21mart | Ana Səhifə - Yazılar - “Ya Əbülfəz!”
“Ya Əbülfəz!”

Fazil Mustafa

Azərbaycanın bölgələrinin birində kəndin çıxışında bir yük maşını palçıqlı torpağa batır və sürücü mühərriki nə qədər işə salmağa çalışırsa faydası olmur, maşın palçıqdan çıxa bilmir. Əlacsız qalıb yaxınlıqdakı tarlada çalışan kişili-qadınlı on beşə yaxın sayda həmkəndlisini səsləyir ki, gəlib yardım etsinlər. Adamlar öz yardım əlini uzatmaq üçün gəlib hərəsi maşının bir yerindən yapışıb onu irəli doğru itələməyə çalışırlar. Hər dəfə də mühərrikin işə düşməsi ilə itələmə anı başlayan kimi, insanlar "Ya Əbülfəz!" deyib bütün güclərini maşının əlləri ilə yapışdıqları hissəsinə yönəldib aramsız cəhdlər edirlər. Haradasa yarım saat əlləşmələrinə rəğmən maşını palçıqdan çıxarmaq mümkün olmur. Bu zaman yaxından öz "Jiquli"si ilə keçən bir malokan kənçi əyləci basıb yolun kənarında saxlayır. Maşınından düşüb bir neçə dəqiqə müşahidə edir ki, adamlar hər dəfə "Ya Əbülfəz!" deyib eyni hərəkətləri təkrarlayırlar, lakin yük maşınını çıxarmağa gücləri çatmır. Durduğu yerdən hamının eşidəcəyi səslə deyir ki, "ay camaat, bu məsələdə sizə Əbülfəz kömək etməyəcək, sizə traktor lazımdır. Belə maşını bu cür palçıqdan ancaq traktor çıxara bilər".

İndi İrandakı durumu hər dəfə informasiya məkanından daha həyəcanla və ürək ağrısı ilə seyr edərkən bu modern priçta yadıma düşdü. Bir qisim insan deyir ki, bütün bunlar vaxtında ziyarətgahların qapanmamasından baş verdi. Digəri Qum şəhərində vaqeə baş verdiyində, həmin şəhərin qarantin altına alınmadığını səbəb olaraq göstərir. Başqası Novruz bayramında evdə oturmaq əvəzinə bir-birini ziyarət etmənin intensivləşməsinin təsirini qabardır. Ancaq başqa bir ağlabatan versiya da budur ki, İran sanksiya şəraitində yaşadığına görə ümid yeri kimi baxdığı Çinlə əlaqəsini orada virus fəlakəti baş qaldırdığında belə kəsməyə risq etmədi. Hətta dövlət təşviqedici addımlar da atdı ki, Çində ucuzlaşan malları iş adamları daşıyıb İrana gətirsinlər. Həm adamlar, həm də mallar vasitəsilə yaranan təmas İranın bu prosesə daha ağır şəkildə bulaşmasına səbəb oldu. Geçikərək alınan tədbirlər isə öz sözünü çox sayda insan itkilərində söylədi. Üzücüdir, ağırdır, ancaq həm də nəticə olaraq bizim də ibrət götürməli olduğumuz durumdur. O yetim malokanın vaxtilə söylədiyi kimi, hansısa şəraitdə traktor lazım olanda "Əbülfəz"in köməyinə üz tutmamaq üçün ölkəmizdə tibb mütəxəssislərinin, tədqiqatçı alimlərin yetişməyinə ayrıca diqqət ayırmalıyıq. Televiziyalar şikayətlənirlər ki, virisla, mikrobiologiya ilə bağlı sahələrin yetkin mütəxəssislərini tapıb efirə çıxarmaq müşkül məsələdir. Yenə də o fikirdəyəm ki, bu hadisələr sovuşandan sonra xaricdən azərbaycanlı, türkiyəli, alman, amerikan, yəhudi və başqa mütəxəssiləri dəvət edərək tibb təhsilinə yönəlik ciddiyyəti artırmalıyıq. Savadsız adam həkim ola bilməməlidir. Yetkin savada malik tibb bacı və qardaşlarının yetişdirilməsinə imkan yaradılmalı və vəsait xərclənməlidir.

Xatırlayıram ki, olimpiadada yarışlara qatılan iranlı ağırlıqqaldıranlar da, ştanqı qaldırmadan öncə "Ya Əbülfəz!" deyib hərəkətə keçirlər. Bunun bir inanc və motivasiya olmasına üzərində hansısa mübaisə açmaq fikrində deyiləm, ancaq birinci növbədə hər işin elmi-texniki mahiyyətini öyrənməyə çalışmalıyıq ki, indi qarşılaşdığımız təhlükəli durumlarda rasional düşünə bilək. Bu baş verənlər bizim üçün həm də bir düşüncə testidir. Yeni dünya düzəninə hazırlığımızı yoxlayırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv