18 Noyabr 2020 | Ana Səhifə - Yazılar
Küllükdə eşələnənlər...

Qəzənfər Həmidoğlu

Bir həmsədr eyforiyada, ikisi isteriyadadır


Çərşənbə günü Sergey Lavrov Moskvada Maykl Pompeo və Jan-İv Le Drianla bir araya gələcək.


İş-işdən keçəndən sonra ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsini Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın pərdəarxası maraqlandırır.

Oyundankənar qalan ABŞ dövlət katibi ilə Fransa XİN başçısı Parisdən Moskvaya qol-qola gələcəklər. Le Drianla Pompeo çərşənbə axşamı artıq Parisdə bir araya gəliblər və bəyan ediblər ki, "öz həmsədrlik rollarına sadiqdirlər” və Qarabağda atəsin kəsilməsində Rusiyanın rolunu da etiraf edirlər.

Paris və Vaşinqton indi Moskva ilə Dağlıq Qarabağda müharibənin tam dayandırılmasının şərtlərini dəqiqləşdirmək, Türkiyənin razılaşmadakı rolunu öyrənmək istəyirlər.

Maraqlıdır, ABŞ və Avropaya Cənubi Qafqazda sarsıdıcı zərbəni geosiyasi rəqibləri Rusiya vurub, amma Qərbi narazı salan NATO üzrə müttəfiqi Türkiyədir.

10 noyabr üçtərəfli sənədi de-fakto Minsk qrupunu, həmsədrlik institunu basdırdı. Özü də bunu məhz digər həmsədr ölkə - Rusiya etdi.

ABŞ-ın yeni hərbi doktrinasında Rusiya rəsmən düşmən ölkə elan edilib. Putin də başının çarəsinə baxaraq və fürsətdən istifadə edərək ABŞ və Avropa Birliyinin regionda rolunu minimuma endirdi, imiclərinə zərbə vurdu.

İndi Vaşinqton və Paris odu qoyub, külü ilə oynayır, Türkiyənin regionda nüfuzunu artmasından narahat olduqlarını bildirirlər.

Təbii ki, onların qarınağrısı başqadır. Rusiyaya uduzduqlarını etiraf edə bilmirlər. Heç olmasa, NATO adına Türkiyə regiondadır. Bu başqa məsələdir ki, Moskva üçün regionda ABŞ-la müqayisədə Türkiyə dözüləsi rəqibdir.

Əslində, ABŞ üçün Türkiyənin Cənubi Qafqazda olması o anlamda narahatlıq doğurur ki, Ərdoğanla Putin son illərdə bir-birilərinə qarşı oynamırlar. Və Türkiyə ABŞ-ın zəıflədiyi yerlərdə ön plana çıxır. Düzdür, bunun əksini iddia edənlər də var ki, Ankara Moskvanın zəiflədiyi yerlərdə görünməyə başlayıb. Polemika açsaq, dərinlərə enməli olarıq, odur ki, qayıdaq bizim qoyunlara...

Gerçəkdən, ABŞ və Fransa alovu sönmüş Minsk qrupunun küllüklərində eşələnirlər.

Yaxın perspektivdə Qərbin Rusiyadan necə revanş alacağı aydın deyil. Sentyabrın 27-dək olan 28 illik dönəm və ya nəticəsiz danışıqlar prosesi həm də Rusiya ilə Qərbin Cənubi Qafqaz uğrunda nüfuz savaşının elementi idi. Və Putin elə çevik oynadı ki, Rusiya qanunlarını da ayağı altına salıb tapdaladı. Əcaib işdir, RF Federasiya Şurası Rusiya hərbi kontingentinin ölkə sərhədlərindən kənara göndərilməsinə bir həftə sonra geri tarixlə icazə verib. Adamın qanun-manun vecinə deyil..

Bu arada Lavrov Pompeo ilə Le Drianın ayağı Moskvaya dəyməmiş həmkarlarına "privet" göndərib. RF XİN başçısı onlarln açıqlamalarını anlaşılmaz sayır və "həmsədrlərlə həmişə sıx təmasda işlədiklərini" iddia edir. Rusiya anadangəlmə boyunsuzdur, odur ki, tarix onun nəyisə etiraf etdiyinin şahidi olmayıb. İki həmsədr deyir ki, "xəbərsizik", bu hərif isə deyir ki, xəbərləri olub.

Beləliklə bir həmsədr eyforiyada, digər ikisi isteriyadadır.

Bizim onlara mübasibətimiz aydındır: 28 il gözümüzə kül üfürüblər, danışıqlarda tərəf tutublar, imitasiya ilə başımızı qatıblar. İndi də məramları əngəl yaratmaqdlr. Üçü birə, biri heçə dəyməz.

Belə bir fikir var ki, həmsədrlik institutunun saxlanılması, ABŞ və AB-nin balans yaratmaq üçün regionda iştirakı vacibdir. Əslində, bir həmsədr ölkə kimi Rusiyanın sülməramlı missiyası BMT prinsiplərinə ziddir. Digər yandan, hər üç həmsədr ölkənin hər üç paytaxtından üstümüzə hürürlər.

Yəni o it, o da itin dayısı, küyə gedər hamısı...

 

 

SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?