Modern.az

“Azərbaycan” Nəşriyyatının “Ədalət”i...

“Azərbaycan” Nəşriyyatının “Ədalət”i...

28 Sentyabr 2009, 11:41

Yolum tanış ünvana idi-«Azərbaycan» nəşriyyatına. Ona görə tanış deyirəm ki, artıq bir dəfə burada olmuşdum. Bu dəfə nə «Azərbaycan»ın qarşısında gözləməyə hövsələm çatdı, nə də içəri daxil olmaq problemim oldu. Ötən dəfə nəşriyyatın girişində özünü necə aparmaq dərsi keçmişdim. Ona görə də çatan kimi qapıda duran polisə özümü buralara bələd olan şəxs kimi göstərərək ondan icazə alıb liftlə altıncı mərtəbəyə qalxdım. «Ədalət»ə gedirdim. Deputat Aqil Abbasın təsisçi olduğu qəzeti deyirəm.

«Ədalət»i tapa bilmirdim

Liftdən düşüb altıncı mərtəbədə dəhlizi bir neçə dəfə o baş-bu baş gəzməli oldum. Tərslikdən qarşıma bir nəfər də çıxmadı ki, redaksiyanın yerini ondan soruşum. Narahat idim, birdən planlaşdırmaya gecikərəm. Axı mənim reportajım planlaşdırmada iştirakdan başlayır. İndi bu qapılardan hansı «Ədalət»in redaksiyasıdır? Rəhmətliyin nəvələri, qapının üstünə “Ədalət” yazıb vurmaq nə çətin iş imiş ki...
Axırda məcburən qapılardan birini açıb tanımadığım qəzetin, tanımadığım işçisindən «Ədalət» qəzetinin yerini soruşdum, o da sağ olsun, axtardığım ünvanı mənə nişan verdi.

“Bura kolxoz deyil ki, planlaşdırma da olsun!”

Deyəsən reportaja gələcəyimdən hamısının xəbəri varmış. Hər halda dünəndən xəbər eləmişdik. Salam verəndən sonra mənə göstərilən yerdə oturub bir qədər gözləməli oldum. Sol tərəfdə qapısı açıq olan birinci otağa baxanda qəzetin təsisçisi, keçmiş baş redaktor, deputat Aqil Abbası gördüm. Yanındakı cavan bir oğlana necə əsəbləşmişdisə, səsi bu biri otağa gəlirdi. Aqil müəllimin redaksiyada olması lap yerinə düşdü. Heç onun iştirakı olmadan «Ədalət»dən hazırlanan reportaj maraqlı alınardımı?...
Bir qədər sonra mənə məlum oldu ki, baş redaktor İradə Tuncay işə gec gələcək, ona görə də birinci Aqil Abbasla görüşməliyəm. Amma təsisçinin hələ də yanında olan cavan işçiyə bərk hirslənməsi və hirsinin soyumaması məni bir qədər əndişələndirdi. Buna baxmayaraq Aqil müəllim işçisi ilə «razborkasını» yekunlaşdıran kimi otağa mən daxil oldum. O, hansı məqsədlə gəldiyimi soruşdu, məramımı biləndə bir azca sakitləşdi, deyəsən hirsi də soydu.
Mən də fürsətdən istifadə edib söhbətə körpü salmaq üçün «Aqil müəllim, planlaşdırma nə vaxt başlayacaq»-deyə ilk sualımı ona ünvanladım. Aqil müəllimi od götürdü, bayaqkı hirsi-hikkəsi üzünə qayıtdı və çox əsəbi halda cavab verdi: “Ay qızım, bura kolxoz deyil ki, planlaşdırma da olsun!”. Amma mən də geri çəkilmədim, cəld söhbəti başqa istiqamətə yönəldib vəziyyətdən çıxa bildim. Sonra Aqil müəllim məni redaksiya ilə tanış etdi.

Təsisçi qəzetin işlərinə həm qarışır, həm də qarışmır

Qəzetin işlərinə qətiyyən qarışmadığını deyən Aqil Abbas ancaq redaksiyanın maddi-texniki bazası ilə bağlı məsələlərlə məşğul olduğunu söylədi. Ardınca da əlavə etdi: “Ədalət həmişə bir kursda,  bir yolda gedən, eyni səviyyədə dayanan, öz nüfuzunu qoruyan bir qəzetdi və bundan sonra da belə olacaq. Mən bu qəzeti elə qurmuşam ki, həmişə yaşayacaq». Deputatın sözlərinə görə, onların qəzetində demokratik mühit var, kim nə istəyir danışa, iradını bildirə, təklif irəli sürə bilər və s.
Bayaq qəzetin işlərinə qətiyyən qarışmadığını deyən Aqil müəllim söhbət arasında bildirdi ki, o, qəzetin siyasi kursunu da nəzarətdə saxlayır ki, kənara çıxmalar olmasın. Aqil müəllim inciməyin, maddi-texniki məsələlərlə məşğul olmaq, siyasi kursa nəzarət etmək, ta bunun harası işə qarışmamaq oldu?...
Millət vəkili təsisçisi olduğu qəzetdə işçilərin minimum yaşayış səviyyəsini təmin edə bildiyini də söylədi. Onun sözlərinə görə,  “Ədalət”dən sonra fəaliyyətə başlayan mətbuat orqanları «Ədalət»lə ayaqlaşa bilməz: “Onlar balaca qayıqlardı. «Ədalət»də çalışmış bir çox peşəkar jurnalistlər bizim redaksiyamızdan ayrılandan sonra müstəqil qəzetlər yaradıblar. Burada öyrənib, görüb-götürüb, bişib, qəzetçiliyin nə olduğunu biliblər. «Ədalət”də təkcə jurnalistlər yetişməyib, bizim qəzetimiz hüquq qəzeti olduğundan redaksiyamızda hüquqşünaslar da çalışıb. Burda Hidayət Elvüsal kimi jurnalist çalışıb eee.”.
Aqil Abbas maarifçi mətbuatın tərəfdarı olduğunu bildirdi: “Mən maarifçi mətbuatın tərəfindəyəm. O mətbuatın ki, insanalara nəyisə öyrətsin, aşılasın. Bütün fəaliyyəti xəbər üstündə qurmaq düzgün deyil».

«Bizim mərtəbədə «reket» qəzet yoxdu»

«Ədalət»in qurucusu son vaxtlar bəzi media nümayəndələrinin yaxın gələcəkdə internet mətbuatının kağız mətbuatını sıradan çıxaracağı barədə dediklərinə belə münasibət bildirdi: «Bunlar həqiqətdən uzaq fikirlərdir. Nə internet mətbuatı, nə də interneti yaradanlar heç vaxt kağız mətbuatını sıradan çıxara bilməyəcəklər».
Aqil müəllim niyəsini də izah etdi: «Biri var gözəl xanımı bağrına basıb, qucaqlayıb öpəsən, biri də var televizyaya, internetə baxıb qıza öpüş göndərəsən. Qəzet də, jurnal da o xanım kimidir. Bəzən televiziyadan, internetdən əldə edilən informasiya dəqiqlilə yadda qalmır, amma həmin xəbəri əlimizə aldığımız qəzetdən oxuyanda daha yaxşı yaddaşımıza yerləşir».
Fürsət düşmüşkən Aqil Abbasdan  «Azərbaycan» nəşriyyatının “reket” qəzetlərin məskəni olması barədə deyilənlərə də münasibətini öyrəndim. Deputat dedi ki, «Ədalət»in yerləşdiyi mərtəbədə «reket» qəzet yoxdur: «Mən 19 ildir, bu mərtəbədə işləyirəm. Buranı həm də öz evim kimi sayıram. Bizim qonşularımız arasında «reket» redaksiya yoxdur. Olsaydı, onları özüm köçürərdim”.

«Ədalət»ə şikayət məktubları azalıb

Təsisçi ilə söhbəti yekunlaşdırıb keçdim qəzetin humanitar şöbəsinin müdiri Etibar Cəbrayıloğluna yanına. Tanınmış həmkarımız da «Ədalət»də planlaşdırmaya ehtiyac olmadığını dedi: «Bu redaksiyada hamı peşəkardı. Hər kəs öz işini yaxşı bilir. Ona görə də rəsmi toplantıya nə ehtiyac”.
Qəzetin Etibar Cəbrayıloğlu ilə eyni otaqda oturan iki əməkdaşı işdə yox idi. “Ədalət”də lətifələr müəllifi kimi tanınan Oqtay Salamoğlu xəstə olduğuna görə işə çıxmamışdı.
Veteran müxbir, deyilənə görə bir müddət “Ədalət”dən ayrılıb başqa qəzetlərdə çalışan, amma digər yerlərdə ədalət görmədiyi üçün yenidən köhnə iş yerinə qayıdan Kərim Kərimli ilə də tanışlığım baş tutmadı.
O biri otaqda əyləşən ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Babək Yusifoğlu qəzetə göndərilən şikayət məktublarının sayının azlığından gileyləndi. Dedi ki, indi ayda cəmi 20-25 məktub alırlar (Gör haaa, hələ bu azdır? Elə qəzet var, heç məktub-filan almır). B.Yusifoğlu dedi ki, əvvəllər belə deyilmiş, redaksiyaya o qədər şikayət məktubu daxil olurmuş ki, hətta dövlət orqanlarına daxil olmayacaq sayda. B.Yusifoğlunun fikrincə, məktubların azalmasının səbəbi budur: ya şikayətçilər yorulub, ya da ölkədə problem azalıb.
«Ədalət»in operatoru Vüsalə Babayeva işindən çox razılıq etdi. Redaksiyada onu ictimaiyyətlə əlaqələr şöbəsinin vuran əli də adlandırırlar. Çünki Vüsalə xanım daxil olan məktubların qeydiyyatına, saf-çürük edilməsinə, onlara cavab verilməsinə də məsuldur.

“Redaksiyanı siqaretlə təmin edirəm”

Reklam şöbəsinin müdiri Ceyhun Rüstəmov işin çətinliyindən şikayətləndi. Dedi ki, indi qəzet üçün reklam tapmaq zor işdir, özü deməsə də, başa düşdüm ki, reklam tapa bilmədiyinə görə rəhbərlik tərəfindən tənbeh olunmamış deyil. Onun sözlərinə görə, qəzetə reklamlar əsasən Aqil Abbasa görə verilir. Bu reklamlardan toplanan gəlirin 25 faizi də Ceyhun Rüstəmova düşür. Ürəyimdə fikirləşdim ki, Aqil Abbasa görə verilən reklamın 25 faizi ona düşürsə, sevinməlidi ki... C.Rüstəmov onu da söylədi ki, qazandığı pulun çoxu siqaret almağa gedir: “Çünki redaksiyadakı kişilərin 70 faizi mənim siqaretimdən çəkir”. Reklam müdirinin bircə dərdi var, o da Aqil Abbasın qazandığı hörmətin beşcə faizini əldə etmək, vəssalam!
Həm texniki redaktorluq, həm də dizaynerlik edən Nizami Allahyarov isə özünü belə təqdim etdi: baş redaktor işdə olmayanda onun nigarançılığını çəkən işçi.
Əvvəl jurnalist, sonra korrektor, indi də dizaynerin köməkçisi. Bu yolu keçən «Ədalət»çi Şamxal Şəbiyevdir. Redaksiyadakı qızlardan birinə ürəyini açan, ancaq sevgisinə “otval” verildiyinə görə acıq edib işdən gedən oğlan. Bir də dörd aydan sonra qayıdıb. Bunu mənə özü dedi, həm də içi yana-yana danışdı.

«Ədalət»ə qadın əli lazım imiş, onu da tapıb

Kollektivlə söhbətimizin şirin yerində, təxminən saat 13.00 radələrində Aqil Abbasın xanımı, baş redaktor İradə Tuncay da gəlib çıxdı. Müdir gəldiyi üçün əməkdaşlarla söhbəti yarımçıq saxlayıb onun otağına keçdim.
Ətrafında ağıllı adamların olmasını istəyən İradə xanımla da planlaşdırmadan danışdım. (Deyəsən planlaşdırmadan çox söz salmaqla mən də planı doldurdum). İradə Tuncay planlaşdırmaların formal xarakter daşıdığını deyərək belə toplantılardan  xoşu gəlmədiyini vurğuladı: “Nə barədəsə söhbət etmək lazım gələndə, mövzü vermək istəyəndə işçilərlə ayrı-ayrılıqda  danışıram. Biz “Nyu-York Times»ın deyilik ki, hər gün 100 səhifəlik qəzet çıxaraq. Biz müəyyən çərçivədə işləməyə çalışırıq».
İradə xanım yarıciddi-yarızarafat dedi ki, «Ədalət»də Aqil müəllimin baş redaktorluğu dövründəkindən fərqli olaraq indi daha ciddi nizam-intizam, səliqə-səhman yaradılıb: «Aqil müəllimin vaxtında redaksiyada intizamsızlıq, qarışıqlıq yaranmışdı. Qəzetin qadın səliqə-səhmanına ehtiyacı vardı. Onu da mən yaratdım. Mən gələndən hiss edirəm işçilərimizin əsəbiləri də sakitləşib». Onun sözlərinə görə, qəzetin təsisçisinin deputat olması heç də bütün problemlərin həlli demək deyil: “Deputat Allah deyil ki, qəzetin bütün məsələlərini yoluna qoya bilsin”.
Baş redaktora işçiləri barədə də suallar verdim. Dedi ki, rəhbərliyə gələndən sonra özlərini yaxşı apara bilməyən bəzi içiləri “Ədalət”dən uzaqlaşdırıb. «İndi redaksiyanın ən qoçaq əməkdaşı kimdir» sulına da konkret cavab vermədi: «Belə bir əməkdaş var. Ancaq onun adını açıqlamaq istəmirəm. Birdən işçilər arasında inciklik yaranar».
İradə xanım əməkdaşlardan Ceyhun Musaoğlunun həmişə redaksiyada hay-küy qoparması ilə fərqləndiyini söylədi.
O, son illər gənc jurnalistlərin yetişməməsindən də söz açdı: “Mən çevik, gənc kadrlar axtarıram, ancaq hələ tapmamışam. Düzdü, bizə iş üçün müraciət edən çox gənc olur, amma onların yazılarına baxanda ötən əsrin 50-ci illərinin iyini hiss edirsən”.

Şöbə müdiri təsisçinin əksinə gedir?

Baş redaktorla söhbətimi bitirəndən sonra həmsöhbətim xəbərlər şöbəsinin müdiri Ceyhun Musaoğlu oldu. Aqil Abbasdan fərqli olaraq Ceyhun bəy dedi ki, qəzet informasiyaya söykənməlidi. Onun fikrincə, qəzetçilik həm də biznesdir: «Ancaq Azərbaycanda qəzet bazarı yoxdur». Ceyhun Musaoğlunun sözlərindən belə belə məlum oldu ki, jurnalistlik eləməklə pis yaşamır: “Azərbaycanlıların təfəkküründə yaşamaq yeməkdirsə, onda ən yaxşı yaşayan mənəm”. Ceyhun bəyin bayaq mühasibin otağından çıxanda tələm-tələsik 6 ədəd yüzlük dolları qatlayıb cibinə qoyması diqqətimdən yayınmamışdı. Dedi ki, bu pulu ona fond verib ki, özünə noutbuk alsın.
«Ədalət»in daha bir əməkdaşı əvvəllər jurnalistlik edib, sonralar isə yazmağın daşını atıb. Bununla belə, indi də yazı yazır amma, özününküləri deyil, özgələrin yazılarını. Bu, operator Gülər İsmayılovadı. Gülərin sözlərinə görə, jurnalistlik peşəsi sərf etmədiyi üçün ondan uzaqlaşıb.
Qəzetin gənc əməkdaşlarından olan müxbir Vüsal Məmmədli özünü peşəkar jurnalistlər sırasında gördüyünü dedi. Maraqlıdır ki, özünü peşəkar sayan bu oğlan «Ədalət»də özünə staj yığmaq üçün işlədiyni söylədi. Hətta bir qədər səmimiliyinə şübhə ilə yanaşdığım sözlər də söylədi. Guya, aldığı 120-160 manat məvacib onu tam qane edir və hətta bu pulla normal dolana da bilir.
“Ədalət”in təzə, jurnalistikanın isə köhnə simalarından olan müxbir Gültəkin Qəhrəmanlı bir ay olar ki, bu redaksiyada qərar tutub: «Burada işə təzə başlamışam, hələki kollektivdən razıyam. Dəqiq bilmirəm bu qəzetdə işimi davam elətdirəcəm, ya yox
Redaksiyanın baş mühasibi Tahirə Cəlilova tərəzi bürcündən olduğu üçün hər şeyi tarazlaşdırmağı yaxşı bacaran əməkdaş sayılır. Amma hərdən təsisçi ilə mübahisəyə girir. Tahirə xanımın sözlərinə görə, onun Aqil Abbasla mübahisələri həmişə heç-heçə başa çatır: «Aqil müəllim kimi «kaprizni» bir adamnan işləmək özü böyük bir işdi”.
Qəzetin keçmiş əməkdaşlarından olan Rüstəm Hacıyev də həmin gün redaksiyada idi, yazı gətirmişdi. O, 4 il əvvəl “Ədalət”də hüquqşünas işləyib: «Mütəmadi olaraq qəzetə yazılar verirəm, amma qonarar almıram”.
Baş redaktorun köməkçisi, həm də katibəsi Mehriban Cəfərova üstəlik operatorluq da edir. Ona ancaq Aqil Abbasın yazılarını yığmaq həvalə olunur. Yeri gəlmişkən, bayaq İradə Tuncay Mehribandan razılıq edərək çalışqan qız olduğunu demişdi.

Məzuniyyətdəki əməkdaşlar və bölgə müxbirləri

«Ədalət»in bir xeyli işçisi məzuniyyətdə olduğundan onları tanıya bilmədim. Baş redaktorun müavini Əbülfət Mədətoğlu, sosial mövzularda yazan Faiq Qismətoğlu, təhsil mövzularında yazan Məmmədəli Mustafa, Qarabağ mövzularında yazan-Kərim Kərimli.
Redaksiyada mənə dedilər ki, “Ədalət” qəzetinin 6 bölgədə müxbir postu var. Məzahir Əhmədoğlu Zaqatala, Hacıbala Talıbov Qarabağ, Çingiz Ələkbərzadə Quba, Səxavət Məmmədov Lənkəran, Yaşar Nəbiyev Gəncə, İslam Niftiyev Şirvan bölgəsini təmsil edir.
Yeri gəlmişkən, mən “Ədalət”in redaksiyasında olanda, bölgə müxbirlərindən biri yazı gətirmişdi. Şirvan bölgəsi üzrə müxbir İslam Niftiyev dedi ki, iki həftədən bir redaksiyaya gəlir. İstədim soruşam ki, ay İslam müəllim, əziyyət çəkib o boyda yolu gəlincə, niyə yazılarınızı internetlə göndərmirsiniz. Amma soruşmadım.
Sonda onu da qeyd etməliyəm ki, “Ədalət”çilər məni əliboş yola salmadılar. İsrarla etiraz etsəm də, zorla çantama bir qutu konfet qoydular ki, reportajı yazanda bir az şirin alınsın. Alındı ya alınmadı özləri deyərlər.

 

"Bu qapının üstünə niyə "Ədalət" yazmırsız?"

Aqil müəllimi fotokameranın yaddaşına köçürəndə hirsi artıq soyumuşdu

"Ədalət"in ədalətli baş redaktoru İradə Tuncay

Mehriban xanım Aqil Abbasın köşə yazısını gözləyir

"Şikayətlərə baxan şöbə"nin müdiri Babək Yusifoğlu

Etibar Cəbrayıloğlu həmişəki kimi yaxşı əhval-ruhiyyədədi

Reklam müdiri : "İndi reklam tapmaq yaman zor işdi"

"Ədalət"in ən yaxşı yaşayan əməkdaşı Ceyhun Musaoğlu

 

Keçmiş jurnalist, indiki operator Gülər İsmayılova

Sabiq "Ədalət"çi hüquqşünas Rüstəm müəllim: "Mən qanorar almıram"

Gültəkin Qəhrəmanlı ya qalacaq, ya gedəcək...

 

Sevgi oxu daşa dəyən Şamxal Şəbiyev

  

Vüsalə üçün deyəsən bekarçılıqdı...

160 manatla dolanan müxbir

"Bölgələrdə heç bilirsiz nə qədər problem var?"

 

Texniki şöbənin şefi

Onlar "Ədalət"in işığına yığışıblar

 

Günay MUSAYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir