17 Noyabr 2020 | Ana Səhifə - Yazılar
Əsgərə hədiyyəni kim verməlidir...

Elçin Alıoğlu

Kimi əsgərə maşın verir, kimi bahalı telefon alır, kimi başqa hədiyyəni ərmağan edir. Hissləri, istəkləri anlayıram.

Hədiyyə alanı da, hədiyyə verəni də başa düşməyə çalışıram.

Amma bütün bunlar yaxşıdırmı?

Birmənalı olaraq yox.

Fikirlərim ola bilsin xoşagəlməz təsir bağışlasın, lakin hərbçilərə, Vətən müdafiəçilərinə belə "prezent"lər Qarabağın Qurtuluş savaşının ucuzlaşdırılmasıdır.

Əsgərə hədiyyəni yalnız və yalnız Dövlət verə bilər.

Dövlət Vətəndir.

O Vətən ki, vətəndaşını ordu sıralarına çağırır, onu əsgər edir, xidmətlərini də dəyərləndirir.

Vətənin bu missiyasını fərdin öz üzərinə götürməsi ayrı-ayrı hallarda cəmiyyətdə xoş qarşılanan, pozitiv emosiyalar yaradan hadisə olsa da, sonradan acı nəticələr verə bilər.

Çünki kombatant psixologiyasına təkan verəcək.

Fəsadlar artıq var.

İş o yerə çatıb ki, cəbhə xəttinə yaxın mövqelərdən canlı yayıma çıxan əsgər efirdə "Telefon istəyirəm" deyir.

Sonradan "Maşın istəyirəm", "Bağ istəyirəm", "Yaxşı vəzifə istəyirəm" tələbləri olacaq.

Daha sonra isə hədiyyə almamış əsgərdə kiçik də olsa, narazılıq yaranacaq ki, niyə ona verilir, mənə yox – axı eyni döyüşlərdə, eyni səngərlərdə olmuşuq.

Həmin tələblər "Mən orada sizin üçün vuruşdum" sözləri ilə müşayiət edilə bilər.

Qarabağ savaşımızın sonuclarını, əsgərimizi qoruyaq.

Əsgərlərimiz gəncdir, onların psixikası və davranış modelləri tam formalaşmayıb.

Onlar döyüşçülərdir, döyüşdə isə hər an emosiyaların yuxarı ekstremumudur, ölüm-dirim savaşıdır.

Anlayışla qarşılayaq.

Unutmayaq - əsgərin mükafatını vətəndaş yox, Vətən verir.

Ayrı-ayrı vətəndaşlarımızın şəxsi təşəbbüsü təqdirəlayiqdir.

Fəqət ki, belə təşəbbüslərin sosial şəbəkələrdə yayılması, tirajlanması gərək deyil.

Etməyək, lütfən...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?