03İyul | Ana Səhifə - Yazılar - Şamaxının Şikarovlar nəsli...
Şamaxının Şikarovlar nəsli...

Aida Eyvazlı

YAP-ın Pirallahı rayon təşkilatının sədri Hikmət Məzi oğlu Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavin təyin olundu.

Mən müqəddəs Şamaxı torpağındanam. Son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şamaxını dünyanın Mədəniyyət Mərkəzi eləmək üçün var qüvvəsini əsirgəmir. Çünki, cənab prezident yaxşı bilir ki, Şamaxıda Azərbaycan tarixinin daş yaddaşı var. Şamaxı elmin, mədəniyyətin, sufiliyin beşiyi olub. 2500 il bundan əvvəl dünyanın ipək yolu buradan keçib. Bu torpağın yetirdiyi tarixi şəxsiyyətlər öz bilikləri, ədəbi varlıqları ilə Müsəlman Şərqinin tarixini yaradıblar. İllər qərinələri, qərinələr əsrləri əvəz edib. Gözəl ənənələr evdən-evə, kəndən-məhəlləyə, məhəllədən nəsillərə ötürülüb. Müqəddəs Baba Dağının ətəyində yerləşən bu Müqəddəs diyara hər zaman Müqəddəs ruhlar keşik çəkib. Şamaxının ağa-bəyimləri mənəvi və tarixi yaddaşı nəsildən-nəsilə ötürüblər.

Elimizin-obamızın tarixi yaddaşını yaşadan nəsillərdən biri də Sarı Torpaqdan olan Şikarovlar nəslidir. Ulu babaları Qara Şıx, Hacı Alı Əfəndi Sarı Torpaqda hər kəsin ümid, pənah yeri olublar. Tanrı bu nəslə şıxlıq verib. Tanrı öz seçdiyini özü ən gözəl tanır. Şıxlığı, övliyalığı hər nəslə verməz.

Çox uzağa getməyəcəm. Yaxın tariximizdə Şikarovların babalarının bu el, bu camaat üçün gördükləri bir-iki savab əməli sadalayacağam. Daşqın Şikarov, Hikmət Şikarov və Nəsimi Şikarovun babaları Heybət və Abasəli Şikarovlar 1941-1945-ci il muharibəsində həlak olanlara, Qarabağ şəhidi olan Elşən Firudin oglu Huseynova öz vəsaitləri hesabına Təklə kəndində abidə ucaldıblar. Təklə, Cuxanlı, Mərzingəli, Udlu, Ərciman kəndlərində məktəb tikdiriblər. Təklə kəndinə su cəkdiriblər. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Azərbaycan SSR Müəllimlərinin I Qurultayında belə bir cümlə işlətmişdi:
“Deyirlər belə bir məktəb var – Leninabad məktəbi, direktoru Şikarov”.
Dahi Heydər Əliyevin Qurultayda Heybət Şikarovun adını çəkməsi onun fəaliyyətinə diqqət göstərməsi demək idi. Və ulu öndərin məhz bu sözlərindən sonra Heybət müəllim SSRİ Ümumittifaq Müəllimlərinin I Qurultayına nümayəndə seçildi, ona “Qabaqcıl maarif xadimi” Fəxri adı verildi, həmçinin Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edildi.

Şikarovlar nəslinin digər bir oğlu bu vətən uğrunda canından keçib: Şikarov Şikar Şükür oğlu 13 iyun  1992-ci ildə Ağdərədə Vətən müharibəsində həlak olub. Həlak olanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini idi. Hazırda Azərbaycanın Milli Qəhrəmanıdır. Şikarovlar nəsli bu Vətən yolunda çalışmağı, döyüşməyi və qurmağı özlərinə şərəf bilirlər.
Hikmət Şikarov da babalarından qalma ənənələri davam etdirib. O, Mərzəndiyyə və Təklə kəndlərində məscid tikdirib. Əfqanıstan və Qarabağ döyüşlərində iştirak edib, bu döyüşlərdə göstərdiyi şücaətə görə SSRİ rəhbərliyi və Azərbaycan dövləti tərəfindən medallarla təltif olunub. Şikarov Məzinin digər oğlu Daşqın Şikarovu isə biz hamımız Azərbaycan diplomatiyasında şərəfli bir diplomat kimi tanıyırıq. Evin digər oğlu Nəsimi Şikarov isə Qazaxıstan Respublikasındakı səfirliyimizdə DİN-in xüsusi nümayəndəsidir.

Vətənə bütün namusu və qeyrərti ilə xidmət göstərən hər kəs mükafatsız qalmayacaq. Əvvəl Tanrıdan sonra isə xalqından mükafatını alacaq.

Biz inanırıq ki, Şamaxının qədim tarixinin özünə qaytarılması, 1000 il bundan əvvəl bu torpaqda olan tariximizi dünyaya çatdırmaq üçün Hikmət Şikarov və Şamaxı şəhərinin icra başçısı Tahir Məmmədov əl-ələ verib, cənab prezdidentin onların qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklər. Bizim bir xalq kimi o zaman tarixdə qalıb yaşamağa haqqımız var ki, milli mədəni abidələrimizə və tariximizə sahib çıxaq. Cənab prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Şirvandakı Müqəddəs ocaqlara qədim simalarını qaytarmaqla, həm də tariximizə və milli dəyərlərimizə sahib çıxırlar.
Atam bütün dualarını belə başlayıb, belə bitirərdi: Şirvanda Şıxlar, Dərbənddə qırxlar köməyiniz olsun!
Bəli, bu Vətəni göz bəbəyi kimi qoruyanlara Şıxların ruhu Tanrı dərgahında hər zaman yol göstərəcək. Yolunuz Nurla dolsun!!!