Modern.az

Belarus və Azərbaycan Milli məclisləri arasında əməkdaşlıq sazişi imzalanıb

 Belarus və Azərbaycan Milli məclisləri arasında əməkdaşlıq sazişi imzalanıb

12 Oktyabr 2009, 17:23

Oktyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Belarus Respublikasına rəsmi səfər edib.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 12-də Belarusun paytaxtı Minsk şəhərinə gəlib. Elə həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb, bildirib ki, Azərbaycan Belarus Respublikası ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir.
İki dpvlət arasında diplomatik əlaqələrin 1993-cü ildən başladığını  bildirən O.Əsədov deyib ki,  hər iki ölkədə səfirliklərin fəaliyyət göstərməsi Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir. 
Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün böyük potensial imkanlar mövcuddur. 2008-ci ildə Azərbaycanla Belarus arasında mal dövriyyəsi təxminən 95 milyon ABŞ dolları həcmində olub. Energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunikasiya, digər sənaye sahələri üzrə əməkdaşlığın bütün imkanlarından istifadə olunması hər iki ölkənin xalqlarının mənafeyinə xidmət edir.
Parlamentlərarası əlaqələrimizin inkişafından danışan Spiker Oqtay Əsədov bu əlaqələrin  dövlətlərarası münasibətlərin dərinləşməsinə böyük töhfə verdiyini söyləyib. Qeyd etdi ki, parlamentlərimiz arasında nəzərdə tutulan Əməkdaşlıq haqqında saziş bu sahədəki hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edəcək.
Belarus prezidenti Aleksandr Lukaşenko da onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Belarus Prezidenti hər iki ölkənin qanunvericilik orqanı arasında imzalanacaq sənədi yüksək dəyərləndirib.
Görüşdə iqtisadi, siyasi, mədəni, parlamentlərarası əlaqələr və həyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oktyabrın 12-də Azərbaycan parlament nümayəndə heyəti Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko ilə görüşüb. Milli Məclisin Sədri Oqtay Əsədov ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlərarası əlaqələrimizin daha da dərinləşməsində yeni mərhələ açacaq və bu əlaqələrin inkişafı Azərbaycanla Belarus arasında fəal siyasi dialoqa öz töhfəsini verəcək. O, qeyd edib ki, Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əməkdaşlıq hələ keçmiş Sovetlər dövründən mövcud olub.
Azərbaycan parlament nümayəndə heyətinin Belarusa səfərini yüksək qiymətləndirən Vladimir Andreyçenko qeyd edib ki, bu cür səfərlər ölkələrarası münasibətlərin inkişafında, xüsusilə parlamentlərarası əlaqələrin daha da dərinləşməsində  mühüm rol oynayır. İqtisadi, siyasi, mədəni və həyatın digər sahələrində yaxşı ikitərəfli əməkdaşlığın mövcud olduğunu deyən Nümayəndələr Palatasının sədri hər iki ölkənin hərtərəfli əməkdaşlıq üçün daha böyük potensiala malik olduğunu vurğulayıb.
Nümayəndə heyətinin növbəti görüşü Belarus Respublikası  Milli Məclisi Respublika Şurasının sədri Boris Batura ilə olub. Bu görüşdən məmnunluğunu ifadə edən Milli Məclisin Sədri Oqtay Əsədov müstəqillik qazandıqdan sonra  ölkələrimiz arasında olan əlaqələrin daha geniş və hərtərəfli  sahədə inkişaf etdiyini diqqətə çatdırıb: "Təsadüfi deyildir ki, bizim Belarusda yaşayan həmvətənlərimiz bu ölkənin ictimai və iqtisadi həyatında fəal iştirak edirlər. Bu baxımdan 2003-cü ilin oktyabrında Minsk şəhərində “Azərbaycan İcması Konqresi” Beynəlxalq  İctimai Birliyinin yaradılması təqdirəlayiq haldır və bu birlik Azərbaycan diasporasını Belarus Respublikasında rəsmi təmsil edir".
Azərbaycan parlament nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirən Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədri Boris Batura parlamentlərimizin arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə iqtisadi, siyasi, mədəni, humanitar, turizm və digər sahələrdə qarşılıqlı maraq doğuran məsələlərə də toxunulub.
Görüşdən sonra Belarus Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq haqqında sazişin imzalanma mərasimi olub. Sənədi Azərbaycan Respublikasının Milli Məclisi adından Sədr Oqtay Əsədov, Belarus Respublikası Milli Məclisi adından Respublika Şurasının Sədri Boris Batura və Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko imzalayıblar.
İmzalanma mərasimindən sonra Milli Məclisin Sədri Oqtay Əsədov, Respublika Şurasının Sədri Boris Batura və Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko mətbuat nümayəndələri önündə çıxış edərək sənədin mahiyyəti və əhəmiyyəti barədə fikirlərini açıqlayıblar. Qeyd olunub ki, saziş ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə, parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək.
Azərbaycan parlament nümayəndə heyətinin Belarus Respublikasında səfəri çərçivəsində həyata keçirilən bütün görüşlərdə və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir