03Sentyabr | Ana Səhifə - Yazılar - “Lomlanmış” kitablar - əxlaqsız xalq
“Lomlanmış” kitablar - əxlaqsız xalq

Firuz Mustafa


Ədəbiyyatı sevən bir tanışımın danışdığı əhvalatdır:
 

- Dostlarımızdan birinin evində onun ad gününə toplaşmışdıq. Toplaşdığımız iri otağın bir divarı üst-üstə düzülmüş səliqəli kitab rəfləri ilə dolu idi. O vaxt talonla aldığımız nadir kitabların çoxu indi bəzəkli rəflərdə yan-yana düzülmüşdü. İlahi, burada hansı klassiklər yox idi... Mən uşaqlıqdan kitabın, mütaliənin dəlisiyəm. Həsədlə kitablara baxırdım. Deyəsən dostum bunu duyub bığaltı gülümsədi. Soruşdum ki, filan kitaba baxa bilərəmmi?
O, gülüb dedi:

- Əgər baxa bilsən, bax...

Onun müəmmalı danışığından heç nə başa düşməsəm də əlimi uzadıb indi adını unutduğum dahilərdən birisinin samballı kitabını rəfdən götürmək istədim. Nə qədər dartdımsa kitab rəfdən “qopmadı”. Əlimi yaxınlıqdakı digər cildə uzatdım. Yenə həmin mənzərə... Növbəti cəhdlərim də baş tutmadı. Sanki kitabların hamısı rəflərə qaynaq olunmuşdu.

Dostum gülərək qolumdan tutub dedi:

- Bura bax, özünü çox yorma. Onsuz da kitabların heç birini rəfdən götürə bilməyəcəksən...

Təəccüblə çiynimi çəkdim. Ta heç nə soruşmadım.
Yeyib-içmək məclisi başa çatandan sonra süfrəyə çay gəldi. Az qala kitab məsələsini unutmuşdum. Amma dostumun yaddaşı möhkəm imiş. O, üzünü mənə tutub soruşdu:

- Sən bildinmi bayaq əl atdığın o kitablar rəfdən niyə “qopmadı”?

Mən dedim:

- Yox, haradan bilim ki?

O, gülüb cavab verdi:

- İndi mən bunun səbəbini, daha doğrusu sirrini deyim, sən də bil. Məsələ burasındadır ki, mən bu evi elə bu kitablarla birgə almışam.

Çiynimi çəkib matdım-matdım dostumun üzünə baxdım, yəni “nə olsun ki?”

- Evin sahibi imkanlı adam olubmuş. O, rəhmətə gedəndən sonra ailə üzvləri bu mənzili həyət evinə dəyişmək istəyirdilər. Mənim evim bağ-bağçalı idi. Danışıb razılaşdıq. Ortalığa köçmək məsələsi gələndə belə məlum oldu ki, kitablar yerində qalacaq... Yəni onlara əl vurmaq olmaz. Sən demə, evin sahibi vaxtilə rəflərə düzdüyü bütün kitabları düz ortasından burğu ilə deşdirib və açılan deşiklərdən də iri bir lom keçirdib. “Lomlanmış” kitabların ucları isə rəflərin kənarlarına bərkidilib. O kitablar daimi eksponat kimi rəflərə pərçimlənib qalmaqdadır...
Hamı güldü... Əslində isə vəziyyət gülməli yox, ağlamalı idi...

...Dostumun söhbətini eşidib heyrətə gəldim. İlk dəfə idi ki, “lomlanmış” kitablar haqda məlumat eşidirdim. Əslində bu kitablar vaxtilə bu rəflərə yəqin ki, dəb, “bəzək” xatirinə düzülübmüş.
İndi düşünürəm ki, əslində həmin kitablar rəflərdə öz məhbəs, morq və ya xəstəxana həyatı yaşamaqdadır. Zatən oxunmayan kitaba ta başqa hası ad vermək olar?


P.S. Söhbətin bu yerində uzun illər bundan öncə qələ aldığım “Köhnə kitablara elegiya” adlı hekayəmi xatırladım. O yazıda kitablara tutulan başqa bir divandan, özgə bir faciədən söhbət açmışdım.


P.P.S. Qısası, kitabsız xalq-əxlaqsız xalqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv