27 Avqust 2019 | Ana Səhifə - Yazılar
Sonra da deyəcəksiniz ki, “ay qoymayın..!” - Həyəcan TƏBİLİ

Vasif İsmayıl

Doğum evlərində yeni doğulmuş körpələrə min fırıldaqla süni qida verilir. Soruşsanız, "körpənin və ananın xeyrini düşünürük" tərzində söz deyəcəklər.

Amma məqsəd başqadır.

Süni qidaya öyrəşən körpələr ana südündən imtina edilər.

Anaların südü quruyur.

Və...

Nə "və"?

Gedib "tıpış-tıpış" süni qida alırsınız.

Şirkətlər qazanır.

Amma sız və... dövlət itirir.

Baxın, gözəl insanlar... süni qidaların diqqətlə hazırlandıqlarını, haqqında ciddi araşdırmalar aparıldığını güman edirəm.

Amma məsələ bunda deyil.

Bizim bağırsağımıza düşən ilk mikrob anamızın döş giləsindən olmalıdır. Bəli. Bizim bağırsaqlarımız mikrob yuvasıdır. Bağırsaqlardakı mikroblar öz başına bir İMMUN sistemdir.

Bir insanın bağırsağındakı mikrob o insanın nə qədər çox xəstələnəcəyini, nələr ilə xəstələnəcəyini, boyunu, xarakterini, cinsi davranışını və s. tənzimləyir.

Bəli, bəli....cinsi davranış belə, bağırsaqdakı mikroblardan asılıdır.

Əgər bir qadının yoğun bağırsağına kişinin nəcisindən hazırlanmış məhlul vursanız, o qadında kişiyə xas hərəkətlər meydana gəlməyə başlayır. Bir kişiyə bir qadından alınmış nəcis məhlulu vursanız, o kişidə cinsi həvəs azalır.

Bizim kənddə Qarabağ müharibəsindən həmən sonra yapon şirkəti gəlib bütün tualetlərin içindəki nəcisi çəkmişdi və...Yaponiyaya aparmışdı. Məhz buna görə.

Antibiotik almamış, çoxlu tərəvəz, göyərti ilə qidalanmış insanın nəcisi dərmandır. Öz də çox bahalı dərman.

İçində çoxlu şəkər, trans yağlar olan süni qidanı övladınıza verdiyiniz zaman bütün ömrü boyu bağırsaq cəhətdən, immun sistem cəhətdən zəlil edirsiniz.

Bu, məsələnin bir tərəfi.

Digər tərəfi daha da mürəkkəbdir.

1944-cü ildən 45-ci ilə keçərkən alman qoşunları Hollandiyadan çəkilirdilər. Yerli əhalini cəzalandırmaq üçün almanlar bütün qida ambarlarını boşaldıb özləri ilə apardılar.

Böyük Hollandiyada qış aclığı başladı. Cəmi 3 ay davam etdi.

Amma təsiri indi də davam edir.

Aclıq sırasında hamilə qalmış xanımların övladlarında daha sonra şəkər xəstəliyi, çöliak və s. kimi metabolik xəstəliklərin faizi artdı. Bu insanların boyu daha qısa qaldı, daha az yaşadılar.

Ən maraqlısı.....

Bu effekt onların övladlarına, yəni aclıq çəkmiş şəxslərin nəvələrinə də keçdi.

Alimlər bunu izah edə bildilər.

Aclıq çəkmiş insanın bədənində metabolizmaya bağlı genlərdə "Daun regulyasiya" (fəallıqda azalma) baş verdi. Yəni, bu uşaqlar artıq daha az qida ilə yaşamağa proqramlanmışdılar. Bunu həyata keçirən mexanizm isə epigenetik idi və... gələcək nəslə ötürülürdü.

Epigenetik mexanizmlə metaoblik genləri "daun regulyasiya"ya uğramış şəxslərə yüksək kaloriləri, trans yağ daxil edilən qida verdiyinizdə onların gələcəkdə kökəlməsi, şəkər xəstəliyinə, xərçəngə və s. illətlərə düçar olması riskini artırırsınız.

Qardaş... və bacılar... sizin hansının nənəsi-babası 2-ci Dünya Müharibəsində aclıq çəkməyib?

Sizlər 90-cı illərdə nisbi aclıq çəkmiş insanların övladları deyilsinizmi?

Süni qidalarla uşağınızı boğazına qədər tıxanmaq sizin haranıza yaraşır?

Sonra da deyəcəksiniz ki, "ay qoymayın, peyvəndlər autizm yaradır, masonlar bizim nəslimizi kəsmək istəyir"....

Özünüz edirsiniz, özünüz.

İmkanınız varsa, körpənizi ən az 6 ay ana südü ilə qidalandırın.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv