10İyul | Ana Səhifə - Yazılar - "3 dənə iki"
"3 dənə iki"

Məhsəti Şərif


Bizim Ermənistanda girovlarımız var. Əsir düşüb, illərdir ermənilərə "qulluq" edən ana-bacıları, ataları, qardaşları demirəm. Onları unutmusunuz. Statistikaya çevirmisiniz... Amma atəşkəs imzaladıqdan sonrakı illərin girovlarından danışıram. Yaxın tarixdəki Dilqəm və Şahbazdan...


Dilqəmin son məktubunu oxudum. Övladlarına sitəm etmiş. "Sizin imtahandan aldığınız qiymətləri yaxşı bilirəm. 3 dənə iki!".


Əslndə o sitəm övladlarına deyil! Onları indiyədək girovluqdan qurtara bilməyənlərədir. Dilqəmin də, Şahbazında durumu pisdi. Ermənilər beynəlxalq təşkilatlar olmasa, onları çoxdan öldürərdi. Amma onlar var deyə, yavaş-yavaş, içdən kəmirirlər. Öz əcəlləri ilə öldü süsü vermək üçün hər türlü bacarıqlarını səfərbər ediblər.


Bəs nə düşünürdüz? Dilqəm nə edəcəkdi? “Şanlı vətənəmin övladları kefə baxırıq”mı deyəcəkti? Ağlınız ermənilərin arada bizə qaçıb gələn nümayəndələrinə gedib?  Dilənçi günündə gəlib, yeyib-içib, kökəlib sonra da alqışlarla üçüncü ölkəyə göndərilirlər. Elə Azərbaycana keçmə məqsədləri də budur zatən...


Dilqəmlə, Şahbazın isə ağızında dişiləri qalmayıb. Mən nə Qızıl Xaç Komitəsindən, nə Avropa Məhkəməsindən, nə də uzun-uzun adları və yüzlərlə əməkdaşı olan beynəlxalq təşkilatlardan bir imdad umuram. Yəni, onlardan nəsə gözləyəcək qədər saf deyiləm. Yoxsa 20 ildən çoxdu işğal olunan torpaqlarımızın alınması üçün vasitəçi olan ATƏT-ə inanımmı?..
 

Onlara inansaq, onda iki gorovdan da əlinizi üzün.

 
Dilqəm və Şahbaz.  Əsir şəhərin girov insanları… Məndən, səndən fərqli olaraq, əllərində bayraq yurdlarına getməyə cəsarətləri çatdı. Üç nəfər idilər. İki qaldılar. İkinin sıfır olmaması üçün daha çox çalışmaq lazımdı. XİN-in bir açıqlaçasını oxumuşdum: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə bu istiqamətdə müzakirələr davam etdirilir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bu məsələdə aktiv işlər aparılır. Beynəlxalq təşkilatlarla də müntəzəm danışıqlar aparılır. Onları azad etmək üçün bütün lazımı tədbirlər görülür".


Protokol  cümlələr… Elə torpaqlarımızın azadlığı üçün də neçə illərdi bu cümlələri eşidirdik. Biz şablon cümlələr və rəsmi yazışmalara davam etməkdənsə, separatçı rejimə effektiv  təzyiq göstərmənin yollarını axtarmalıyıq.  Qondarma bir separatçı rejimin çıxardığı hökmün heç bir ciddiyyəti olmadığını bilirik. O üzdən gərəkirsə, bütün dünyada Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları başlaya bilər. Eləcə də dünyadakı əhəmiyyətli beynəlxalq tədbirlərdə...


Kəlbəcər Azərbaycanın torpağıdır və Azərbaycan vətəndaşı öz torpağında girov götürülə, həbs edilə bilməz!  Ona görə də məsələni beynəlxalq təşkilatlar həll edəcək deyib, gözləmək yanlışdır! İki insanın ölümünü gözləmək ayıbdır! Mən diplomat deyiləm, bəlkə o üzdən məsələyə duyğusal yanaşıram. Amma Dilqəmin son məktubu onu göstərir ki, biz çox gecikirik və bu məktub son ola bilər! O zaman sinifdə qalacaqsınız! "3 dənə iki" sizin olacaq!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv