05May | Ana Səhifə - Yazılar - Qaş düzəltmək istəyirdilər...
Qaş düzəltmək istəyirdilər...

Firuz Mustafa


Biləcəridə təzə “Dardanel boğazı” əmələ gəlib.

Biləcəri enişi deyilən yerin sonunda bir dairə var. Bu dairəni son 10 ildə, yalan olmasın bəlkə 11 dəfə söküb, sonra da təzədən tikiblər. Beləliklə, dairə gah kiçilib- gah böyüyüb, gah “kökəlib”- gah da “arıqlayıb”. 

Bir neçə gün əvvəl əlikülünglü-belli-xəkəntazlı-lomlu adamlar, habelə ağır-yüngül texnika, dairəyə hücum çəkdi, onu və onun ətrafındakı yollları dağıdıb alt-üst etdi. Bu tərəflərdə yaşayanlar bu mənzərəni görüb mat-məəttəl qaldılar. Axı yol elə də pis deyildi. Sonra adamlar fikirləşdi ki, eybi yox, yəqin yolu genişləndirirlər, dairəni kiçildirlər. Axı bu ətrafdakı yollarda arada tıxac yaranırdı. 

Amma... Sən demə, məqsəd başqa imiş. Dünən təzə “kruq” və təzə asfalt örtüklə yamanmış yol istismara verildi. Bəlkə də inanmazsız, köhnə dairənin qabağına bir “yarımdairə” də əlavə edib yolu lap daraltdılar. Təsəvvür edin, əvvəllər dairənin yanından keçən yoldan yan-yana 5-6 maşın rahatca keçirdisə, indi həmin yoldan böyür-böyürə 2 maşın zor-bəla ilə, özü də bir-birinə sürtünə-sürtünə keçir. Necə deyərlər, qaş düzəltdikləri yerdə...

Dünəndən bəri həmin dairəyə yeni ad da veriblər: Dardanel boğazı.

Bəli, dünəndən bəri bu “yeniləşmiş” yolda elə bir tıxac yaranıb ki, gəl görəsən. Bu nəqliyyat qaragürühundan və xaosundan yaxa qurtarmaq istəyən maşın və sürücülər Biləcəri qəsəbəsinin aralıq yollarında nalə çəkib, inildəyə-inildəyə özlərinə təzə yollar arayırlar.

Görəsən, “abadlıq” adı altında aparılan bütün bu bərbadlıq, bu biabırçılıq kimə lazım olub?

Budur, həmin dairə boyu ard-arda düzülüb tıxacda haray-həşir qoparan maşınların siqnal səsi aləmi başına götürüb.

Həmin dairənin yaxınlığında yol çəkilişi ilə məşgul olan bir idarə də var. Heç olmasa bu dairəni və yolu bu günə salmazdan əvvəl həmin idarə ilə məsləhəşəydilər...

Amma... Allah bilir, bəlkə də elə o “məsləhətləşmədən” sonra bu vəziyyət yaranıb.

P.S. Əslində bu yazını mən yox, nəqliyyat və yol ekspertləri yazmalı idilər.

05.05.19

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv