21Avqust | Ana Səhifə - Yazılar - Sərbəstlikdən ... özbaşınalığa
Sərbəstlikdən ... özbaşınalığa

Mülatif Adurov
Prezidentin fərdi təqaüdçüsü


İsti yay günlərində televiziya tamaşaçılarına əsil sürpriz təqdim edən şirkətlərdən biri də, etiraf edək ki, “Xəzər” telekanalı oldu. AzTV istisna olmaqla (onun təqdirəlayiq öz dəst-xətti, nüfuzu, çox-çox üstünlükləri var, ona çatan olmaz. Bu başqa mövzudur) bir şirkət də var ki, qızmar günlərdə öz pərəstişkarlarını gözünü yolda qoymadı, bəzi verilişlər, öz dilləri ilə desək, tətilə çıxdılar. Amma “Xəzər”in “5-də 5”i öz çəkilişlərini bəzi iqlim çətinliklərinə baxmayaraq (külək, yağış) təbiətin qoynuna çıxardı. Bakıdan, Bodrumdan, Antalyadan açıq havada maraqlı verilişlər təqdim etdi. Adamın Allahı olar, bu şox təqdirəlayiqdir, lazımınca  qiymətləndirilməlidir. Buna görə verilişin çəkiliş qrupu alqışlanmalıdır. “Tətilə çıxan” aparıcıları da qınamaq düzgün deyildir, hərəsinin başı bir qalmaqala qarışıb. Kimi məhkəmədə davadadır, sələmlərini geri qaytarmaq istəyir, bəzisi boşluqdan istifadə edərək toylarda tərləyir və s.


Dediyimiz kimi, hava şəraitinin əlverişsizliyinə baxmayaraq “müğənnicik”lər də, ağsaqqal-ağbirçək qocalar da verilişdə həvəslə iştirak edirdilər. Onların güya dəvət edildiyi deyilsə də, nə qədər pul ödədikləri baxışlarından bəlli olur. Bu öz yerində, özləri bilərlər...


Açıq havadakı çəkilişlər diqqəti çox cəhətdən cəlb edirdi. İntəhası elə kadrlar da vardı ki ... Məsələn, “Xəzər”in həyətində çəkilən verilişlərdə diqqəti çəkən binalardan birinin divarına vurulmuş nəhənq bir portret oldu. Bu kimin portreti olsa yaxşıdır? Verilişin aparıcısının.


Açığını deyək ki, marksizm-leninizm ideyalarının qızğın təbliğ edildiyi sovet dönəmində ən böyük portretlər Marksın, Engelsin portretləri olardı. Onlar da bu aparıcının nəhəng portreti yanında cılız görünərdi. Lenini deyə bilmərəm, onun sağ əlini yuxarı qaldıraraq proletariatı birləşməyə çağırması məqsədyönlü idi. Amma “5-də 5”in aparıcısının o boyda portretinin - əlləri qoynunda çəkilmiş şəklinin binanın fasadında görünməsinin nə məqsəd daşıdığını çox adam anlamır. Təsəvvür edin ki, həmin portretin hər iki tərəfində “Xəzər” rəhbərlərinin portretləri vurulsa necə qarşılanar. Bu damı “təvazökarlıq” sayılır?

Təhlükə burasındadır ki, bu gün portretlərin divarlara -vurulması bəzi aparıcılara elə qol-qanad verəcək ki, onların heykəlləri şəhərin küçə və meydanlarını bəzəyəcək. Buna əsla şübhə etməyin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv