03 Sentyabr 2019 | Ana Səhifə - Yazılar
Yolantanın hekayəsi

Vasif İsmayıl

İllər əvvəl indiki kimi Odnoklassniki, Facebook-zad tərzində sosial şəbəkələr yox idi. Camaat MIRC və ICQ-da tanış olurdu.

Yolantanı ICQ-da tanıdım. Varşava bələdiyyəsində işləyən 30 yaşına çatmamış gözəl br qız idi. Misirli bir oğlanla ailə qurmaq istəyirdi, amma oğlanın ailəsi onu istəmədiyi üçün müsəlman məntiqini anlamaq istəyirdi. Oğlan və ailəsi ona həqiqətən çox pisliklər etmişdilər. Mən də qeyri-ixtiyari Yolantadan soruşdum:

-Yola, sənin işin-gücün yoxdur?! Polşadan özünə bir oğlan tap da.

Yolanın cavabı epopeal idi:

-Polşada bütün yaxşı oğlanlar artıq tutulub. Qalan oğlanlar isə ya homoseksualdır, ya da sərxoşluq edirlər. Deyil evlənməyə, yatağa belə girməyə oğlan tapa bilmirəm.

Diqqət etmisinizsə, ailə və cəmiyyət quruluşu coğrafi kriteriyalar üzrə ayrılıbdır. Ərəb belə eyni millət olsa da, coğrafi yaşayış məkanına görə fərqli ailə və cəmiyyət quruluşuna sahibdir. Bir osetinin cəmiyyət və ailə quruluşu qonşusu inquşun quruluşuna çox bənzəyir və s.

Bunun səbəbi çox sadədir.

Bu dünyada canlıya aid nə varsa, onun altındakı əsas elm biologiyadır (əslində kimya). Biologiyada əsas qanun Darvinin təkamül nəzəriyyəsinin qanunlarıdır.

Bu dünyada insan cəmiyyətinin quruluşunun əsas elmi isə... iqtisadiyyatdır.

İqtisadiyyatdakı ən önəmli nəsnə isə... mənfəətdir.

İstənilən quruluş - istər ailə olsun, istərsə də cəmiyyət - ancaq mənfəət gətirərsə, ayaqda dura bilər.

Bizim cəmiyyətin də ailə və ümumi quruluşunun altında yatan təməl gəlir dağılmıdır.

Bizlər nə qədər təlim aparırıqsa aparaq.... fərqi yoxdur - cəmiyyətdəki gəlir bölgüsünü ədalətli etmək lazımdır.

Qadınların iqtisadi azadlığı əldə olunanda, artıq onu heç kəs döyə bilməyəcək. Ən azından ailədaxili şiddət Avropa səviyyəsinə enəcək.

Qadınlar iqtisadi azadlıq əldə etdiyi zaman evlənənlərin sayı azalacaq. Əvvəlcə tək anaların, daha sonra isə tək qadınların sayı artacaq.

Mədəni qanunda boşanmalar çətinləşdirilsə, evlənənlərin sayı kəskin azalacaq.

Və s. və s.

Bunlar yaxşıdır-pisdir, lazımlıdır-lazımsızdır söhbətinə girmirəm. Məramım sadədir: cəmiyyətin quruluşunun yaxşı tərəfinin də, pis tərəfinin də altında yatan səbəb iqtisadidir.

P.S. Ölkədə mənfəətin ədalətli bölgüsünün təmin edilməsini tələb etmənin axırı ən yaxşı halda "türmə" ilə nəticələndiyi üçün, biz yenə də camaata təlim keçməyə davam edək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv