05İyul | Ana Səhifə - Yazılar - Adsız parkın baxımsız vəziyyəti
Adsız parkın baxımsız vəziyyəti

Vüqar Tofiqli     

 

Ulu öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə Bakının bir çox yerlərində yaşıllıq zolağı salınmışdı. Bu gün paytaxt əhalisi məhz həmin yaşıllıq zolaqlarının hesabına dərindən nəfər alır desək, yanılmarıq. Bu ərazilərdən biri də Rəşid Behbudov küçəsi böyunca Bakıxanov küçəsinədək uzanan yaşıllıqdır.

2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə parkda ciddi və əsaslı təmir- bərpa işləri həyata keçirildi. Hətta parkın girişində bununla bağlı mərmər lövhə də qoyuldu. Yaşıllıq zolağı təxminən bir il ərzində həm də gözəl istirahət zonasına - parka çevrildi. Vaxtilə əraziyə əklimiş “Eldar şamı” ağacları sözün həqiqi mənasında parka ayrı bir gözəllik verirdi.


Lakin bu günlərdə yolum parka düşəndə çox narahat oldum.  Parkın əvvəlki görkəmindən əsər-əlamət qalmamışdı. Ərazinin bir hissəsi  müəyyən mənada sulanır, lakin digər bir tərəfi, daha doğrusu gözdən-könüldən uzaq hissəsi, yəni yuxarı hissəsi sanki yaddan çıxır. Parkda təmizlik işlərinin gündəlik deyil, hərdən aparıldığını görmək olar.  

Fəvvarə işlək vəziyyətdə deyildi. Fəvvarənin quraşdırılmış hissələri, baxımsızlıq ucbatından tamam sökülmüş və ya qırılmış vəziyyətdədir. Ərazinin işqlandırılması da yox səviyyəsindədir. Oturacaqların bir hissəsidə sıradan çıxıb. Yəni axşamın qaranlığında bu ərazidən keçmək müşkül məsələdir.

Nəzərə alsaq ki, yaşıllıq zolağı böyük bir ərazini əhatə edir, şəhərin mərkəzində yerləşir, göz qabağındadır, demək müvafiq orqanlarda bu parkı  diqqət mərkəzində saxlamalı idi. 

Bu gün baxımsız vəziyyətdə olan park həmdə adsızdır. Parkın giriş hissəsi Xan Şuşinski küçəsində başladığından parka elə Xan Şuşinskinin da adını verilməsi yerinə düşərdi.

Sözüm Nəsimi RİH Başçısı Asif Əsgərovadır.

Ulu Öndər tərəfindən salınan, Prezident İlham Əliyevin təşəbübüsü ilə əsaslı təmir edilən parkın bu günkü vəziyyətiylə tanış olmağınızı istərdim. Həmdə parkda yaranmış narahat vəziyyətin aradan qaldırılması və parka isə  Xan Şuşinskinin adının verilməsiylə bağlı qaldırılan məsələyə münasibət bildirməyinizi istərdim.