31May | Ana Səhifə - Yazılar - Avropa Parlamenti seçkiləri: ilkin nəticələr nə vəd edir?!
Avropa Parlamenti seçkiləri: ilkin nəticələr nə vəd edir?!

Babək Ağayev

Cari ilin 23-26 may tarixlərində Avropa İttifaqına üzv 28 ölkədə Avropa Parlamentinə seçkilər keçirildi. Seçkilərin ilkin nəticələri artıq məlumdur və ilkin nəticələr onu deməyə əsas verir ki, Avropa Parlamentinin IX Çağırışında bir öncəki Çağırışdan ciddi fərqlər olacaq.

Hər şeydən əvvəl onu deyək ki, seçkilər Avropanın kifayət qədər gərgin olan siyasi gündəminin fonunda baş tutdu. “Brexit” və sonrasında Aİ-nin gələcəyi haqda ortaya çıxan müzakirələr, üzv ölkələrdə artan milliyyətçilik meylləri və bu meyllərin ortaya çıxardığı radikal sağçı, solçu, avroskeptik partiyaların təsirinin artması, uğursuzluğa düçar olan “brexit” danışıqları və s. kimi proseslərin fonunda seçkilərin nəticəsini dəqiq proqnoz etmək, demək olar ki, qeyri-mümkün idi. Qeyd edilməli mühüm məqam odur ki, Avropa Parlamentinə seçkilər əslində ancaq parlamenti seçmir, dolayısı ilə Aİ-nin idarə edəcək əsas siyasi fiqurları da müəyyənləşdirir. Çünki Aİ vətəndaşlarının İttifaqın icra strukturlarının rəhbər şəxslərini müəyyənləşdirməkdə birbaşa iştirak imkanı yoxdur. Belə ki, Aİ-nin Prezidenti, vitse-prezidenti, komissarları və digər bölmə rəhbərləri siyasi qruplar tərəfindən, daha dəqiq desək, əsas siyasi qruplar arasında razılaşma ilə seçilirlər. Dolayısı ilə seçicilər məhz bu və ya digər siyasi qruplarda birləşən Avropa Parlamenti üzvlərini seçirlər və seçdikləri üzvlər vasitəsi ilə hansı siyasi qrupların əsas söz sahibi olacağına qərar vermiş olurlar.

Bugün AP seçkilərinin nəticələrini “Euronews”a şərh edən Lüksemburqun Baş naziri Xavier Battel yuxarıda qeyd etdiyimiz məqama işarə edərək, Avropa Komissiyasının prezidentinin xalq tərəfindən seçilməməsindən narazılığını ifadə etmişdir: “... Mən şəxsən arzu edərdim ki, Avropa Komissiyasının prezidentini xalq seçəydi, siyasi qruplar deyil. Lakin düşünürəm ki, namizəd (Komissiyasının prezidentliyinə - B.A.) prosesin heç də ən vacib parçası deyil”. İstənilən halda, ilkin nəticələrə görə cənab Battelin Demokratik Partiyasının da aid olduğu ALDE (Avropanın Liberal və Demokratlarının Alyansı) bu seçkilərdə ən çox uğur əldə edən siyasi qrup oldu.

Seçkilərin ilkin nəticələri onu göstərir ki, gözlənildiyi kimi siyasi qruplardan heç biri tək başına AP-də çoxluğu təmin edə bilməyib. VIII Çağırışın “böyük koalisiyası” olan EPP (Avropa Xalq Partiyası) və S&D (Sosialist və Demokratların Mütərəqqi Alyansı) siyasi qrupları isə ciddi sayılacaq sayda oturacaq itiriblər. Belə ki, 2014-2019-cu illərdə 217 üzv ilə AP-nin ən böyük siyasi qrupu olan EPP, yeni parlamentdə də ən böyük qrup statusunu saxlamasına baxmayaraq cəmi 179 yer təmin edə bilmişdir. VIII Çağırışın ikinci ən böyük partiyası olan S&D isə 189 yerdən 153-ə geriləmişdir. Ən ciddi uğura isə, heç şübhə yoxdur ki, üzvlərinin sayını 68-dən 105-ə qaldırmağı bacaran ALDE imza atmışdır. Bu nəticə ilə ALDE Parlamentin ən böyük üçüncü fraksiyası statusunu təmin etmişdir. Yaşıllar 69 üzvlə dördüncü, ECR (Avropa Mühafizəkarları və İslahatçıları) 63 üzvlə beşinci, Marin Le Penin ENF-i (Xalqların Avropası və Azadlıq) 58 üzvlə altıncı, EFDD (Azadlıq və Birbaşa Demokratiya Avropası) 54 üzvlə yeddinci, GUE-NGL (Avropa Solçuları) isə 38 üzvlə səkkizinci siyasi fraksiya olmuşdur.

Fraksiya olaraq əsas uğuru ALDE təmin etməsinə baxmayaraq, siyasi baxışlar bazasında bu seçkilərin ən uğurlu nəticəsini məhz ENF və EFDD göstərmişdir. Avroskeptizm, ultra-sağçılıq, populizm və milləyyətçilik kimi məqamları öz siyasi baxışlarının ideoloji əsasına çevirən bu iki partiya birlikdə AP-də 112 yerə sahib olacaqlar. Bu isə ciddi bir gücdür. Bu, eyni zamanda avropalı siyasətçilər üçün də ciddi bir siqnal olmalıdır. Avropanın müxtəlif liderlərindən son bir neçə gündə gələn açıqlamalar da onu göstərir ki, məzh bu seçicilərin ciddi bir xəbərdarlıq siqnalıdır.

Avropa Parlamenti seçkilərinin nəticələrin rəsmi olaraq elan edilməsi, hələ ki, Aİ-nin 2 üzv ölkəsində - Polşa və Maltada baş tutmuşdur. Bununla belə, digər ölkələrdə də rəsmi nəticələrin ilkin nəticələr və bu nəticələr üzrə aparılan bölgülərdən ciddi fərqlənməyəcəyini iddia etmək mümkündür.