13Noyabr | Ana Səhifə - Yazılar - Prezident nə istəyir?
Prezident nə istəyir?

Elman Babayev


Fərqli format, çatışmazlıqların açıq şəkildə ifadəsi və ictimai nəzarət 

  • Vətənpərvərlik;
  • Dürüstlük;
  • Şəffaflıq;
  • Vətəndaşlara xidmət;
  • Dövlətçilik prinsiplərini əsas tutmaq;
  •  İnvestorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək.

Ümumiləşdirsək, Prezident İlham Əliyevin yeni təyin olunan icra hakimiyyəti başçılarını, nazirləri qəbul edərkən onların qarşısına qoyduğu vəzifələr, əsasən bunlardan ibarətdir. Bu tələblər bilavasitə ölkə rəhbərinin siyasi iradəsinin ifadəsi olmaqla ictimai rəyi də özündə əks etdirir.

 
İlk növbədə, o diqqətdən yayına bilməz ki, prezident bundan əvvəl hər hansı şəxsə vəzifə verərkən, onu qəbul edərkən,  konkret tapşırıqlar verərkən, bu prosedur, bu etimadın bütün detalları arxa planda dayanırdı. Yəni, cəmiyyət bu səhnəni görmürdü. Tutalım, hansısa rayonun icra başçısının dəyişdirilməsi qərarı verilib, bunun  kökündə nə dayanır, prezident nə istəyirdi, görə bilmədi və s. kimi incəliklər qaranlıq qalırdı.

 

Son vaxtlar isə cəmiyyət tamamilə fərqli bir formatı izləyir. Belə ki İlham Əliyev görəv verdiyi şəxsləri başqa bir formatda qəbul edir, çatışmazlıqları açıq şəkildə vurğulayır.

 

Bütün bunların ictimai rəyin gözü önündə baş verməsinin üstün cəhətləri nədən ibarətdir?

 

Birincisi, bu format onu ortaya qoyur ki, prezident kimin nə işlə məşğul olmasından xəbərdardır; İctimai rəy barədə məlumatlara malikdir; sosial mediadakı tənqidləri yaxından izləyir. Beləliklə, cəmiyyətdən gələn “məgər hakimiyyət bunları görmür; görəsən xəbəri varmı?” kimi iradların yersiz olduğu tam aydınlaşır: təbii ki, prezident görür, prezident oxuyur, prezident bilir, prezident gələn informasiyaları təhlil edir və cəzalandırır...    

 

İkincisi, əgər prezident məmura cəmiyyətin nəzərləri qarşısında göstərişlər verirsə, bu, məmur üzərində ictimai nəzarət deməkdir və məmuru məsuliyyətə ikiqat vadar edir.

Təbii ki, prezidentin iş üslubunda tələb, xəbərdarlıq, tənqid hər zaman olub. Amma sübut olunur ki, bəzi məmurlar etimadı heç də həmişə və qənaətbəxş doğrultmayıb. Vəzifəsini itirənlərin düşdüyü durum bunu sübut edir. İlham Əliyev yeni idarəçilik üslubunda məmurları həm özünün, həm də ictimaiyyətin nəzarəti altında saxlamağa çalışır. Hər halda bu da maraqlı bir yanaşmadır, nəticələri irəlidə hiss ediləcək, təbii ki.     

 

Üçüncüsü, belə görünür ki, prezident ən böyük məmurdan ən kiçik məmura qədər hamını ölkədəki sosial-iqtisadi və digər problemlərin həllinə səfərbər etməyə çalışır. Ona çalışır ki, hansısa problem ört-basdır edilməsin, əksinə açıqlığa çıxsın; onu gizlətmək, cəmiyyətə yalan məlumat vermək çıxış yolu deyil, əksinə tənqid, reallıq problemlərin aradan qaldırılmasında tək variantdır. Və hamı belə bir xüsusiyyətə özünü alışdırsın.

 

Prezident son addımları ilə göstərir ki, o şişirdilmiş  rəqəmləri sevmir. Korrupsiyanın kökünün tam kəsilməsində qərarlıdır. Hansısa kənddə yolların bərbad olması, hansısa məktəbin divarının uçulması, bəzi məmurların xalqı qəbul etməməsi halları ilə barışmır, bu faktlara dözmür.  

 

Bütün bunlar o deməkdir ki,  İlham Əliyev rəhbərlik etdiyi ölkəni bundan da yaxşı bir vəziyyətə gətirib çıxarmaq istəyir. Öz gücünə inanır və gecə-gündüz çalışmaqla, uğurlu işlər ortaya qoymaqla daha da irəli yürümək istəyir.

 

Əslində son 16 il ərzində belə olub. Azərbaycanda sürətli inkişaf üçün bütün addımlar atılıb. Elə bir sahə yoxdur ki, bu inkişaf üçün görülən işlərdən nəsibini almasın.

 

-         ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artıb;

 

-         iqtisadiyyatımızda üç dəfədən çox artım baş verib;

 

-         Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb;

 

-         bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunubvə minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb;

 

-        xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsul cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə dünya miqyasında doqquzuncu yerdəyik;

 

-         3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib;

 

-        bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb;

 

-         böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir;

 

-       elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görüb;

 

-       hesabata əsasən, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miqyasında 12-ci yerdə, hava nəqliyyatının səmərəliliyinə görə 11-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə dünya miqyasında 27-ci yerdə, MDB-də isə birincidir;

 

-       Azərbaycan dünayada kosmik klubun üzvüdür, üç peykimiz var və ölkəmiz 2022-ci ildə Dünya Astronavtika Konqresinə ev sahibliyi edəcək.

 

Sadalanların siyahısını daha da genişləndirmək olar. Bura içməli su, ekologiya, hər bir bölgənin simasını dəyişən infrastuktur layihələrini və başqa sahələrdə görülən işləri də əlavə etmək mümkündür.

 

Əsas vurğulanmalı məqam odur ki, Prezident bu uğurlarla kifayətlənmək niyyətində deyil. İlham Əliyevin “Biz hələ işin başlanğıc mərhələsindəyik” bəyanatı bunu sübut edir.

 

Beləliklə, yaxın gələcək üçün mənzərə tam aydındır. Siyasi cəhətdən çox möhkəm olan, sabitliyin hökm sürdüyü Azərbaycanda mövcud iqtidar bütün problemlərin üzərinə getməyi, onları tam həll etməyi hədəfləyib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv