Modern.az

Tanınmış jurnalist Emin Eminbəyli: «Bir daha mətbuata qayıtmaram»

Tanınmış jurnalist Emin Eminbəyli: «Bir daha mətbuata qayıtmaram»

23 Sentyabr 2009, 14:40

Modern.az saytı yaxın keçmişdə jurnalistika sahəsində tanınan, sonradan isə itib-batan qələm sahiblərinin hazırda hansı işlə məşğul olması istiqamətində araşdırmaları davam etdirir. Bu dəfə müstəqilliyimizin ilk illərində oxucular arasında populyar nəşrlərdən biri olan «7 gün» qəzetinin baş redaktoru Emin Eminbəylinin harada olduğunu araşdırdıq.

Xatırladaq ki, «7 gün» qəzeti Azərbaycanda uzun müddət geniş oxucu auditoriyası olmuş qəzetlərdən idi. Bu qəzetin sonradan rusca «7 dney» adlı nəşri də çap olunurdu. Amma indi həmin qəzetlər işıq üzü görmür. «7 gün»ün baş redaktoru Emin Eminbəyli rəhbərlik etdiyi qəzeti bağlayandan sonra bir müddət «Şəfa» stadionunun direktoru vəzifəsində çalışdı. Bu vəzifədən getdikdən sonra o, xeyli vaxt «7 gün»ün rusca buraxılışını çap etdirdi. Lakin «7 dney» adlı həmin həftəlik qəzet bazarda özünə yer tapa bilmədiyindən E.Eminbəyli onun da çapını dayandırdı. Bəs baş redaktor indi haradadır, nə işlə məşğul olur? Emin Eminbəyli ilə söhbətimiz zamanı o, hazırda öz şəxsi biznesi ilə məşğul olduğunu söylədi: «Mən kağız tullantıları ilə məşğul olan zavodun direktorlar şurasının üzvüyəm. Biz Almaniyanın istehsal sahəsini Azərbaycanda quraşdırmaq istəyirdik. Amma müxtəlif səbəblər üzündən bu arzumuzu ölkəmizdə həyata keçirmək mümkün olmadı. Onda belə qərara gəldik ki, bu istehsal sahəsini Rusiyada quraq. Hazırda bu işlə məşğulam. Qeyd edim ki, zavodumuz kağız tullantılarından karton istehesal edir. Bunun üçün lazımi  avadanlıqlarımız var». E.Eminbəyli mətbuat sahəsi üçün bir o qədər də darıxmadığını qeyd etdi. Keçmiş baş redaktor o vaxtkı mətbuatla indiki media arasında müəyyən fərqlərin olduğunu da dedi: «Mən «7 gün» qəzetinin baş redaktoru olduğum zaman mətbuatın qarşısında duran vəzifələrlə indiki medianın məqsədi arasında böyük fərqlər var. Hazırda çalışdığım işdən məmnunam. Maddi imkanlarım da o zamankından yaxşıdır».

«Əgər yenidən mətbuata qayıtmaq təklifi olunarsa, bunu qəbul edərsinizmi» sualına müsahibimizin cavabı belə oldu: «Mənim bir daha mətbuata qayıtmaq istəyim yoxdu. Bunun müəyyən səbəbləri var. Artıq çoxdandır ki, mətbuatdan uzaqlaşmışam. Fikrimcə, qəzetçilik işini unutmuşam və daha onun öhdəsindən gələ bilmərəm».

Buna baxmayaraq E.Eminbəyli Azərbaycanda nəşr olunan qəzet və jurnalları imkan düşdükcə vərəqləyir, bəzi gündəlik qəzetlərin isə oxucusudur.

 

Aqil LƏTİFOV

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi