Modern.az

Kommunal xidmətlərə görə köçkünlər pul ödəməlidirlərmi?

Kommunal xidmətlərə görə köçkünlər pul ödəməlidirlərmi?

1 Oktyabr 2009, 15:28

“Azəriqaz” köçkünləri necə soyur? Hazırda yataqxanalar, uşaq bağçaları, istirahət obyektlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin sayı kifayət qədərdir. Onlara dövlət tərəfindən qayğı göstərilsə də, həlli vacib problemlər çoxdur. Kommunal xidmətlərdən güzəştlə yararlanan məcburi köçkün ailələrinə şişirtmə borclar yazılır və sonra da xidmətdən məhrum etmək şantajı ilə bu "borc"lar onlardan alınır. Görünür, kommunal xidmət idarələri məcburi köçkünlərin hesabına yığımın faizini artırmaq arzusundadır. Bu sırada ən fəal qurum isə “Azəriqaz”dır. Kommunal xidmət təşkilatları iddia edirlər ki, limitdən artıq elektrik enerjisi, qaz və sudan istifadə olunur. Bu metodlardan ölkənin digər bölgələrində də istifadə edilməyə cəhd göstərilib. Əslində isə onların istifadə etdiyi kommunal xidmət haqları dövlət büdcəsinin ayırdığı vəsait hesabına təmin edilir. Hər il onların sosial ehtiyacları üçün parlamentdə qəbul edilən büdcəyə uyğun olaraq vəsait ayrılır. Bu il 199 milyon 605 min 405 manat Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına (bu kateqoriyadan olan vətəndaşlara aylıq müavinətlərin və onların yaşayış xərclərinin ödənilməsinə) yönəldilib. Məcburi köçkünlərin kommunal xidmət haqları isə fərdi şəkildə deyil, kollektiv şəkildə ödənilir. Bu isə hansısa xidmət qurumunun məcburi köçkündən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onu borclu olmaqda suçlamasının yolverilməz olduğunu göstərir. Bir nəfərə görə ayda 13 manat 82 qəpik xidmət haqqı ödənilir Məsələ ilə bağlı "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, hökumətin ayırdığı kvotaya uyğun olaraq hər ayın sonunda ayrı-ayrı rayonlar üzrə məcburi köçkünlərin ümumi istehlak etdiyi elektrik enerjisinin dəyəri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Dövlətqaçqınkom") tərəfindən şəbəkənin hesabına ödənilir və heç kimdən fərdi qaydada ödəniş tələb edilmir. "Azərsu" SC-dən də analoji cavabı aldıq və məcburi köçkünlərin xidmət haqqını ödəməkdən azad edilməsinin Prezidentin göstərişi olduğu deyildi. "Azəriqaz"dan isə bütün cəhdlərimizə baxmayaraq məsələyə münasibət öyrənə bilmədik. Telefon zəngimizə cavab verən qurumun işçiləri sualımızı cavablandırmağa səlahiyyətli olmadıqlarını bildirirdilər. Bunun özü də "Azəriqaz"ın abonentlərin hüquqlarına hörmətsizlik göstərdiyini ortaya qoyur. Necə olur, "Azərsu"nun hətta telefon kommutatoru məcburi köçkünlərin ödənişdən azad olduğunu bilir, amma "Azəriqaz"da məsul post tutan şəxslər Prezidentin fərmanından, dövlətin sosial siyasətindən xəbərsiz olduğunu deməkdən çəkinmirlər. Onların işçilərinin, yəni qazpulu yığanların isə məcburi köçkünlərdən ayrılmış limitdən artıq qaz pulu istəmələri rəhbərliyin məsuliyyətsizliyindən irəli gəlir. Məcburi köçkünlərdən reketlik, şantaj yolu ilə pul tələb edilməsi və alınması isə qadağandır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov bildirib ki, məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb. “Dövlətqaçqınkom” həmin limitə görə ödənişi gecikdirilmədən xidmət göstərən təkilatların hesabına köçürür. Sənan Hüseynov nə üçün məhz 150 kVt. saat götürüldüyünü də izah edib: “"Azərenerji"  və komitəmiz birgə araşdırmalar aparıb və belə qərara gəlinib ki, məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla bu,150 kVt.saat edir. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb. Bu normalara uyğun vəsait paylayıcı təşkilatlara ödənilir. Bununla bağlı heç bir problem yoxdur. Anlaşılmazlıq yarananda məcburi köçkünlər bizdən arayış alaraq kommunal xidmət idarələrinə verir ". S.Hüseynovun sözlərinə görə, məcburi köçkünlərin istifadə etdikləri bütün növ kommunal xidmətlərin, o cümlədən təbii qazın dəyəri Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarına əsasən, “Dövlətqaçqınkom” tərərfindən ayrı-ayrı müəssisə və obyektlərə yox, mərkəzləşdirilmiş qaydada hər ayın sonunda aidiyyatı xidmət təşkilatlarına ödənilir. Beləliklə, hər rayon üzrə icra hakimiyyətlərinin, kommunal xidmət şöbələrinin siyahıları üzrə adambaşına 150 kVt.saat elektrik enerjisinin (150 x 0,06 manat = 9 manat), 35 kubmetr qazın (35 x 4,72 qəpik = 1,652 manat, iyulun 1-dən isə 35 x 10 qəpik = 3,5 manat) və 6 kubmetr suyun (6 x 22 qəpik = 1,32 manat) pulu müvafiq xidmət qurumlarının hesabına köçürülür. Deməli, bir nəfər məcburi köçkünə görə hər ay müvafiq xidmət təşkilatlarına ümumilikdə 13 manat 82 qəpik pul ödənilir. Külli miqdarda vəsait boş yerə xərclənir Azərbaycanda orta statistik göstəriciyə görə ailədə 4 nəfər olur. Bu isə bir ailəyə görə, Dövlət Komitəsi tərəfindən hər ay müvafiq xidmət qurumlarına 55 manat 28 qəpik, hər il isə 663 manat, 36 qəpik pul ödənilməsi deməkdir. Kiçik rəqəm deyil. Aydındır ki, ölkənin müxtəlif rayonlarında məskunlaşmış məcburi köçkün ailələrinin əksəriyyəti limitdə nəzərdə tutulandan artıq nə elektrik enerjisi, nə qaz, nə də su istifadə edir. Məsələn, Bakıda yaşayan məcburi köçkün ailəsinin bir ayda 600 kv.saat enerji  və ya 140 kubmetr qaz istifadə etməsi reallıqdan çox uzaqdır. Bir ailə ayda orta hesabla (öz ailəmlə müqayisə apardıqda) 140 kVt .saat elektrik enerjisi, 12 kubmetr qaz və 3 kubmetr su işlədir. Əgər nəzərə alsaq ki, məcburi köçkünlər limit səbəbindən o qədər də qənaətcil deyil, onda bu göstəricilər müəyyən qədər yüksək olacaq. İstənilən halda məcburi köçkün ailəsi tərəfindən istehlak olunan elektrik enerjisinin həcmi ən pis halda 300 kVt .saat, qazın həcmi 20 kubmetr, suyun həcmi isə 4 kubmetrdən artıq ola bilməz. Deməli, bir ailə orta hesabla bir ayda 19 manat 94 qəpik məbləğində kommunal xidmətdən istifadə etmir. Bu məbləğ bir ildə  239 manat deməkdir. Məcburi köçkün ailələrinin sayını 130 min götürsək, 31,07 milyon manatlıq kommunal xidmət haqqı istifadə edilməmiş qalır. Bəs bu pul hara gedir? Əgər limitə müvafiq olaraq aidiyyatı qurumlara ödənişlər edilirsə, həmin təşkilatların məcburi köçkünlərdən istehlak etdikləri kommunal xidmətlərə görə əlavə vəsait tələb etməsi qanunsuzluqdur. Çünki, çox az miqdarda məcburi köçkün var ki, müəyyən səbəblərdən limitdən artıq elektrik enerjisi, qaz və sudan istifadə edir. Bununla yanaşı, bəzi regionlarda elektirk enerjisi, qaz və sudan nadir hallarda istifadə edən məcburi köçkünlər də var. Göründüyü kimi, kommunal xidmət təşkilatlarına kifayət qədər və artıqlaması ilə pul köçürülür. Biz adi azərbaycanlı ailəsinin istifadə etdiyi kommunal xidmətlərlə müqayisədə məcburi köçkünlərin artıqlaması ilə istifadə etdiyi kommunal xidmətlərə dair rəqəmlər ortaya qoyduq. Həmin sahəyə cavabdeh olan qurumların isə fərqli rəqəmlər açıqlacağı şübhə doğurmur. Onlar haqlı olduqlarını sübut etmək üçün köçkünlərin mənzillərdəki sayğacların göstəricilərini araşdırmalıdırlar. İstənilən halda məcburi köçkünlərin 80 faizdən çoxunun limitdən artıq elektirik enerjisi, su və qaz istehlak etmədiklərinin ortaya çıxacağına heç bir şübhəmiz yoxdur. Məcburi köçkünlərdən kommunal xidmət haqqına görə qanunsuz məbləğlərin alınmasına son qoyulmalıdır. Bunu elektrik şəbəkələrində, "Azərsu"da gözəl bilirlər. Qalır "Azəriqaz". Yəqin ki, "reket" qaz xidmətçilərinin “qaz vurub qazan doldurmasına” da son qoyan tapılacaq. Kimlərinsə qaçqın və məcburi köçkünlərin adından istifadə edərək külli miqdarda vəsaiti mənimsəməsi yolverilməzdir. Bəs çıxış yolu nədir? Bəlkə kommunal xidmət haqları üçün ayrılan vəsait məcburi köçkünlərin özlərinə verilsin.

  Pünhan ƏFƏNDİYEV (Yazı “Üç nöqtə” qəzetinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin  İnkişafına Dövlər Dəstəyi Fondunun maliyyəsi ilə icra etdiyi layihə əsasında hazırlanıb) 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər