14May | Ana Səhifə - Yazılar - Belələri bütün efirlərdən qovulmalıdır
Belələri bütün efirlərdən qovulmalıdır

Mülatif Adurov,
Prezidentin fərdi təqaüdçüsü, 
veteran telejurnalist


Əvvəllər bunu  musiqi aləmində yenilik kimi qəbul edirdilər. Özü də fonoqramla mahnı oxumağı kimlər sevirdilər? İstedadı, bacarığı, musiqidən xəbəri olmayan qeyri-peşəkarlar. Aralarında çox təəssüf ki, təzəcə mahnı oxumağa başlayan uşaqlar da, tanınmış müğənnilər də, xalq, əməkdar artistlər də var. Az qalıb ki xanəndələr də buna əl atsınlar. Tanınmış bir müğənniyə bunu irad tutanda “vallah, yaddaşım itib, sözləri unuduram” deyir. Bu o deməkdir ki, müğənniliyə yaramırsan, get başqa bir peşənin qulpundan yapış.


AzTV istisna olmaqla bütün televiziyalarda fonoqramla oxumaq dəbə düşüb. Hətta bəzi kanallar tamaşaçıya sürpriz olsun deyə “Canlı ifa” titrini də efirə verirlər. İş o yerə çatıb ki, bir telekanal hava haqqında məlumatı oxuyan aparıcının səs yazısını gündə bir neçə dəfə efirdə səsləndirir. Elə anlar olur ki, Bakıda zəif də olsa yağış yağdığı halda, bayırdan xəbəri olmadan aparıcı efirdə “Bakıda hava yağmursuz keçəcək” deyir.


Bir daha fonoqram barədə. Mahnı oxuyan zaman efirdə görünən musiqiçilər bekarçılıqdan mürgüləyir, ya da biri-biri ilə zarafatlaşırlar. “Space” televiziyasında son zamanlar baş verən biabırçılığın əsas mənbəyi elə fonoqramdan qaynaqlanmaq olub. Telekanal işçilərini, müğənniləri məhkəməyə verməkdənsə günahı fonoqramda görməli idilər.

       
Mağar toylarının birində müğənni fonoqramla mahnı oxuduğu yerdə bir gənc bekar dayanmış musiqiçilərə yaxınlaşıb, stolun üstündəki  “Spidola” maqnitofonunu yerə çırpıb, səs kəsilib.  Sən demə, işbazlar mikrofonu “Spidola”nın qabağına qoyub səsgücləndirici dinamiklərlə gurultu yaradırlar (buna da bir məqsəd var). Biabır olan müğənni heç qımıldanmayıb da. Xuliqanlığa səbəb olan fonoqram deyildimi?

Ağsaqqallar münaqişəyə qarışandan sonra həmin müğənni toyxanadan qovuldu. Bizcə belələri təkcə toyxanadan deyil, bütün efirlərdən səhnələrdən qovulmalıdırlar. Elələri də var ki, hələ uşaqkən yazdırdığı fonoqramı saç-saqqalı çıxanadək səsləndirir.


Bəsdir! Nə vaxtadək dinləyiciyə, tamaşaçıya hörmətsizlik olar? Bizi avam yerinə qoyub mənliyimizi alçaltmaq cəhdlərinə qarşı hamılıqla “yox” deyilməlidir.


İndi zaman dəyişib, nadanlara üz verilməməlidir. Televiziya və Radio Yayım Şurası öz qətiyyətli sözünü deməlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv