Modern.az

Azərbaycanda "donuz qripi"nə qarşı birinci peyvənd olunacaq əhali qrupu müəyyənləşib

Azərbaycanda "donuz qripi"nə qarşı birinci peyvənd olunacaq əhali qrupu müəyyənləşib

25 Sentyabr 2009, 14:01

Dünyada “donuz qripi” kimi tanınan A(H1N1) virusundan ölənlərin sayı 3300-ü ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq 270 mindən çox insan bu virusa yoluxub. Statistikaya görə, dünyada bir sutka ərzində 1200-ə yaxın adam "donuz qripi"nə yoluxur. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, lazımi tədbirlər görülməzsə, yer kürəsində 2 milyard insanın bu virusa yoluxma riski var. Payızın sonlarında “donuz qripi” epidemiyası pik həddinə

çata bilər.

Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında bu virusa qarşı vaksinin hazırlanması işi yekunlaşmaq üzrədir. Vaksinin hazırlanması üzərində 25 laboratoriya işləyir. Həmin preparatların kütləvi istehsalına sentyabrın sonu və ya oktyabrın əvvəllərində başlanacağı gözlənilir. Əsas ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən ÜST laboratoryaların A(H1N1) virusuna qarşı ildə 3 milyard vaksin hazırlayacağı və bir dozanın bir pasiyentə kifayət edəcəyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, hələlik  vaksin istehsalının həcmi planetin 6,8 milyardlıq əhalisini eyni vaxtda vaksinlə təmin etməyə kifayət etməyəcək. ÜST-nin məlumatına görə, yaxın vaxtlarda A(H1N1) virusuna qarşı peyvəndin tətbiqinə başlanacaq. Yeni vaksinin tətbiqi ilə bağlı qurumun tövsiyələri də hazırlanır. Bu arada məlum olub ki, «donuz qripi»nə qarşı vaksinlərin qiyməti 2,5-20 dollar arasında olacaq. A(H1N1) virusuna qarşı vaksinlərin bir dozasının qiyməti hər bir ölkənin əhalisinin gəlirlərindən asılı olaraq dəyişəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əhalisinin gəlirləri yüksək olan ölkələr vaksinin bir dozasını 10 dollardan 20 dollaradək qiymətə alacaqlar. Əhalisinin gəlirləri orta səviyyədə olan ölkələr bu məbləğin yarısını, yoxsul ölkələr isə yarısından da azını ödəyəcəklər.

Vaksinasiya hələlik dünyanın  hər bir ölkəsinin bütün sağlam əhalisinə şamil edilməyəcək. İstehsal tempi və maliyyə problemləri bütün əhalinin peyvəndlənməsinə imkan

vermədiyinə görə, ilk növbədə əsas risk qrupları

vaksinasiya olunacaq. ÜST-nin tövsiyələrinə əsasən, “donuz qripi” əleyhinə vaksinasiyanın prioritet qrupunu hər bir ölkənin milli səhiyyə orqanları özləri müəyyənləşdirəcək. Avropa ölkələri "donuz qripi"nə qarşı peyvənd ediləcək əhalinin üç prioritet qrupunu artıq müəyyənləşdirib. Bu qruplara hamilə qadınlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və səhiyyə

işçiləri daxil edilib. Bəs Azərbaycanda ilk növbədə kimlər peyvənd olunacaq?

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a bildirib ki, Azərbaycanda “donuz qripi”nə qarşı hansı əhali qrupunun ilk növbədə peyvənd ediləcəyi artıq müəyyən olunub: “Əslində bütün əhali peyvənd olunmalıdır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı hələlik ilkin mərhələdə heç bir ölkəni lazımi qədər vaksinlə təmin edə bilməyəcək. Ona görə də Azərbaycan tərəfi belə qərara alıb ki, ilkin etapda orqanizmi zəif olan vətəndaşlar peyvənd edilsin. Yəni ölkəmizdə hamıdan öncə immuniteti zəif olanlar, xəstəliyi ağır keçirən insanlar və bir də məktəbyaşlı uşaqlar  peyvənd ediləcək”.

Şair Qurbanov onu da qeyd edib ki, “donuz qrip”nə qarşı vaksinin yaxın vaxtlarda hazır olacağı bildirilsə də, bu preparatın kokret nə vaxtdan ölkələrə paylanılacağı məlum deyil.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir