24İyun | Ana Səhifə - Yazılar - İstanbul seçkiləri: Türkiyə yeni mübarizə dönəmində
İstanbul seçkiləri: Türkiyə yeni mübarizə dönəmində

Anar TURAN


Dünən İstanbul bələdiyyə seçkilərinin qalibi müəyyənləşdi. Deməli Əkrəm İmamoğlu qələbə qazandı. Azərbaycana və azərbaycanlılara olan səmimi münasibətinə, əslinin-kökünün tarixi Azərbaycan hüdudları olan Ərzincandan, Azərbaycan türklərinin nəsillərindən olması səbəbindən Binalı Yıldırıma ölkəmizdə ciddi simpatiyanın olması dəqiqdir. Lakin Əkrəm İmamoğlu bu dəfə seçkinin parlayan ulduzuna çevrildi. Bu belə... Bəlkə də belə daha yaxşıdır və gözəldir, deyə bilmərəm. Hər halda bu, zamana həvalə olunmalı məsələdir. Biz də istəyirik ki, Türkiyəmiz üçün hər sarıdan xeyirli olsun.

Seçkiyə gəlincə isə məsələ belədir. İlk növbədə “Türkiyədə diktatura qurulur, seçkilər saxtalaşdırıla bilər və ya saxtalaşdırılacaq” deyənlər bu dəfə də yanıldılar. Seçki tam şəffaf və ədalətli mübarizə şəraitində keçdi. Bu şəraiti yaradan şübhəsiz ki, illərdir Avropa İttifaqının qəbul etmədiyi Türkiyə dövlətidir. Bu ənənəni dəyişməyən illərdir Qərb mediasının, siyasətçilərinin vaxtaşırı islam fundamentalizmini inkişaf etdirməkdə ittiham etdiyi, avtoritarlaşmaqda günahlanlanırdığı Ərdoğan iqtidarıdır. Bunu danmaq olmaz.

İkincisi, seçkinin taleyini Cumhuriyyət Xalq Partiyasının (CHP) əvvəllər sərgilədiyi siyasətdən fərqli olaraq nisbətən mühafizəkarlığa yer verməsi, əslində isə bir az da imitasiya edən platforma baxışları həll etdi. İmamoğluda bu daha qabarıq hiss olundu. Səmimi və ya qeyri-səmimi olduğunu gələcək göstərəcək. Amma onun şəxsi reytinqini qaldıran ən əsas amillərən biri Türkiyə əhalisinin əksəriyyəti əhatə edən kəsimi ilə sıx ünsiyyətə can atması, özünü də onların içindən çıxmış birisi kimi göstərməsi oldu. Burada İmamoğlunun siyasi portretini ayrıca, CHP-nin siyasətini isə ayrıca incələmək lazımdır. Çünki İmamoğlunun İstanbulda qalib gəlməsinin səbəbi CHP deyil, CHP-nin qalib gəlməsinin səbəblərindən biri isə İmamoğlunun siyasi portretindəki cizgilərdir.  Xüsusilə adı, soyadı dini məna daşıyan, Trabzondan dindar ailələdən çıxmış bir ailənin övladını irəli buraxmaq, CHP-nin əsas namizədinə çevirmək partiyanın yeni taktikasıdır. Onu da deyim ki, Türkiyə elə bir ölkədir ki, qeyri-səmimi davrananlar, platformasına əməl etməyənlər orada davamlı uğur qazana bilməzlər. Yəni Əkrəm İmamoğlunun ənənəvi CHP kosmopolit zehniyyətinə yaxınlığı bundan sonrakı fəaliyyətinə təsir etsə, bu, onun son uğuru ola bilər. Yox, əgər həqiqətən də, kampaniyasında göstərdiyi səmimiyyəti davam etdirə bilsə, CHP-nin mənəvi dəyərləri və ya dini əhəmiyyət daşıyan atributları hədəfə alan müəyyən seqmentinin yolu ilə getməsə, uğurları davamlı ola bilər. Yəni Türkiyədə bir siyasətçi tərəfindən əhali üçün nə edəcəyindən də vacib onun millilik və dini dəyərlərə münasibətini paralel ortaya qoymasıdır. CHP namizədinin xarizmatik, hazırlıqlı şəxs olmağından da vacib məsələ budur və məhz bu baxışlarına görə türk xalqı işləmək üçün ona bir şans yaratdı.

Üçüncüsü, seçkidə Xalqların Demokratik partiyası (HDP) təsirində olan kürdlərin  böyük rolu oldu. Kim nə deyirsə desin, HDP-nin seçkidə İmamoğlu tərəfində dayanması səslərin əhəmiyyətli hissəsi demək idi. HDP nümayəndələrinin seçkiləri “biz qazandıq” kimi tvitləri də təsadüfi deyildi. HDP-nin CHP ilə yolları isə gələcəkdə mütləq və mütləq ayrılmağa məhkumdur. Əks halda, bu Türkiyənin parçalanmasına qədər gətirib çıxara bilər. Lakin CHP-nin müstəqil şəkildə, ittifaq olmadan uğur qazanması da yaxın perspektivdə real deyil. Hələlik hakim Ədalət və İnkişaf Partiyasına (AK-parti) və şəxsən Ərdoğana qarşı olan mənfi münasibət bu partiyaları yaxınlaşdırıb. Onsuz da son seçkilərdə azlığa çevrilən MHP funksionerlərinin bölünməsi isə hər iki cəbhədə  səslərə təsir etmək baxımından xırda məsələ olmasa da, məyusluq yaradır. Çünki bir sıra milliyyətçilərin PKK-nın siyasi qanadı hesab olunan HDP ilə bir cərgədə qərar tutması ziddiyyətlidir.  

Hamını düşündürən suallardan biri də budur ki, seçkilərdən sonra hadisələr necə inkişaf edəcək ? Hətta Əkrəm İmamoğlunu indidən Türkiyənin gələcək prezidenti kimi görənlər də az deyil. Zənnimcə, İstanbul bələdiyyə başqanlığı mübarizəsində Cumhur ittifaqının məğlubiyyəti AK-partini bundan nəticə çıxarmağa sövq edəcək və güclü işləməyə, son illər sosial sahədə buraxılan səhvləri aradan qaldırmağa məcbur edəcək. Məncə, İstanbul seçkiləri Cümhur İttifaqına və xüsusilə AK-partiyə 2023-seçkilərinə qədər güclü çalışmaq və hazırlaşmaq üçün bir anons oldu. AK-partinin əhali içində sadiq dayaqlarının olmasını biz bundan öncə Məhərrəm İncəylə olan mübarizədə gördük. Belə güclü elektoratı olan bir partiya ilə mübarizə aparması üçün İmamoğlu və partiyası hələ çox işləməlidir.  Burdan isə belə nəticəyə gəlmək mümkündür ki,  Türkiyə daxili siyasi gücləri yeni mübarizə dönəminə qədəm qoyur və bunun qardaş dövlətin regionda və beynəlxalq aləmdə yeritdiyi siyasətə də təsir göstərəcəyi istisna deyil.

SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?