17 Noyabr 2019 | Ana Səhifə - Yazılar
İslam “elm”inə görə Yer harada yerləşir?

Vasif İsmayıl

Qədimdə insanlar ətraf mühiti bir şəkildə izah etmək üçün müxtəlif əfsanələr uydururdular. Kənd təsərrüfatı, danışıq dilinin yayılması və qonşu ölkələrin fəth edilməsi ilə bu əfsanələrdən bəziləri dominant hala gəlir, o bölgənin inancına çevrilirdi.

Doğrudur, Qədim Misir və Yunan mədəniyyətlərinin başlatdığı isbata dayanan elm axırda Yerin Günəş sistemində fırlanan kürə şəkilli bir qaya parçası olduğunu isbat etdi, amma.....

Amma qədimdə müəyyən bölgələrdə üstündə yaşadığımızın Yer kürəsinin əslində düz bir qaya parçası olduğuna inanırdılar. Bu inanc o bölgədə hakim olan mədəniyyətin təsəvvürünə əsasən formalaşırdı.

Məsələn, 7-ci əsr Ərəbistan yarımadasında Yerin bir balığın üstündə yerləşən, ətrafı Qaf dağları ilə əhatə edilmiş düz bir qaya parçası olduğuna inanırdılar.

Niyə?

Çünki o dövrdə Ərəbistanda İkiçayarası əfsanələri hakim idi. Orada isə Bahamut əfsanəsi var idi və Yer bir balığın üstündə ayaqda duran öküzün buynuzlarının saxladığı düz qaya parçası olduğu iddia edilirdi.

Şəkildə Zəkəriyya əl Qəzvininin kitabında verdiyi illüstrasiyanı görə bilərsiniz.

Quran kitabında Qələm surəsinin birinci ayəsinin Ziya Bünyadov tərcüməsinə baxaq:

"1. Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,"

Heç nə anlamadınız, deyilmi?

Nun yazdıqdan sonra nida işarəsi yerləşdirib. Müasir Quran tərcümələrinin hamısında belə edirlər. Nun yazılan hissəni ayırırlar.

Ərəbcəsinə baxaq:

Nûn velkalemi vemâ yesturûn(e)

Nə deyir?

Nun və kalemi....

Yəni Nun VƏ qələmə and olsun ki.

Burada Nun məhz o balığın adıdır. Müasir Quran tərcüməçiləri Yer kürəsinin balıq üstündə yerləşmədiklərini bildikləri üçün bu hissəni belə yola verirlər. Balıın adından utanırlar.

Amma Quran kitabının 1 200 ildə edilən təfsirlərində geninə-boluna danışırlar.

İslam aləminə 1 200 ildir dünyanın balıq üstündə olduğu öyrədilib.

Başa düşürəm, indi şiə-sünni davası başlayacaq. Amma...

Amma dünyanın balıq üstündə olduğunu həm sünni, həm də şiə mənbələri yekdilliklə söyləyirlər.

Sünni dostlar üçün ən səhih hədislərə, İbn Kəsir, Əl Qurtubi, İbn Abbas və s. təfsirlərə baxmağı məsləhət görürəm.

Şiə dostlara isə - çox uzağa getməyəcəm - Əl Kafi (imam Əl Kuleyni) oxumağı məsləhət görürəm.

P.S. Ərəbistanda 7-ci əsrdə dünyanı balığın üstündə yerləşən düz qaya parçası olaraq təsəvvür etsələr də, ondan düz 1 000 il əvvəl Ərəbistanın qonşusu Qədim Misirdə dünyanın artıq kürə şəklində olduğunu bilirdilər. Hətta Yer kürəsinin diametrini də hesablamışdılar. Öz də müdhiş bir dəqiqliklə.

Sadəcə Ərəbistanda İkiçayarası mədəniyyəti hakim olduğu üçün Qədim Misir elmindən xəbərləri yox idi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv