Modern.az

“Azəristiliktəchizat” xəbərdarlıq edir...

“Azəristiliktəchizat” xəbərdarlıq edir...

2 Oktyabr 2009, 15:44

"BİNADAXİLİ  İSTİLİK SİSTEMLƏRİNİN BƏRPASI MÜLKİYYƏTÇİLƏRİN VƏZİFƏSİDİR"

Noyabrın 15-dən ölkə ərazisində qış mövsümünə keçidlə əlaqədar bütün kommunal idarələrdə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əhalinin qış qayğılarından bəlkə də ən əsası istilik məsələsidir. Mənzillərin, məktəblərin, bağçaların, xəstəxanaların istilik problemi olacaqmı?

Modern.az suala cavab almaq üçün “Azəristiliktəchizat” ASC-yə müraciət edib. Adı çəkilən qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, 2009-2010-cu ilin qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən bir sıra işlər görülüb. Belə ki, “Azəristiliktəchizat” investisiya proqramına uyğun olaraq 161 yaşayış binası, 6 məktəb, 29 uşaq bağçası, 6 səhiyyə və 4 digər sosial obyektlər üzrə istilik təchizatının bərpasını həyata keçirib. Bundan başqa 9 qazanxanaya yeni qaz xətti çəkilib. “Bütün bunlar “Azəristiliktəchizat” ASC-nin 327 qazanxanasının və 125 istilik məntəqəsinin fasiləsiz işləməsinə şərait yaradacaq. Müqayisə üçün qeyd edim ki, “Azəristiliktəchizat” ASC yaranan vaxtda cəmi 166 qazanxana fəaliyyət göstərirdi. Bu il həmin göstərici 327 olacaq”-deyə, R.Əliyev qeyd edib.

“Azəristiliktəchizat” regionlarda da bir sıra tədbirlər həyata keçirib. Belə ki, regionlarda əsas diqqət istilik mənbələrinin yaradılmasına və istilik qazanxanalarının fasiləsiz iş rejimi ilə təmin olunmasına yönəldilib: “Bu il regionlarda 1 ədəd yeni qazanxana tikilib, 1 qazanxana modernləşdirilib və 7 ədəd yeni modul tipli qazanxana quraşdırılıb. Bundan başqa 4 səhiyyə və 3 digər sosial obyektin binadaxili istilik sistemi yenidən quraşdırılıb, 4 qazanxanaya isə yeni qaz xətti çəkilibdir”. R.Əliyev bildirib ki, ümumilikdə 35 rayonda 122 qazanxana işləyəcək ki, bu da 246 obyekti (71məktəb, 8 uşaq bağçası, 62 səhiyyə obyekti, 33 yaşayış binası və 72 digər sosial obyekt) istiliklə təmin etməyə imkan verəcək. Ötən illə müqayisədə bu il 2 rayona əlavə olaraq istilik veriləcək.

“Azəristiliktəchizat”ın rəsmisi bildirib ki, ASC-nin əsas fəaliyyət istiqamətləri yaşayış binalarının istilik təchizatının yaxşılaşdırılması, istilik enerjisinin istehsalı, ötürülməsi və istehlakçının binasının girişinə qədər çatdırılmasıdır: “Binaların aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və saxlanılması bina mülkiyyətçilərinin vəzifəsidir. Mənzillərdən keçən istilik xətləri isə mənzil mülkiyyətçiləri tərəfindən bərpa olunmalıdır. Bu il əsasən binalara gedən magistral və məhəlli istilik xətləri yoxlanılaraq yenisi ilə əvəz olunub, 240 yaşayış binasının isə əlavə olaraq istiliklə təmin olunması üçün məhəllədaxili və aşağı paylayıcı istilik xətlərinin əsaslı təmiri layihəsi həyata keçirilməkdədir”.

R.Əliyev deyib ki, növbəti payız-qış mövsümündə Bakı şəhərində 2285 yaşayış binasının istiliklə təmin olunması nəzərdə tutulub. “Azəristiliktəchizat” yarananadək Bakı şəhərində cəmi 988 bina istiliklə təmin olunub, 2006-ci ildə  belə binaların sayı 1750, 2007-ci ildə 1933, 2008-ci ildə isə 2035 olub.

Müsahibimizin sözlərinə görə, istilik mövsümünə hazırlıqla əlaqədar məktəb və bağçalarda da istilik sistemlərinin bərpası üzrə işlər görülüb: “Hər il ilin əvvəlində Təhsil Nazirliyi ilə birlikdə istiliyə ehtiyacı olan məktəb və uşaq bağçaları müəyyənləşdirilir və onların bir hissəsi Təhsil Nazirliyi, bir hissəsi də bizim tərəfimizdən ilin tədbirlər planına salınaraq bərpa edilir”.

R.Əliyev onu da qeyd edib ki, hazırda qış mövsümünə hazırlıq işləri mərhələli şəkildə davam etdirilir: “Başlıca məqsəd yaşayış binaları, məktəb, uşaq bağçaları, səhiyyə obyektləri və digər sosial obyektlərin keyfiyyətli və fasiləsiz istilik enerjisi ilə təmin etməkdən ibarətdir”. Növbəti payız-qış mövsümündə “Azəristiliktəchizat” Bakı şəhərində 179 məktəb, 148 uşaq bağçası, 75 səhiyyə obyekti və 156 digər sosial obyekti istiliklə təmin etməyi  nəzərdə tutur.     

Günay MUSAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu