Modern.az

CHP-çi millət vəkili Esfender Korkmaz: “Kimsə sərhədləri açmağa cəsarət edə bilməz”

CHP-çi  millət vəkili Esfender Korkmaz: “Kimsə sərhədləri açmağa cəsarət edə bilməz”

30 Sentyabr 2009, 19:44

MÜSAHİBİMİZ TÜRKİYƏNİN CÜMHURİYYƏT XALQ PARTİYASINDAN (CHP) OLAN MİLLƏT VƏKİLİ, PROFESSOR ESFENDER KORKMAZDIR

- Esfender bəy, Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı çeşidli məlumatlar dünya mətbuatını məşğul etməkdədir. CHP-dən olan millət vəkili kimi, siz bu haqda nə fikirdəsiniz?

- Cümhuriyyət Xalq Partiyası sərhədlərin açılmasına əvvəldən öz etirazını bildirib. Biz belə fikirləşirik ki, hökümət özü də sərhədlərin açılmasında, Ermənistanla protokolların imzalanmasında tərəddüd edir. AKP iqtidarı bu məsələləri Böyük Millət Məclisində müzakirəyə çıxarmaqla ABŞ-a belə bir mesaj vermək istəyir ki, guya hökümət olaraq, sərhədlərin açılmasında maraqlıdırlar. Buna baxmayaraq, parlament bunu qəbul etmədi. Bizə görə, bu, doğru addım deyil. Əgər hökümət bu protokolları imzalayıb Türkiyə Böyük Millət Məclisinə göndərərsə, o zaman Azərbaycana təzyiq etmiş olur. Belədə digər ölkələr də Azərbaycana əlavə təzyiqlər etməyə başlayar. İddia edərlər ki, sərhədlərin açılmasını Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə dəstəkləyir, protokolları imzalayır, Azərbaycan nəyə etiraz edir? Məhz bu səbəbdən başda sədrimiz sayın Dəniz Baykal olmaqla buna qəti etirazımızı bildiririk. Bu, bizim üçün milli məsələ olduğundan fikrimizdən heç bir halda daşınmayacağıq.

- Etirazlara baxmayaraq sərhədlər açılarsa bu, hansı nəticəni verər?

- Bilirsiniz, belə olduqda ilk növbədə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gələr. Bundan əlavə, Türkiyə xalqı özü bunu qəbul etməz. Hazırda ölkədə yüzə yaxın elm xadimi var ki, onlar sərhədlərin açılmasında israrlıdırlar. Lakin bu say, heç də bütün Türkiyə xalqı demək deyil. Türkiyə xalqı dedikdə, 70 milyon insanı göz önünə almaq lazımdır. Sərhədlərin açılmasını istəyən elm xadimlərinin sayı isə yüzü belə keçmir. Əsas olan odur ki, Türkiyə xalqı  Azərbaycanın yanındadır, sərhədlərin açılmasını heç bir halda dəstəkləməyəcək. Bir sözlə, Türkiyə xalqı heç zaman qardaş Azərbaycan xalqı ilə ilişkilərinin pozulmasını istəməz. Elə  bu səbəbdən də sərhədlərin açılmasına kimsə cəsarət edə bilməz. 

- Yeri gəlmişkən, Milliyyətçi Hərəkat Partiyası (MHP) sərhədlərin açılması və protokolların imzalanması ilə bağlı müzakirələrin parlamentdə qapalı şəkildə keçiriləcəyi təqdirdə onu deşifrə edəcəyini bəyan edib. Bu məsələ ilə bağlı sizin partiyanın mövqeyi necədir?

- Parlament müzakirələrinin qapalı şəkildə keçirilməyəcəyini əvvəlcədən bilirdik. Sonradan hökümət də müzakirələrin xalqdan gizlədilməyəcəyini bildirdi. Mən də fikirləşirəm ki, bu müzakirələrin qapalı keçirilməsi mümkün deyil.

- Esfender bəy, necə hesab edirsiniz, “erməni açılımı”, eyni zamanda, “demokratik açılım” adlandırılan “kürd açılımı” məsələsi sonda Türkiyədə növbəti hökumət böhranının, bütövlükdə siyasi böhranın yaranmasına gətirib çıxarmaz ki?

- Öncə onu deyim ki, erməni məsələsinə “açılım” demək doğru deyil. Belə olduğu təqdirdə, bu, geriyə atılmış addım kimi qiymətləndirilə bilər. Ermənilər isə dərhal bundan istifadə edə bilərlər. Sizə onu da deyim ki, bir ölkə prinsiplərini, milli maraqlarını israrla müdafiə edəndə, dünya ölkələri arasında hörmətli olur. Belə düşünürəm ki, məhz Türkiyə höküməti də bunu etməlidir.

- Son olaraq, bir neçə gün öncə partiyanızda ikinci şəxs sayılan, qrup başqan vəkili Haqqı Süha Okayın qardaşı Mustafa Fəhmi Okay Həbib Kanatın baronluq etdiyi uyuşdurucu çetesi ilə əlaqəli bilinərək həbs edilib. Sizcə, bu məsələdən gələcəkdə partiyanıza qarşı “qara piar” kimi istifadə oluna bilərmi?

- Bilirsiniz, Türkiyədə belə işlər, bu cür ittifamlar çox olur. Bunun isə həqiqəti olduğunu araşdırmaq lazımdır. Əgər bu, səhv ittiham olarsa, o zaman görüləcək işlər çox olacaq. Əks təqdirdə, bu hal bizi nəinki narahat, hətta olduqca məyus edər. İnamımız, xalqın bizə olan inamı heç olar. Ona görə bu kimi məsələləri yerində və hər bir incəliyi ilə araşdırmaq, dəqiq nəticəyə gəlmək lazımdır.

 

Kamil HƏMZƏOĞLU   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...