Modern.az

Azərbaycanda evlənənlər nikah müqaviləsi bağlamırlar

Azərbaycanda evlənənlər nikah müqaviləsi bağlamırlar

24 Sentyabr 2009, 17:08

AZƏRBAYCANLA MÜQAYİSƏDƏ AVROPA ÖLKƏLƏRİNDƏ BOŞANAN TƏRƏFLƏR DÜŞMƏN KİMİ DEYİL, DOST OLARAQ AYRILIRLAR

 

Əvvəllər boşanan kişi papağını başına qoyub evdən çıxırdısa, indi bəziləri arvadı onun mülkündən heç nə əldə edə bilməsin deyə, ayrılmazdan öncə var-dövlətini öz adından çıxarıb qohum-əqrabasının adına yazdırır. Azərbaycandan fərqli olaraq Avropa ölkələrində boşanma zamanı tərəflər düşmən kimi deyil, dost olaraq ayrılırlar. Bu zaman qadının və uşağın sosial təminatı sual altına düşmür. Səbəb isə budur ki, Avropa ölkələrində tərəflər nikaha girməzdən öncə və nikah dövründə nikah müqaviləsi imzalayır. Azərbaycan qanunvericiliyində belə bir narahatçılığın yaranması üçün əsas olmasa da, reallıqda bu çox böyük problemlər yaradır.

Milli mentalitetimizdə evlənməzdən əvvəl boşanma haqqında düşünərək, müqavilə tələb etmək oğlan üçün ayıb, qız tərəf  üçün bədniyyətlilik kimi qəbul edilir. Müqavilənin bağlanmaması isə tərəflər arasında əmlak mübahisəsi yarandıqda ciddi problemlər doğurur.

Statistik məlumatlara görə, məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişəsi nəticəsində yaranır və əmlak xarakterlidir.

Nikah müqaviləsi nədir?

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev deyir ki, nikah müqaviləsi hər qadının özünün və uşaqlarının sosial müdafiəsi deməkdir. O üzdən insan hələ ailə münasibətlərini müəyyənləşdirməmişdən öncə özünün sosial müdafiəsini hüquqi baxımdan təşkil etməlidir.

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələr, nikah pozulduqda tərəflərə düşəcək əmlakı müəyyənləşdirmək hüququ müəyyənləşdirilir.

Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.

Bu müqavilə nikaha qədər və nikahdan sonra da bağlana bilər. Müqavilə nikaha qədər bağlansa da, nikah qeydə alındığı gündən qüvvəyə minir. Müqavilədə əmlakın hüquqi rejimi müəyyən olunur.

Ə.Mirzəliyev bildirir ki, qanuna görə, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür: “Kimin himayəsində yetkinlik yaşına çatmayan uşaqlar varsa, onların mənafeyi nəzərə alınaraq pay artırıla bilər. Amma nikah müqaviləsində qabaqcadan bundan fərqli məsələlər müəyyən oluna bilər. Məsələn, nikah müddətində əldə olunan mülkiyyətin üçdə birinin ərin, qalan hissəsinin isə arvadın mülkiyyətində, ya da əksinə göstərilə bilər”. 

Bu ilin 6 ayında 42 nikah müqaviləsi bağlanıb 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində Azərbaycanda 79,9 min nikah, 7,9 min boşanma qeydə alınıb.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən verilən məlumata görə, ötən ilin 6 ayı ilə müqayisədə bu il nikaha girən tərəflər arasında bağlanan nikah müqavilələrinin sayı 4 dəfə artıb. Belə ki, ötən ilin 6 ayında 13 nikah müqaviləsi bağlandığı halda, bu ilin 6 ayında onların sayı 42 olub.

İdarədən bildirilib ki, hesabat dövründə Azərbaycanda 32 mindən artıq nikah qeydə alınıb. Müqavilələrin 32-si Bakıda, 5-i Abşeronda, hərəsində biri olmaqla Gəncə, Sumqayıt və Lənkəranda nikaha girən tərəflər arasında bağlanıb.

2007-ci ildə qeydə alınan 81 min 756 nikahdan yalnız 16-da, 2006-cı ildə 79 min nikahdan 33-də, 2005-ci ildə 71 min 619 nikahdan 19-da  müqavilə bağlanıb.

 

Müqavilənin nümunəsi

 

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən əldə etdiyimiz nikah müqaviləsinin nümunəsində qeyd olunur ki, birgə nikah dövründə əldə edilmiş, habelə ailə qurmaq münasibətilə valideynlər və digər şəxslər tərəfindən verilmiş əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunur.

Birgə nikah dövründə tərəflərin əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlir qarşılıqlı razılıq əsasında xərclənir.

Dövlət qeydiyyatı nəzərdə tutulmuş daşınmaz əmlak, yaxud digər əmlak, qiymətli kağızlar, müəssisədəki pay birgə nikah  dövründə ər-arvaddan hansının şəxsi vəsaiti hesabına əldə olunubsa, onun adına qeydiyyata alınır.

Ər-arvaddan hər biri digərinin razılığı olmadan bu əmlak üzərində müstəqil olaraq sərəncam verə bilər.

Müqavilədə nəzərdə tutulmuş əmlakı bir-birinin istifadəsinə verməyi, yaşayış evinə münasibətdə isə orada yaşamasına və qeydiyyata düşməsinə razılıq verməyi, digər tərəf isə nikah pozulduğu halda bir ay müddətində qeydiyyatdan çıxmaqla yaşayış evini boşaltmağı öhdəsinə götürür.

Ümumi birgə mülkiyyətdə olan əmlak nikah dövründə, yaxud nikah pozulduqdan sonra üç il müddətində ər-arvadın qarşılıqlı razılığı əsasında bölüşdürülə bilər.  Əmlak bölüşdürülərkən pay tərəflərin razılığı ilə müəyyən olunur.

Əmlak bölüşdürülərkən ümumi uşaqların adına alınmış əmlak uşaqların öz əmlakı hesab olunur və bölgü zamanı nəzərə alınmır.

Nikah müqaviləsi pozulduqda əmək qabliyyəti olmayan əri (arvadı) maddi cəhətdən təmin etməklə əlaqədar tərəflər öhdəlik götürür.

Ədliyyə nazirliyinin Baş İdarəsindən bildirilib ki, VVADQ orqanlarına nikah üçün ərizə verənlərin hamısına nikah müqaviləsi bağlanması təklif olunur. Nikah müqavilsinin şərtlərini nikaha girən tərəflər müəyyənləşdirir və onun şərtlərini qanunvericiliyə uyğun dəyişdirə bilərlər. 

Mental dəyərlər nikah müqaviləsinin bağlamasına mane olur

 

Əksər ekspertlər iddia edir ki, mental dəyərlər tərəflərin nikah müqaviləsi bağlamasına mane olur.

Bu gün bölgələrdə xüsusən də, cənub rayonlarında rəsmi nikahın bağlanması ilə bağlı xeyli problemlər var. Gənclər, ancaq molla kəbinilə kifayətlənməli olurlar.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev bildirir ki, nikaha girən tərəflər çox vaxt nikah müqaviləsinin mahiyyətinə varmır, ya da müqavilə barədə tərəflər məlumatsız olurlar. Mirzəliyevin sözlərinə görə, bəzən düşünülür ki, bu müqavilənin imzalanması nigahın daimi olmayacağına şübhə yaradır və mentalitetdən irəli gələn bəzi səbəblərdən bu müqavilə bağlanmır. “Lakin təcrübə göstərir ki, qarşılıqlı razılıq, sevgi ilə qurular ailələrdə də boşanmalar baş verir”,-deyə hakim vurgulayıb.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildirilib ki, əvvəlki illərlə müqayisədə nisbi artım müşahidə olunsa da, nikah müqavilələrinin bağlanması o qədər də geniş yayılmayıb.

İdarədən də bunun səbəbini mentalitetlə əlaqələndiriblər. Qurum problemdən çözüm yolunu məcburiyyətdə deyil, təbliğatda görür.

Vəkil Qurban Məmmədov mentalitetimizin qüsurlu olduğunu deyir və nikah müqaviləsinin icbariləşdirilməsinin tərəfdarıdır. O, bu fikirdədir ki, nikah müqaviləsinin bağlanması ənənəsinin yaradılması üçün qanunvericilikdə dəyişiklik olmalıdır: “Bu zaman nəsə tələb etmək mümkün olacaq. Əks təqdirdə, qanunun müddəasının könüllü xarakter daşıması onun formal olaraq qalmasına rəvac verəcək. Çünki onun həyata keçirilməsinə milli ənənələr imkan verməyəcək. Müavilənin bağlanmamasından ən çox əziyyət çəkən isə qızlarımız və onların övladlarıdır”.

Vəkilin fikrincə, müqavilənin bağlanması qadın üçün çox vacibdi. Müqavilə bağlanmaması cəmiyyət üçün də çox böyük problemlər yaradır. “Qızlarımız müqavilə bağlanmasını tələb etməyə utanır. Lakin onlar haqlarını müdafiə etməyi bacarmalıdır. Boşanan zaman qadının öz hüquqlarını müdafiə etməsi baxımından müqavilənin böyük rolu olur. Qadına çatacaq əmlakın dairəsi müqavilə ilə müəyyənləşdirilir.

Qadın kişinin qarşısında qanuni şəkilə ona çata biləcək əmlakla bağlı tələb qoymalıdır. Qadın ona “yaşayış yeri vermirəm” deyən kişiyə  ərə getməz",- deyə vəkil vurğulayıb.

Millət vəkili Musa Quliyev müqaviləyə maraq göstərilməməsinin səbəbini hüquqi maarifləndirmənin aşağı olması ilə əlaqələndirir: “Bu problemi tək mentalitetlə bağlamaq düz deyil. Vətəndaşlar arasında hüquqi savadsızlıq var. Azərbaycanda qəbul olunmuş bir prinsip var - ailəni kişi saxlamalıdır. Ailədə qadınlar indiyədək mətbəxin bir hissəsi kimi qəbul olunurdu. Qadın ailənin iqtisadi yükünü daşımayıb. Onlar elə fikirləşir ki, pulu kişi qazandığı üçün qərarı da o verməlidir. Amma bu, düzgün yanaşma deyil. Qadın da ailənin büdcəsinin formalaşdırılmasında iştirak etməlidir. Qadının cəmiyyətdəki rolunu artırmaq üçün ilk olaraq ailədən başlanmalıdır və bunun üçün müqavilə bağlanması şərtdir”. M.Quliyev yaxın 50 ildə Azərbaycanda müqavilə institutunun formalaşacağına ümid edir və bildirir ki, bizdən iki nəsil sonra gələnlər bunu normal qəbul edəcək. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, müqavilənin bağlanmasında oğlan tərəf maraqlı deyil. Bu isə sonradan qadın hüquqlarının pozulması hallarının artmasına rəvac verir.

O da problemdən çıxış yolunu təbliğatda görür. Hüquq müdafiəçisinin fikrincə, VVADQ orqanlarında nikaha girən tərəflərə müqavilənin üstünlükləri izah olunmalıdır.

Nikah müqaviləsinin bağlanması məcburiləşdirilməlidirmi? 

Azərbaycanda nikah müqaviləsinin məcburi bağlanması barədə qanunvericiliyə dəyişiklik təklif olunub. Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu məsələ hazırda gündəmdədir. Komitə rəhbərinin sözlərinə görə, həmin müqavilənin nigah bağlanarkən notarial qaydada təsdiq olunması nəzərdə tutulur. Lakin respublikanın bütün rayonlarında notariusların fəaliyyət göstərməməsi vətəndaşlar üçün problemlər yarada bilər. Belə ki, notarius fəaliyyət göstərməyən rayonun sakinləri nikaha girərkən belə bir müqaviləni rəsmiləşdirmək üçün qonşu rayona getmək məcburiyyətində qalacaq.

Millət vəkili hesab edir ki, bu müqavilə hədiyyə müqaviləsi formasında bağlana bilər. "Nikaha girən tərəflər əsasən hədiyyələrin siyahısını tutur və təsdiq edirlər. Bu hal şəriət nigahında-kəbində də var idi və hazırda bəzi rayonlarda rast gəlinir. Kim nə verib, nə aparıbsa, siyahısı tutulurdu. Biz istəyirik bu müqavilə hədiyyə müqaviləsi şəklində olsun",-deyə H.Rəcəbli bildirib.

O, deyib ki, mülkiyyətin bölüşdürülməsi məsələsi qanunvericlik yolu ilə həll olunduğundan, bu məsələnin nigah müqaviləsinə daxil edilməsinə ehtiyac yoxdur: “Qanunvericiliyə görə, ər –arvadın birgə nigah dövründə qazandığı əmlak onların birgə mülkiyyətidir və boşanma zamanı onlar arasında bərabər bölünür. Nikahdan əvvəl qazandıqları əmlak isə onların yalnız özünə məxsusdur. Həmçinin evə qeydiyyatla bağlı məsələ də qanunvericilikdə həllini tapıb. Qadın mülkiyyət sahibindən ev tələb edə bilməz, yalnız ona yaşamaq hüququ verilir. Dünya təcrübəsində də bu məsələ qanunvericiliyimizdə olduğu kimi tənzimlənir".

H.Rəcəblinin fikrincə, bir qrup insan müqavilənin bağlanmasının məcburiləşdirilməsinin, imperativ norma şəklinə salınmasının tərəfdarı deyil. Həmçinin, müqavilənin məcburiləşdirilməsi müqavilə azadlığı prinsipinə ziddir.  Həm də müqavilənin hüquqi əsasları, qanundan daha zəifdir.

Hakim Əsəd Mirzəliyev nikah müqavilənin məcburi bağlanmasının yolverilməz olduğunu vurğulayıb. Belə ki, qanunvericilik şəxsin müqavilə azadlığını nəzərdə tutub. “Bu hal müəyyən olunarsa, müqavilə etibarsız sayılır. Nikahın bağlanmasının özündə də məcburiyyət müəyyən olunsa, nigah etibarsız sayılmalıdır”. Hakim hesab edir ki, nikah müqaviləsinin bağlanması ilə bağlı təbliğat işində VVADQ orqanları daha aktiv olmalıdır: “Nikaha daxil olmaq üçün ərizə verən şəxslərə müqavilənin üstünlükləri izah olunmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova bildirib ki, nikah müqaviləsinin bağlanması nikah pozularkən yaranan problemlərin sivil qaydada həllinə imkan yaradır.

Şöbə müdiri nikah müqaviləsinin məcburi bağlanması ilə bağlı komitə tərəfindən Milli Məclisə təklif verildiyini deyib.

Lakin adı çəkilən komitə hesab edir ki, vətəndaşlar arasında nikah müqaviləsinin bağlanmasının üstünlükləri ilə bağlı maarifləndirmə aparılmalı, insanlara bu müqavilənin bağlanmadığı halda yaranan fəsadları izah olunmalıdır. Nikaha girən şəxslər müqavilənin üstünlüklərini dərk edəndən sonra, müqavilə bağlamağa özləri maraqlı olacaqlar.

Hüquqşünas Leyla Mədətova nikah müqaviləsinin məcburiləşdirilməsinin tərəfdarı deyil. Onun sözlərinə görə, müqavilənin bağlanması məcburi olarsa, müqavilə azadlığı prinsipi pozular. Hüquqşünas hesab edir ki, müqavilənin bağlanması problemlərin həlli yolu deyil: “Bizim qanunvericilikdə ər ilə arvadın mənafeyini müdafiə edən kifayət qədər müddəa var. Nikah müqaviləsi daha imkanlı şəxslər üçün aktualdır və belə şəxslər əmlaklarının bölgüsündə maraqlı deyillər. Maddi cəhətdən imkanlı olmayan şəxslərin nikah müqaviləsi bağlamasının elə də əhəmiyyəti yoxdur".

Dünyada nikah müqaviləsinin məcburi bağlanması praktikasının olmadığını deyən L.Mədətova bildirib ki, boşanandan sonra evziz-eşiksiz qalan qadınların problemini geniş mənada həll etmək lazımdır: “Qadınların mənzillə təminatı, sosial təminatı, təhsil, işsizlik kimi problemlərinin həllinə nail olmaq mümkündür. Qadının problemini onun ərini müqavilə bağlamağa məcbur etməklə həll etmək olmaz. Bu müqavilənin bağlanması qadının çöldə qalmamasına kömək etməyəcək".

Millət vəkili Məlahət Həsənova hesab edir ki, nikah müqaviləsi məcbiri olmadığına görə bu gün boşanma hallarında mənzillə, əmlakla bağlı çox ciddi problemlər ortaya çıxır. Onun fikrincə, nikah müqaviləsi məcburi olmadığına görə bu gün məhkəmələrdə çox ciddi problemlər var. “Qadın ailə qurur, uşağı olur. Ayrılanda isə köçdüyü evdən ona əmlak payı verilmir və küçələrdə qalır. Əgər evlənməmişdən qabaq nikaha daxil olan tərəflər əmlak müqaviləsi imzalasalar, qadın da əvvəlcədən daimi olaraq harada yaşayacağını biləcək. Təəəssüf ki, Azərbaycan cəmiyyəti hələ Avropa cəmiyyəti kimi yüksək maarifləndirilmiş vəziyyətdə deyil. Avropa ölkələrində bu, məcburi deyil. Baxmayaraq ki, Azərbaycanda da nikah müqaviləsi “Ailə məcəlləsində” əksini tapıb. Amma məcburi olmadığına görə, formal olaraq qalıb".

 

Müqavilənin bağlanmaması hansı problemlər yaradır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Gülnarə Məmmədovanın sözlərinə görə, komitəyə şikayət edən qadınların əksəriyyəti boşanandan sonra yaşamağa yerlərinin olmamasından şikayətlənirlər: “Qadınlar yaşamağa yer tapmır. Bəzən bu səbəbdən uşaqlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Nikah müqaviləsi boşanma zamanı yaranan problemlərin sivil qaydada həllinə imkan verir. Müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Bizdə belə düşünürlər ki, nikaha girən tərəf müqavilənin bağlanmasını tələb edirsə, bu qarşı tərəfə etibarsızlıq kimi qiymətləndirilir. Tərəflər arasında nikah müqaviləsi olarsa, boşanan zaman qadınların və uşaqların vəziyyəti də yaxşı olar. Bizim ailələrdə çox vaxt valideynlər nikah pozularkən uşaqlardan vasitə kimi istifadə edirlər. Bu isə uşaqların psixologiyasına ciddi zərbə vurur".

G.Məmmədova xarici vətəndaşlarla nikaha girən qadınlarla bağlı ciddi problemlərə də rast gəlindiyini bildirib.

Onun sözlərinə görə, xarici vətəndaşla nikahda olan qızlarımız boşanarkən həm maddi, həm də mənəvi problemlərlə üzləşirlər. Çox vaxt nikah pozularkən onların uşaqları da əllərindən alınır. Əcnəbi vətəndaşla nigaha girən qizlar həmin ölkənin qanunvericiliyi bilməlidir. Əks halda, nikah pozularkən ciddi problemlərlə üzləşəcəklər",-deyə Məmmədova vurğulayıb.

Vəkil Q.Məmmədov boşanmalar zamanı məhkəmələrin qadınlarla bərabər uşaqların da hüquqlarını pozduğunu iddia edir: “Boşanma zamanı oğlan qıza evdən istifadə hüququ verməyə bilər. Amma uşağa evdən istifadə hüquq mütləq verilməlidir. Məhkəmələr belə mübahisələr yaranan zaman “Uşaq hüquqları haqqında” qanunun 20-ci maddəsini tətbiq etmək əvəzinə Mülki Məcəllənin 228-ci maddəsin tətbiq edir.

20-ci maddədə nəzərdə tutulub ki, uşaq doğulduğu yerdə başqa ailə üzvləri ilə birgə qaydada istifadə hüququna malikdir.

Məhkəmələr isə Mülki Məcəllənin 27-ci maddəsini tətbiq edir. Həmin maddədə deyilir ki, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.  Məhkəmələr “yaşayış yeri” ilə “istifadə hüququ” anlayışlarını qarışdırır. Onlar uşaqların istifadə hüququnu nəzərə almır. Deyirlər ki, uşaq anası ilə olduğu üçün onunla yaşamalıdır”.

Ali Məhkəmənin hakimi Ə.Mirzəliyevin sözlərinə görə, nikaha məhkəmə qaydasında xitam verildiyi halda müqavilənin olmaması çoxlu problemlər yaradır. Problemlər isə alimentin müəyyən olunmasında, yaşayış sahəsi ilə təmin olunma ilə bağlı meydana çıxır. Hakim bildirib ki, nikah müqaviləsi olmayanda, aliment tələb edən qadınlar kişinin əmlak vəziyyətini müəyyən edə bilmir. “Onda məhkəmə sabit pul məbləği müəyyənləşdirmək məcburiyyətində qalır. Tərəflərin əmlak vəziyyətlərini bilib nikah müqaviləsi bağlanarkən bu problem yaranmır”,-deyə hakim bildirib.

Ə.Mirzəliyev deyir ki, məhkəmələrin icraatında olan mülki iddiaların böyük qisminin mənzildən istifadə hüququnun xitamı və ya bu hüququn verilməsi (MülkiMəcəllənin 228-ci maddəsi) ilə bağlıdır.

MM-in 228-ci maddəsində qeyd olunur ki, nikaha girən şəxslər, mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamalıdır. Təcrübədə heç bir vaxt mülkiyyətçi ilə ailə üzvləri və ya mənzilin digər istifadəçiləri arasında nəinki notarial qaydada təsdiqlənmiş, heç sadə yazılı formada belə razılaşma qaydasına da əməl olunmur. Adətən, bu cür münasibətlərin ilkin yaranma vaxtında yaşayış sahəsinin istifadəçiləri mülkiyyətçinin razılığı ilə mənzilə köçürülür və mənzildən istifadə edirlər.

Ailə münasibətlərinə xitam veildikdə mənzil istifadəçisi ilə mülkiyyətçi və digər ailə üzvləri arasında mübahisə yaranır. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisinin digər ailə üzvünün yaşamasına və mənzildən istifadə hüquqununa notariat qaydasında təsdiq edilmiş yazılı razılığın olmadığı meydana çıxır.

“Nikaha girən qadın el qınağından çəkinərək qayınata ilə müqavilə bağlamır. Nikah pozulanda həmin mənzildə yaşamaq, istifadə hüququ tələb edirlər. Amma bu müqavilə olmadığından onun bu hüquqları yaranmır”,-deyə hakim bildirib.

Ə.Mirzəliyev hesab edir ki, nikaha girərkən tərəflərə nihah müqaviləsi ilə yanaşı, mülkiyyətçi ilə belə bir müqavilənin bağlanması təklif olunmalı, onun üstünlükləri izah olunmalıdır: “Tərəflərə bu, təklif olunsun. Ola bilər ki, tərəf özü təşəbbüs etməyə utansın. Bu təbliğ olunmasa, tərəflərə izah olunmasa, heç kim öz təşəbbüsü ilə nikah müqaviləsi bağlamayacaq. Hesab edirəm ki, nikaha girən vaxt müqavilənin bağlanması təklif olunsa, narazılıq olmayacaq və tərəflər razılaşacaq.  Mülkiyyətçi gəlininin mülkiyyətində olan mənzildə yaşamasına yazılı razılıq veribsə, həmin şəxsi mənzildən çıxarmaq üçün qanunda nəzərdə tutulan əsaslar yaranmalıdır. Əsas yoxdusa, mülkiyyətçi mənzildən istifadə hüququ əldə etmiş şəxsə kompensassiya ödəməklə onun istifadə hüququna xitam verilməsini tələb edə bilər”.

Vəkil Teyyub Muxtarov nikah müqaviləsinin bağlanacağı halda tərəflər arasında yaranan əmlak mübahisələrinin və məhkəməyə olunan müraciətlərin sayının kəskin azalacağına əmindir. Onun sözlərinə görə, müqavilə bağlamağa ikinci dəfə nikaha girən kişilər maraq göstərir. Onlar birinci nagahda qarşılaşdıqları problemləri yenidən yaşamaq istəmirlər. 

Könül Zərbalıyeva

     

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır