17Aprel | Ana Səhifə - Yazılar - Polad Bülbüloğlu nazirə bu barədə pıçıldaya da bilmir?
Polad Bülbüloğlu nazirə bu barədə pıçıldaya da bilmir?

Fazil Mustafa


Azərbaycan İncəsənət Muzeyinin həyətinin arxasında üç iri qabaritli görünməz büst var. Bunlar 25 ildən çoxdur orada gizlədilir və nə baş çəkən, nə də xatırlayan var. Üzeyir bəyin, Xan qızı Natəvanın və Bülbülün Şuşanın işğalından öncə Bakıya gətirilmiş büstlərdir bunlar.

Guya vəzifəli şəxslərdən kimsə deyib ki, Şuşa işğaldan azad olunandan sonra bu büstləri təkrar doğma məkana qaytaracaqlar. Odur- budur, tarixi şəxsiyyətlərimizin büstlərini muzeyin həyətinin arxasındakı dar bir köşədə yerləşdiriblər və deyəsən unudublar ki, burada bu sənət əsərlərinə yolun üstündəki səkidən boylanaraq ancaq baş tərəflərindən baxmaq mümkündür.

İdeya olaraq doğrudur, Şuşamız işğaldan azad olunsun, onları da geriyə -öz yerlərinə qaytarmaq vacibdir. Lakin təbliğat üçün qafamızı işlədə bilmədiyimizdən, bu cür abidələrdən də indi necə faydalanacağımızı hələ də müəyyənləşdirə bilməmişik.

Düşünürəm ki, Bakı Bulvarına çox sayda insanın, o cümlədən xarici turistlərin baş çəkdiyini nəzərə alaraq orada "Sürgün olunmuş abidələr" adlı bir memorial kompleks yaratmaq olar. Bu üç abidənı də oarada yerləşdirib üzərində xarici dillərdə tanıtım məntləri yazaraq, Azərbaycan torpaqlarının işğalı faktına əyani diqqət yönəltmək olar.

Yəni erməni barbarları yalnız insanları deyil, abidələri də öz məkanlarından sürgün ediblər, onlara da atəş açıblar. Bu üç sənət əsəri muzeyin arxasında gizlədilməkdənsə, təbliğat vasitəsi kimi istifadə olunarsa yaxşı olmazmı?

Üzeyir bəylə Xurşudbanu Natəvanın kimsəsi qalmayıb, Bülbülün oğlu hörmətli Polad müəllim o boyda Rusiyadakı səfirimizdir, özü də bu abidələr gətirilən vaxtlar mədəniyyət naziri olub, indiki, mədəniyyət nazirinə bu barədə pıçıldaya da bilmir?

Bu abidələr muzeyin arxasında həbsxanada qalmaqdansa, bulvara “sürgünə” göndərilməsi ağıllı variant olmazdımı?

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv