01Dekabr | Ana Səhifə - Yazılar - Həyatdan Nahid müəllim köçdü
Həyatdan Nahid müəllim köçdü

Mülatif Adurov
veteran telejurnalist


Minlərlə pərəstişkarlarını öz zəngin yaradıcılığı ilə - onlarca kitabın müəllifi, iri həcmli çoxlu monoqrafiyası ilə, bir çox aktual mövzularla oxucuların qəlbinə yol tapan, bütün bu yaradıcılıq nailiyyətləri ilə zəngin irsi ilə oxucuların qəlbində yaşayan, son dərəcə təvazökar və sakit mədəniyyətə sahib olan gözəl bir insan gözləri yaşlı qoyub köçdü. Heyif ondan! Adı-soyadı sözün əsl mənasında böyük hərflərlə yazılmağa layiq olan NAHİD HACIYEV həddindən artıq təvazökar, mülayim xasiyyətli olmasına baxmayaraq dərin biliyə malik olan, xüsusən televiziyanın işini dərindən bilən, çox savadlı və dünyagörüşlü nadir mütəxəssis idi.


AzTV-də işləyən baş redaktorların demək olar ki, əksəriyyətinin bahalı xarici avtomobili vardı (təkcə Nahid müəllimdən başqa). Onun dünya malında gözü olmazdı. Doğrudur, xidməti maşını vardı, ancaq işə çox vaxt avtobusla gəlib-gedərdi. Qayğıkeş ailə başçısı idi, övladlarının üstündə əsirdi. Həyat yoldaşı Ofelya xanım şərqsünas kimi Azərbaycan radiosunda ərəb dilində verilişlər aparırdı. Nahid müəllim sədrin televiziya üzrə müavni kimi yüksək vəzifəyə təyin olunanda da xasiyyəti olduğu kimi qalmışdı, təvazökarlığı da öz yerində.


HƏYATDAN NAHİD MÜƏLLİM KÖÇDÜ


Bu yazı nə onun doğum gününə, nə də anım mərasiminə təsadüf etməsə də, mən uzun müddət ondan ayrılsam da, bir təsəlli kimi bu qeydlərimi oxucularla bölüşməyə cəhd etdim. Niyə? Gec də olsa ona olan borcumun cüzi bir qismini qaytarmaq üçün. Azdan-çoxdan jurnalistika sahəsində nəyə nail olmuşamsa, o böyük insana borcluyam.

Qəlbi yaradıcılıq eşqi ilə döyünən mütəxəssis öz bilik və təcrübəsini bizdən əsirgəməzdi. AzTV-nin ədəbi-dram verilişlərinin baş redaktoru bizə hər zaman qayğıkeşliyi ilə fərqlənərdi. Bütün bilik və təcrübəsini gənclərə həvəslə öyrətməsi ilə yaddaşlarda dərin iz qoyub getdi.

Sakit və mülayim xarakterə malik olmasına baxmayaraq qəlbi vətən sevgisi ilə döyünərdi. Onun “Qalx, qalx ulu bayraq!”  adı ilə məşhur olan nəzmi çox şöhrət qazanmışdı, bu mahnı onun vətənə, torpağa, bayrağımıza dərin məhəbbət simvoluna çevrilmişdi.


HƏYATDAN NAHİD MÜƏLİM KÖÇDÜ


Hər zaman mötəbər tədbirlərdə çıxışlarında hamıya cansağlığı diləyən bir insan öz sağlığını qoruya bilmədi. O yeyib-içməyi çox xoşlayardı, həmişə şənliklərdə fəal iştirak edərdi. Süfrəyə düzülmüş xörəklər arasında ən çox doğulduğu Gədəbəy torpağının məhsulu olan kartof qızartmasına üstünlük verərdi, deyib-gülən, nikbin bir insan idi. Həyatdan tez getdi, amma nə qədər zəngin irs qoyub getdi.


HƏYATDAN NAHİD MÜƏLLİM KÖÇDÜ


Ürəklərə dağ çəkdi. Axı, o yaşamalı, aktiv yaradıcılıq irsini zənginləşdirməli idi. Bu irs bizə, hər birimizə işıq tutmalı idi. Ondan öyrənmək, ondan dərs almaq hamıya lazım idi: həyatda özümüzü tapmaq üçün. Neyləyəsən ki, o böyük insanı qoruya bilmədik. O bizə çox gərəkli idi, hər birimizin yoluna yaşıl işıq  yandırardı. Bir daha təkrar edirəm ki, çıxışlarında hamıya möhkəm cansağlığı diləyən müdrik insanı qoruya bilmədik. Onun həyatdan getməsi bizim ağır itkimiz oldu. Allah ona qəni-qəni rəhmət eləsin, torpağı nurla dolsun. Minlərcə könüldə uzun illər yaşayacaq Nahid müəllim!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv