07İyun | Ana Səhifə - Yazılar - Sanki Qarabağın, Ağdamın axtarşındayıq
Sanki Qarabağın, Ağdamın axtarşındayıq

Vüqar Tofiqli


Ramazan bayramı ilə  bağlı bayramlaşma zamanı dostlarımdan biri “son vaxtlar yazılarına rast gəlmirəm, nə olub”,- deyə soruşdu. Bu da bir həqiqət idi ki, son vaxtlar Qarabağa, xüsusən də doğma Ağdamıma az-az gedirəm.

Bir az yorğun olduğumu söyləyib “sanki həyat eşqimin qeybə çəkilməsi səbəbindən yazmağa əlim gəlmir”,-deyə cavab verdim.

Etiraf etməliyəm ki, ciddi araşdırma aparılası məqamlar çoxdur. Ağdamın teatr mədəniyyətiylə bağlı bütün elmi-nəzəri mənbələri, materialların surətlərini çətinliklə əldə  edib toplamışam. Bu gün Ağdamla bağlı geniş bir məqalələr toplusu, Çörək muzeyi ilə bağlı tədqiqatın yenilənmiş və əlavələr edilmiş hissəsi çapa hazır vəziyyətddədir.

Hətta  dünyada ikinci olan Ağdam Çörək Muzeyinin bərpasıyla bağlı bütün yazışmalar da aparılmış, razılıqlar verilmişdi. Lakin dövlət və icra strukturları maliyyə tələb edən muzeyin bərpası işini kiminsə üstünə atmaq istəyirmişlər kimi göründü.

Deməliyəm ki, bu gün tək Çörək Muzeyi ilə bağlı min bir əzab-əziyyətlə topladığım  180-ə yaxın qiymətli eksponat əldə etmişəm. Dəyərli və təkrarsız. On ildən sonra yox, indidən o eksponatlara dəyər verməyin  vaxtı çatmayıbmı?

Gənc, böyüməkdə olan nəslə Ağdam və Qarabağın tarixi və dəyəri haqqında  bilgiləri verməliyik. Sərgiləməliyik. Həm də təkcə muzeyin bərpası açığı, elə də böyük maliyyə tələb etmir. Xaricdən valyuta ilə  dəvət edilən estrada müğənnisinə verilən qonararın onda biri də kifayət edər... Nə isə... 

Hörmət etdiyim şəxsin telefon danışığından düşünmək olardı ki, Ağdam eşqi, Qarabağ eşqi hələ ki unudulmayıb. Amma...

Bu gün Ağdamsız, Qarabağsız böyüyən gəncin artıq 26 yaşı olur. Və ən azı gərgin illərdə də on yaşın olmalıydı ki, köçkün həyatını, doğma torpaqların ab-havasını dərindən sinəyə çəkib, ürəkdən“oxayy”  demiş olaydın. Demək, o torpaqların zənginliyini,  qiymətini bilmək istəyində olan şəxsin bu gün minimum 36 yaşı olmalıdır.

Bununla nəyi demək istərdim. Hər birimiz hansısa formada yerləşmişik. Birinə Allah bir qapı açıb, digərini dövlətimiz şərait yaradıb. Yəni hazırda heç kim acından olmür, əli-ayağı yer tutan hər kəs özünə müəyyən şərait yaradıb. İçi özüm qarışıq.

Ancaq nə isə çatmır, çatışmır. Yeri gələndə özümüzü artist yerinə qoysaq da, alınmır. Bu itkini heç nə nə ilə bərpa etmək olmur, o torpaqların yerini heç nə vermir.

Yadımdadı, rəhmətlik Allahverdinin  restoranında yediyim çolpa supunun dadını ötən il Şamaxıda, Pirquluda tapa bildim, o da tam yox.

Hər birimiz axtarışdayıq. O torpaqların axtarışında, o yerlərin dadının-tamının axtarışında. Ağdamın, Şuşanın, Qarabağın axtarışında.

Sözsüz ki, torpaqlar da qayıdacaq, nə vaxtsa.

İstərdim biz o xoşbəxt günü görək, quruculuğunda yaxından iştirak edək. Ancaq o illərdəki xatirələrin bərpası, o illərdəki səmimiyyəti  qaytara biləcəyikmi?

Təki torpaqlarımızı qaytara bilək, nə qədər ki unutmamışıq...