01 mart 2020 | Ana Səhifə - Yazılar
Bazar günləri

İbrahim Nəbioğlu


Ali məktəbi tətbiqi riyaziyyat ixtisası ilə bitirdiyimdə informasiya texnologiyaları yeni-yeni ortaya çıxırdı. Məni təyinatla Neftayırma zavodlarından birinin İnformasiya-Hesablama Mərkəzinə göndərdilər. Ancaq Mərkəzin direktoru Novruz A. qırmızı diplomlu gənc mütəxəssisi yanında görmək istəmədi. Ətrafı tamamən ermənilərdən ibarətdi - katibəsi, kompüter şöbəsinin müdiri, baş müsahibi və bir neçə aparıcı mütəxəssis mənfur millətin nümayəndələri idilər. İşə başladığımdan bir ay sonra N.A. məni yanına çağırıb "Sən bizə istehsalatda lazımsan" dedi. Bu, məni zavodun ən önəmli və ən çətin bölümlərindən birinə - ELOU-AVT-yə sürgün etmək demək idi.

21 yaşında idim, başımdakı "yüyənsiz xəyallarla" ikinövbəli işə başladım. 12 saat gündüz, 12 saat gecə işləyib 2 gün də dincəlirdim. İşim ELOU-AVT-nin texnoloji prosesinə nəzarət etməkdən ibarət idi. Guya kompüterlə mürəkkəb neftayırma prosesini həyata keçirəcəkdik. Təbii ki, Sovetin kompüterləri Sovetin texnoloji prosesini idarə-filan etmirdi, hər şey yenə də fədakar fəhlələrin nəzarətində, onların qabarlı əllərində idi. Balaca kompüter isə "göz boyamaqdan" başqa bir şey deyildi. Mən o ortama təsadüfən düşmüş, birilərinin ambisiyaları onlara elmi, maddi dividentlər gətirir, olan isə yenə əlləri qabar fəhlə sinfinə olurdu. Bu zəhmətkeş insanlar min bir zülümlə çalışır, plan doldurur, həyat uğrunda mübarizə aparırdılar. Hesablama Mərkəzindəki uşaqlar ayda 120, mən isə gecə "smenlərinə" görə 175 rubl maaş alırdım (Aradakı 55 rubl o dövr üçün ciddi fərq idi).

İş qrafikimi elə qurmağa başladım ki, növbələrim bazar gününə düşsün. Sevirdim bazar günləri çalışmağı. Digər üç "smenşikim" bazar günləri evdə olmaq üçün dəridən-qabıqdan çıxırdılar, ancaq mən bazar günü saat 12-yə qədər yatıb, avaralanmaqdan xoşlanmırdım. Gecə-gündüz oxuyur, öyrənir, boş vaxtlarımda Axundov kitabxanasından çıxmırdım. "Smen"də isə öyrəndiklərimi fəhlə dostlarımla bölüşürdüm. İndiyə qədər oxuduqlarımın yarısını məhz 3 illik o "sürgün" həyatımda bitirmişəm. ELOU-AVT-də çalışan fəhlələr məni sevirdilər. Orada üstü-başı təmiz yeganə adam məndim, ancaq özümü "qara fəhləlik" edən iş yoldaşlarımdan ayırmırdım, yeməyi onlarla yeyir, uzun qış gecələri sabaha qədər söhbətləşir, oxuduqlarımı müzakirəyə açırdım. Mənə "uçitel" deyirdilər…

İndi o gənclik illərimdən 30 ildən çox vaxt keçib, bazar günləri günortaya qədər yatdığımı isə heç xatırlamıram. Bədənimi, beynimi elə alışdırmışam ki, gecələr ən çox 7-8 saat yatıram. Bazar günləri belə erkəndən qalxıb, nəsə faydalı bir işlə məşğul olmağa çalışıram. Sevirəm bazar günləri çalışmağı.

2019, bir bazar günü

 

SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?