Modern.az

Müğənnilər və jurnalistlər

Müğənnilər və jurnalistlər

31 Avqust 2009, 18:02

BİZ HARA GEDİRİK?

On il bundan əvvəl jurnalistikaya gələndə elə sevinirdim ki, elə bil dünyanın ən xoşbəxt insanı mən idim. Amma indi baxıb görürəm ki, özümü bilə-bilə oda atmışam. İndi oğul lazımdı bu dərdə dözsün. Mən hələ 5-6 il bundan əvvəl jurnalistikanın uçuruma getdiyini görürdüm. Hiss edirdim ki, yaxşı qələmi olan dostlarımı hər gün itirirəm, əksəriyyəti xaricə üz tutur, bəziləri biznesə qoşulub. Mən o vaxt onların gedişinə təəssüflənirdim. İndi isə onların şəraitinə baxanda hiss edirəm ki, vaxtilə jurnalistikadan gedən dostlarım dağın başında ceyran ovlayırlar, jurnalistikada qalan dostlarım isə içi mən qarışıq dağın ətəyində dovşan qovuruq. Mənim və mənim kimi jurnalistlərin ayda bir dəfə tutduğu dovşanı dağın başında olan dostlarım hər gün tuturlar, hələ bəzən, dovşan onlara azlıq edir.

Heç yadımdan çıxmır. 5-6 il bundan əvvəl hörmətli müəllimimiz Cahangir Məmmədli ilə qısa bir dialoqumuz olmuşdu. Dedim, müəllim, deyəsən, bizim axırımız yaxşı olmayacaq. Cahangir müəllimin cavabı belə olmuşdu ki, 10-15 ildən sonra jurnalistika xelyi fərqlənəcək. Doğrudan da, indi fərqi hiss edirəm. Amma yaxşıya doğru heç nə görünmür. İndi dövlət tərəfindən də mətbuata, KİV-ə dəstək göstərilir. Ancaq bununla iş düzəlmir. Gələnlər isə küncdə-bucaqda ilişib qalırlar. Axır vaxtlar fikir verirəm, bizim redaksiyamıza təcrübə keçməyə gələn onlarla tələbənin heç bir mətbuatda qalmaq istəmir. Şəxsən mən jurnalistika fakültəsində təhsil alan həmin tələbələri bir ayda iki dəfə görürəm. Bu gedişlə reket jurnalistikası daha çox irəlidə olacaq. Çünki jurnalistika fakültəsini bitirənlər arxaya baxmadan başqa sahələrə üz tuturlar. Görünür, Cahangir müəllimin sözündə həqiqət varmış, 15 ildən sonra jurnalistikamız çox fərqli olacaq, həm də lap çox.

Neçə ildir bir qrup jurnalist əlində kağız-qələm, dövlət qurumlarından torpaq istəyir, ev tikmək üçün. Nə edək, evimiz yoxdu, heç olmasa torpaq ayırsınlar, özümüz tikək. Axı bizim də haqqımız var rahat mənzildə, rahat şəraitdə yaşamağa. Axı biz də insanıq. Axı biz bu gündə olmalı deyilik. Neçə ildi Bakı meriyası Bakını tikə-tikə satır, ama biz jurnalistlərə boş torpaq sahəsi tapılmadı. Şəhərin neçə yerində evi olan müğənnilər, şoumenlər, aktyorlar, nə bilim, daha kimlər ev alır, torpaq alır, bağ alır. Bakı şəhər İcra Hakimiyyətinin qarşısında onları özüm görmüşəm neçə dəfə. Bəs biz jurnalistlərə niyə o evlərdən, bağlardan, torpaqlardan pay düşmür? Müğənnini, aktyoru üzə çıxardan, cəmiyyətə tanıdan jurnalistlərdi, amma biz həmişə küncdə-bucaqda qalırıq. Daha doğrusu, bizi küncə sıxırlar. Hansısa müğənni çıxır efirə, ağlayır, göz yaşı tökür ki, evim yoxdu, iki gündən sonra baxıb görürsən həmin müğənniyə ev də verildi, maşın da. Daha fikirləşən yoxdu ki, o müğənnini çəkən, efirə verən, qəzetdə təbliğ edən jurnalist özü kirayədə, onun-bunun evində boynu bükük yaşayır. Bəkə, Hacıbala müəllim gözləyir ki, jurnalistlər də ağlayıb sızlamağa başlasın? Bəlkə, Hacıbala müəllim kimi, bizim ağlamağımızı gözləyən başqaları da var?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı