Modern.az

Azərbaycan Prezidenti İordaniya kralı ilə görüşüb

Azərbaycan Prezidenti İordaniya kralı ilə görüşüb

12 Oktyabr 2009, 19:38

Oktyabrın 12-də İordaniyaya səfərə gedən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ölkənin paytaxtı Əmmanda Kral II Abdullah və xanımı Raniyə ilə görüşüblər. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdəki əlaqələr müzakirə olunub.
Dövlət başçıları yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini qeyd edib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər. Sonra prezidentlərin iştirakı ilə geniş tərkibdə görüş olub. Görüşdə Kral II Abdullah Azərbaycanla İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
İordaniya dövlətinin başçısı ölkəsinin Azərbaycanla əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd edib. Prezident İ. Əliyev ölkələr arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını bildirib.
Dövlət başçısı İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib, səfər zamanı imzalanacaq sənədlərin əlaqələrin möhkəmlənməsinə əlavə imkanlar açacağını söyləyib.
İki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən prezident İ. Əliyev bu baxımdan hökumətlərarası iqtisadi komissiyasının işinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın dövlət başçısı səfər çərçivəsində həyata keçiriləcək konkret layihələrlə bağlı faydalı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İordaniyanın baş naziri Nader Dəhəbi ilə görüşüb.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi