05Avqust | Ana Səhifə - Yazılar - Duterte və Azərbaycan meyxanaçıları
Duterte və Azərbaycan meyxanaçıları

Azadə Balayeva

Qonşuda yenə vur-çatlasındır. Atayla oğul bir – birinə leksikonumuzda olan və olmayan bütün qatı açılmamış söyüşlərdən yağdırırlar. Atanın oğula “yenə zəhərdən vurub gəlmisən?!” ritorik sualı, “səni evdən qovacağam” təhdidləri, oğulun Ataya “səni öldürmədən heç yerə getməyəcəyəm, indicə bağırsaqlarını tökəcəyəm” hədələri eşidilir. Biz də nəfəsimizi içimizə çəkərək bu davanın sonunu, qulaq sakitliyimizə qovuşacağımız saatı gözləyirik. Belə hallar tez-tez baş verir. Digər qonşularımızın dediyinə görə işsiz-gücsüz oğul narkotik qəbul edirmiş. Zatən ayıq vaxtlarında da evdən yalnız “sən avara, mən avara”, “dolya vorovskaya”, “kazbekə şey basım hallanım” kimi “vorovskoy mahnılar”ın sədaları eşidilir. Bu mahnılar mənə bir müddət əvvəl narkotiki təbliğ edən musiqi parçalarına görə bir neçə meyxanaçının həbsi və sosial şəbəkələrdə bu hadisəyə ironik münasibəti xatırlatdı. Həmin vaxt da, indi də bu qərarı tamamilə dəstəkləyənlərdənəm. Qənaətimə görə, narkotiki təbliğ edə biləcək ən kiçik ehtimala qarşı belə mübarizə aparılmalıdır. İyunun 26-sı Narkotiklərlə Beynəlxalq Mübarizə Günündə sosial şəbəkədə bir həmkarımın narkotikləri yayanlara qarşı mübarizə təkliflərini oxumuşdum. Onun təklifləri daha radikal idi, hətta uşaq – böyük demədən narkotiklərlə insanları zəhərləyənlərin bütün ailə üzvlərini həbs etməyi təklif edirdi. Mən həmkarım qədər radikal olmasam da bu məsələdə preventiv, profilaktik tədbirlərin tərəfdarıyam. Yəni, insanlar artıq bu yola düşmədən öncə qarşısı alınmalıdır. Necə deyərlər, dananı ipdə olarkən döymək lazımdır. Mənə görə, narkomaniyanı təbliğ edən mahnıların qarşısının alınması da bu qəbildən təqdir edilməli tədbirlərdəndir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu gün dünya əhalisinin 250 milyonu bu ağır bəlanın əzabını yaşamaqdadır. 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onların da 3 milyonu QİÇS virusunun daşıyıcısıdır. Artıq bütün dünya narkotikin bəşəriyyət üçün ən böyük təhlükələrdən biri olduğunu qəbul edib və hər bir ölkə də bu bəla ilə özünəməxsus şəkildə mübarizə aparır. Onlardan ən amansızı isə qeyri – adi açıqlamaları və qərarları ilə tez-tez dünya mediasının manşetlərinə mövzu olan Filippinin ekstravaqant prezidenti Rodriqo Dutertenin üslubudur.

“Əgər Hitler 3 milyon yəhudini öldürübsə, mən də ölkəni narkomaniyadan xilas etmək üçün 3 milyon narkomanı öldürməyə hazıram”. Bu sözlər Rodriqo Duterteyə məxsusdur. İnauqurasiya nitqində Duterte ölkədə 3,7 milyon insanın (rəsmi rəqəmlərə görə bu say 1,8 milyon çevrəsindədir. Filippinin əhalisinin sayı isə 102 milyondur – A,B) narkotik asılılığından əziyyət çəkdiyini bildirib, onlara qarşı amansız mübarizənin anonsunu verib və heç də zarafat etmədiyini qısa müddətdə təsdiqləyib. 2016-cı ilin yayından hakimiyyət kürsüsünə əyləşən diktator xalqa müraciətində “Xahiş edirəm narkotik alverçiləri ilə bağlı polisi məlumatlandırmaqdan çəkinməyin, yaxud da tapançanız varsa onlarla özünüz haqq – hesab çəkin, mən sizə bununla bağlı icazə verirəm”, deməklə artıq bu günə qədər 15 minə yaxın narkotik istifadəçisi və satıcısının ölüm fərmanını verib. Maraqlı olan odur ki, onların çoxu məhkəməsiz, mühakiməsiz, vijilantlar adlandırılan polisə aidiyyatı olmayan silahlı könüllülər tərəfindən güllələniblər. Hər narkomana görə onlara müəyyən məbləğdə mükafatın verildiyi də deyilir, baxmayaraq ki, rəsmi Manila beynəlxalq təşkilatların bu iddialarını inkar edir. Amma görünən odur ki, Dutertenin radikal metodları xalqın da ürəyincədir, əks halda diktatorun cinayətkarlara qarşı amansızlığından məlumatlı ola-ola onu ölkənin birinci şəxsi kürsüsünə əyləşdirməzdilər. Xatırladaq ki, Duterte prezident seçilməzdən öncə 20 il boyunca Davao şəhərinin meri olub və bu müddət ərzində şəhəri kriminalın paytaxtından təhlükəsiz biznes – mərkəzə çevirməyi bacarıb. “Hərbçilərə deyirdim, mənim günahım nədir? Bir peso belə oğurluqmu etmişəm? Mənim yeganə günahım məhkəmədənkənar ölümlərdir. Amma bunu kəsməyəcəyik. Qeyd etdiyim kimi, mən masaya həyatımı, prezidentliyimi qoyuram. Mən onu istənilən an itirə bilərəm. Amma dayanmaq yoxdur”, - Demək Duterte qərarlıdır, Filippində ölümlər davam edəcək.

Duterte cinayətkarların nazıyla çox oynamğı sevmir. Mürciəti də çox lakonikdir: “Cinayətlərinizə son verin, yoxsa sizi öldürəcəyəm”. Və dediyini də edir. Bununla belə Duterte öz şəxsi fondu hesabına narkotik asılılğından əziyyət çəkənlərin müalicəsini həyata keçirən bir neçə min yerlik mərkəzin tikintisini də maliyyələşdirib.

Bəziləri Filippin diktatorunu dəli hesab etsə də ona dəstək verənlər də az deyil, həm də ən yüksək səviyyələrdə. Məsələn, Şri – Lanka prezidenti Matxripala Sirisena Dutertenin narkotiklərlə mübarizə metodunu dünya üçün nümunə adlandırıb. 2018-ci ildə isə artıq bu ölkənin hökumətində Dutertenin narkomaniya üzərində “nailiyyətlərini” təkrarlamaq çağırışları eşidilirdi.

Şri – Lanka prezidentindən fərqli olaraq beynəlxalq insan haqları təşkilatları Dutertenin narkomaniya ilə bu cür qəddar mübarizəsini məqbul hesab etmir, onu insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirirlər.

Doğrudur, mən də Manila diktatorunun narkotiklərlə mübarizə metodunu məqbul saymıram, (baxmayaraq ki, mənim də ruhumda diktatorluq var və əlimdə imkan olsa, narkotik yayıcıları, təkrar cinayət törədənlər, residivistlərə münasibətim Dutertedən fərqlənməzdi. Amma hüquqi dövlətə, qanunların aliliyinə hörmətim cinayətkarlara nifrətimdən böyuk olduğundan bu kimi məsələlərin sivil yolla, profilaktik təbbirlərlə həllinə tərəfdaram) eyni zamanda ölkəmizin həm əhalisi, həm də “milli narkomanlarımızın” sayı baxımından Filippinlə müqayisəyə gəlmədiyini düşünürəm. Amma bu o demək deyil əlimizi-qolumuzu yanımıza salıb Filippindəki səviyyəyə gəlməyimizi gözləməliyik. Əslində Azərbaycanda da vəziyyət ürəkacan deyil. Rəsmi statistikaya görə, respublikamızda son beş ildə narkomanların sayı 10 dəfəyədək artıb. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, ölkədə narkomanların sayı 30 min 131 nəfərdir. İstifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb. Acınacaqlısı odur ki, son iki ildə narkotik asılılığından əziyyət çəkənlərin içərisində qadınların sırası genişlənməkdədir. Ötən il narkoman qadınların sayı artaraq 626 nəfərə çatıb. Onların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir. Ekspertlər dəfələrlə bəyan ediblər ki, bu rəsmi rəqəmlər Azərbaycandakı gerçək vəziyyəti əks etdirmir. Ölkədə narkotik asılılığından əziyyət çəkənlərin sayı bu rəqəmlərdən çox yüksəkdir. Ekspertlər bildirir ki, bir narkoman ən az 10 nəfəri narkomaniyaya gətirir. Beləliklə də rəsmi rəqəmlərin ən azı qısa müddətdə 10 dəfəyə qədər artacağını söyləmək mümkündür. Narkotikaya rəğbət ifadə edən hər hansı istər yazılı, istərsə də musiqili mətnlər isə onların sıralarının daha da genişlənməsinə şərait yaradır. Mənim qənaətimə görə istər siqaret çəksin, istər alkoqol aludəçisi, narkoman, fahişə olsun: başqasına zərər verməmək şərti ilə hər kəs istədiyi həyatı yaşaya bilər. Onu təbliğ etmək isə cinayətdir. “Kazbekə şey basım hallanım” ruhlu meyxanalar kimi... Qonşunun maqnitafonu yenə öz havasındadır: “...çəkirəm yenə hallıdır başım, mənlə işin olmasın qardaşım”...Son vaxtlar özümdən də şübhələnməyə başlamışam. Qonşunun dinlədiyi “voroskoy mahnılar” xoşuma gəlməyə başlayıb. Tanrım, sən özün məni hifz et!