım atdığını bildirib. Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Xətai rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi