Modern.az

Ailə qayğısından məhrum günahsızlar...

Ailə qayğısından məhrum günahsızlar...

9 Oktyabr 2009, 19:26

                                                          

II yazı

Hazırda Azərbaycanda dövlət himayəsində yaşayan hər bir uşağın saxlanmasına  gündəlik 3 manat 20 qəpik, ayda 100 manat vəsait xərclənir. Bura yemək, geyim və təhsil xərcəri daxildir. Həmin vəsaiti ailəyə yönəltməklə uşağı ailəyə vermək mümkündür. Bəs, görəsən bunun həyata keçirilməsini mümkünsüz edən nədir?

«Ən çətini əlil uşaqların ailələrə verilməsidir»

Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovun qənaətinə görə, indiyədək internat evlərində böyüyən uşaqların bioloji və alternativ ailələrə verilməsi bu işi həyata keçirmək üçün mexanizmlərin hazır olmaması ilə bağlıdır: «Təhsil Nazirliyi uşaqların bioloji və alternativ ailələrə verilmə mexanizmlərinin bu ilin sonunadək hazır olacağını bildirir. Bundan sonra iki illik pilot praqram həyata keçirilməsi nəzərdə tutulub. Bununla da müəyyənləşdirilmiş sayda uşaqların ailələrə qaytarılması həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu gün 5000-dək uşağın bioloji ailəsi yoxdur. İkinci mərhələdə isə həmin uşaqların üçüncü ailələrə verilməsi məsələsinə baxılacaq. Bu isə bir qədər çətin prosesdir. Həmin alternativ ailələrin tapılması, məlumat bazalarının yaradılması, onlar üçün təlimlərin keçirilməsi bir qədər vaxt aparacaq. Ən çətin məsələ isə əlilliyi olan uşaqların ailələrə verilməsidir».

Ölkədə kifayət qədər xəstə uşağın yaşadığı internatlar da var. Çox vaxt əqli və fiziki cəhətdən qüsurlu olan belə uşaqlara heç doğma valideynləri yiyə durmaq istəmir. Yəqin ki, «üçüncü ailə»lərin bu uşaqları qəbul etməsi də çox çətin başa gələr. N.Seyidovun qənaətinə görə, bu məqsədlə dövlət diferensiallaşma metodundan istifadə edə bilər. Yəni, xəstə uşağı himayəyə götürən ailələrə daha böyük həcmdə vəsait ayrıla bilər.

N.Seyidov uşaqların ailələrə verilməsində qəyyumluq komissiyalarının xüsusi nəzarət həyata keçirməsini vacib sayır. Həqiqətən də ola bilər ki, bir ailə müraciət edib, üç uşağı öz himayəsinə götürə və dövlətdən külli miqdarda vəsait ala bilər. Amma bu ailə uşaqların maraqlarını təmin etməz və aldığı pulu istədiyi kimi xərcləyər. Eyni sözləri imkansızlıq ucbatından öz uşağını internata verən bəzi valideynlərə də şamil etmək mümkündür. Heç kim təminat verə bilməz ki, ata bu pulu uşağa xərcləmək əvəzinə, özünə maşın almayacaq. 

Azərbaycanda da «süni ailələr» yaradılıb Dünyanın əksər ölkələrində isə internatlar ləğv olunandan sonra oradakı uşaqları «üçüncü ailə»lərə verirlər. Bu uşağa qohum ya da tamamilə yad ailə sahib çıxa bilər. Dövlət həmin ailəyə müvafiq miqdarda maliyyə vəsaiti ayırır, nəticədə yetikinlik yaşına çatana qədər uşağa qayğı göstərilir. Bundan başqa, internatların yerində ailə şəhərcikləri də yaratmaq olar. Belə şəhərciklərdə yaradılan evlərin hər birində 3-5 kimsəsiz uşaq olmaqla «süni ailə»lər yaşayır. Bu cür ailələrdə adətən, bir valideyn - ana olur. Xüsusi yolla seçilən «ana»lar öz ömrünü kimsəsiz uşaqlardan qurulan ailəyə həsr etməyə söz verir. Dövlət hər ay ailənin bütün xərclərini ödəyəcək qədər məbləği həmin qadına verir. Bu qadın isə ay ərzində ailə üçün aldığı ərzaq və sənaye məhsullarının, xidmət haqlarının məbləğini əks etdirən çekləri xüsusi idarəyə təhvil verir. Hazırda Azərbaycanda da «süni ailələr» yaradılıb.  «SOS Uşaq Kəndləri- Azərbaycan» Assosiasiyasından aldığımız məlumata görə, həmin ailələrin hər birində 5-6 uşaq saxlanılır. Bu ailələrdəki «tərbiyəçi analar» xüsusi kriteriyalara əsasən seçilir. Həmin anaların həftədə bir dəfə istirahət günü, ildə bir dəfə isə əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət hüququ var. Qurumdan bildirirlər ki, yaradılan «süni ailələr»də uşaqlar özlərini internat məktəblərindəkindən daha yaxşı hiss edirlər.

Himayədar ailələr Təhsil Nazirliyi tərəfindən hazırlanan mexanizmlərdə isə uşaqların himayədar ailələrə verilməsindən söhbət gedir. Müvafiq qanunvericilikdə də himayədar ailələrin yaradılması məsələsi öz əksini tapıb.  Amma himayədar ailələrin yaradılması, inkişaf etdirilməsi, fəaliyyətinin tənzimlənməsi, onlara verilən uşaqların aqibəti və vəziyyətinin qiymətləndirilməsi indiyədək qənaətbəxş  səviyyədə olmayıb.

Təhsil Nazirliyinin əməkdaşı Əlvan Səfərovun sözlərinə görə, proqramın icrası üşün mövcud qanunvericilik stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləşdirilib. Təkliflərin hazırlanması, uşaqların verildiyi ailələrin stimullaşdırılması, onlara maliyyə dəstəyinin verilməsi, ailədə belə uşaqlara ayrılmış vəsaitin xərclənməsinin monitorinqi mexanizminin hazırlanması istiqamətində iş aparılıb. Təhsil Nazirliyin saytında indiyədək 300 uşağın ailələrə verildiyi bildirilir. Həmin ailələrin müavinət alıb-almadığı haqda isə heç bir məlumat yoxdur. Yalnız ötən ayın sonunda proqram çərçivəsində  Bilgəh və Şüvəlan qəsəbələrində yerləşən 11 nömrəli xüsusi internat məktəbinin, Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində yaradılan günərzi inkişaf və reabilitasiya mərkəzlərinin açılış oldu. Mərkəzlərə Əzizbəyov və Sabunçu rayonu ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanlar məhdud olan uşaqlar cəlb ediləcək. Əzizbəyov rayonu ərazisindəki mərkəz 40 nəfər, Sabunçu rayonu ərazisindəki mərkəz isə 70 nəfər məktəbəqədər və məktəbyaşlı, sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Mərkəzlərdə psixoloq, loqoped, inkişaf terapiyası xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Gün ərzində 10-12 saat fəaliyyət göstərəcək mərkəzlərdə fərdi qayğı planına müvafiq olaraq uşaqla iş aparılacağı nəzərdə tutulur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə proqramın icrası ilə bağlı Koordinasiya Şurasının yaradıldığı və iş mexanizminin müəyyənləşdiyi bildirilir.  Amma Koordinasiya Şurasının fəaliyyətinin konkret nədən ibarət olduğu və layihənin təqribən neçə faizinin reallaşdığı ilə bağlı məlumat verilmir. 

Araşdırmalar isə  göstərir ki, hələ də respublikamızda uşaqların ailələrə verilməsi himayədarlıq nöqteyi- nəzərdən deyil, qəyyumluq nöqteyi-nəzərdən aparılır. Dövlət  Proqramına uyğun olaraq uşaqların himayədarlığa verilməsi isə hələ ki mümkün olmayıb.

 

«İnternatdan kənardakı həyat mənə dözülməz gəlir» 

Hazırda internat evlərində yaşamaq məcburiyyətində qalan uşaqların daha bir ağrılı problemi internatlarda yaşamaq yaşı tamam olduqdan sonra taleyin ümidinə buraxılmaları ilə bağlıdır.  Belə ki internatda böyüyən uşaqların bir hissəsi hətta təhsilini başa vurmadan oranı tərk edir. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, hazırda küçə həyatı yaşayan uşaqların təxminən 10-12 faizi internat evlərindən qaçanlardır: «Onlar internatlardan qaçıb küçədə yaşamalarını küçə həyatının daha azad olması ilə izah edirlər. Küçə həyatı yaşayan uşaqları isə daha böyük təhlükələr gözləyir. Əgər əvvəllər uşaqlar fiziki əmək sərf edərək küçələrdə işləyib vəsait əldə edirdilərsə, indi onların sayı azalıb. Küçələrdəki uşaqlar hazırda daha çox cinsi xidmətlər göstərirlər. 2007-ci ildə istismara məruz qalan 270 uşaq aşkarlanmışdı. Artıq bu rəqəm 405-ə çatıb».

Binə Ticarət Mərkəzində yük daşımaqla məşğul olan 15 yaşlı Habil Əsgərov artıq 2 ildir internat evindən qaçıb: «İnternat həyatı məni bezdirmişdi. Onsuz da yaşım tamam olanda bizi çıxarıb kənara atırlar. Fikirləşdim ki, elə indidən çıxıb özümə gün ağlaya bilərəm. Bir müddət dəmiryolu vağzalında və Yaşıl bazarda yük daşıdım. Sonradan isə orada tanış olduğum uşaqlarla birgə Binə ticarət mərkəzinə gəldik».

Qızlar qadın alverçilərinin qurbanı ola bilərlər 

Bu gün internatı bitirən uşaqlar arasında ali məktəblərə və texniki peşə məktəblərinə girən şəxslərin sayı azdır. Çünki internatlarda verilən təhsil orta məktəblərdə verilən təhsilə bərabərdir. Onların isə repititorlarla hazırlaşmaq imkanları məhduddur.  Bu səbəbdən internatdan çıxdıqdan sonra çoxsaylı problemlərlə üzləşən gənclərin bəzilərini cinayətkar və dini qruplar öz təsirləri altına alır. Psixoloqların qənaətinə görə, internat həyatı azyaşlıların psixologityasına mənfi təsir göstərir.  Nəticədə uşaqların həyata baxışlarında və xarakterində mənfi çalarlar özünü biruzə verir.  Belə uşaqlar ailələrdə böyüyən uşaqlara nisbətən konfliktlərə daha tez qoşulur, pis vərdişlərə meyllənir, hətta qəddar olurlar. Yaşadıqları ağrılı həyat onlara özlərini müdafiə etmək hissi yaratdığından belə şəxslər özlərini tək hiss edir, heç kimə güvənməməyə çalışır, qapalı olurlar. Çətinliklərdən xilas yolunu axtaran həmin gənclərə verilən istənilən vədlər onlara inandırıcı görünür. Buna görə də başlarına sonradan nə gələcəyini düşünmədən həmin birliklərə qoşula bilirlər. 

 «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın qənaətinə görə, uşaq evlərindəki qızların taleyi daha çox narahatlıq doğurur: "Çünki cavan qızların başına gələn faciələrin çoxu evsizlikdən və işsizlikdən baş verir. Uşaq evlərindən çıxan kimsəsizlər  təhsillərini davam etdirmək istədikdə belə, sonradan yarımçıq buraxmalı olurlar. Belə olan halda qız və ya oğlan əlavə qazanc axtarmalı olur. Tapa bilmədikdə isə onu  cinayətkar qruplar öz dairəsinə asanlıqla çəkir. Bu uşaqlar narkotika alverçilərinin toruna düşə, dilənçiliyə, oğurluğa cəlb edilə bilərlər. Qızların isə qadın alverçilərinin qurbanına çevrilmək qorxusu daha çoxdur”.

İstənilən cəmiyyətdə qadınla uşağa göstərilən qayğının dərəcəsinə görə, mədəniyyətin səviyyəsi haqqında fikir söyləmək olar. Bu gün Azərbaycanda bu sahədə vəziyyət acınacaqlıdır. V.Hüqonun sözləri ilə desək, körpəlikdən valideyinlərinin təpiklə vurub həyata atdıqları günahsız uşaqlar, ikinci zərbəni də cəmiyyətdən almalı olur. Bu, həm də gələcək nəslin problemidir. Küçəyə buraxılan uşaqdan heç bir şəxsiyyət formalaşa bilməz. Demək sabah onların içindən insan alveri qurbanları, cinayətkarlar, “bomj”lar çıxsa təəccüblənməməliyik.

 

Teymur MİRZƏYEV

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi