21Fervral | Ana Səhifə - Yazılar - Anam üçün...
Anam üçün...

Doğulan hər körpənin, qoruyucu bir mələyi var və bu mələyin adı “Ana”dı. Doğurdan  da elə deyilmi? Bu həyatda, analarımızdan daha qoruyucu, daha vəfalı, daha mərhamətli kimsə varmı? Bizim xoşbəxtliyimiz üçün öz səadətini fəda edən, bizim üzüntümzə daha çox üzülən, bizim üçün hər zaman daha yaxşısını istəyən və bunun üçün əmək sərf edən başqa biri varmı? 

Hələ uşaqlığımızda, onun dəyəri bambaşqadır yanımızda. Onsuz bir dünya düşünmərik.  Üzüntümüzdə, kədərimizdə, ağlımıza gələn ilk insan odur. Maraqlı bilirsiz nədir? Pis bir iş görəndə anamızdan aldığımız bir cəza sonucunda  belə, 'Ana, ana!" deyə ağlarıq. Bizə cəza verən insana eyni zamanda sığınmaga çalışırıq. Çünkü bilirik ki, ən əmin, ən sağlam qalamız odur. 

Anamız  bizdə  yaxşı və təmiz özəlliklərin olması üçün ən təmiz duyğularını xərcləyib. Gecələrini ağlamağa başladığımız və rahatsız olduğumuz anda bizim üçün tükədib. Bizə hər zaman nəsihətlər verib,  doğru getdiyimiz anda, bizimlə fəxr edib, pis anlarımızda üzülüb, göz yaşı axıdıb. Çilə çəkən, əziyyətlər görən övladı üçün bunlara qatlananan anadır. 

Ana deyilmidir yavrusuyla ağlayan, onunla gülən, xəstələnəndə onunla sabahlayan. Önəmli olan sadəcə analar günündə  ya da bayramlarda xatırlamaq deyildir. Analarımıza onları çox sevdiyimizi hər fürsətdə göstərməktir. Yaşlanınca baxmaq, istədiyində yanında  olmaqdı. Heç  bir sevgi ana sevgisindən böyük deyil. Yeri gələr naz edirik, yeri gələr küsərik, halbuki, onlar bizi ən içdən duyğularla sevərlər, hətta bizlər üçün canlarını verərlər. Biz böyüyüb ondan qoparkən belə, o, bizə hər fürsətdə sarılar, hər an qorumağa çalışar. Hər yaşda sənə körpə kimi baxar, saçına ağ dən düşər, amma ananın hələ də kiçik körpəsi olarsan. 

Anam qarşımda ağ saçlarıyla oturmuş, üzündə yorğun və əzab ifadəsi... Artıq o, gənc deyil, mən də uşaq. İkimizin də saçlarında bəyazlar... Amma o mənə yenə də körpə sevgisiylə baxır, artıq üzümü aydın görməyən gözlərində hələ də sevgi işığını görürəm. 

Yənə də övladlarını qorumaq üçün nəsə etməyə çalışır. O gücü olmasa belə. Həyatın ağır yükü çiyinlərində, illər onu çox yıpratmış. Gözünün nuru getmiş, xəstəlik ona qalıb gəlmiş. Amma o ömrünün 40 ilini həm də yüzlərlə uşağa analıq etmiş. Öyrətmiş, vicdanla təmənnasız. Mənim əməkdar anam. Bəlkə əməkdar müəllim titulu daşımır, amma o bizim əməkdarımız. Çünkü o bizi böyüdərkən boynu bükülmüş... Biz adam kimi adam olaq deyə, gənckən yaşlanmış. 

Bu gün anam yeni yaşına adlayır. Azacıq yaşı var mənim anamın. Sizin analarınız da. Analar yaşlanmaz ki... Biz onların hər zaman körpəsiyik. Anamın bir yaşı var. Çünki o, bu il bizim üçün yenidən doğuldu. Ağır beyin əməliyyatında bəlkə də bizim üçün sağ qaldı. Anam artıq bizim körpəmizdi. Onun yaşlandıqca, kiçilən vücudunda böyük ürəyi var. O böyük ürəkdə biz varıq. 

Təşəkkürlər, mərhəmətli, fədəkar Anam! Təşəkkürlər bizi böyütdüyün, ağır günlərdə, çətin anlarda bizi doyurmaq, oxutmaq üçün mücadilə verdiyin üçün. Təşəkkürlər həm anamız, həm atamız olan yücə qadın! Mərhəmətinin önündə sayğıyla əyilirəm. Bütün analar ucadı. Bu yazım hər kəsin fədakar  anası üçün. Anam üçün....

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU Yeni parlamentdə kimlər olsun?